"Azərbaycanda pullu insanlara qarşı paxıllıq var” - Razi Nurullayevlə MÜSAHİBƏ
Milli Məclisin deputatı, Razi Nurullayevə müsahibə üçün müraciət edəndə jurnalist tərəfsizliyini bir kənara qoyub, “sizdən müsahibə almaq istəyirəm, həm də yerliyik. Ən tez nə vaxta uyğun olarsınız?”, deyirəm. Beləcə, müsahibəni daha tez zamana sala biləcəyimi düşünürəm. Elə də olur. Filan vaxt Bakıdayam, həmin gün əlaqə saxlayaq, deyir. Həmin gün səhər işə gedəndə yazıram. Düşünürəm ki, hələ bu gün Bakıya gəlirsə, yəqin növbəti günlərə salarıq. Amma bu dəfə yanılıram. “Bu gün filan saat olar?”, deyir. Hazırlıqsız olsam da, bəli deyirəm.
İlk sualım necə xitab etməyimlə bağlı olur.

- Müsahibə boyu sizə Razi bəy deyə müraciət etməyimi istəyirsiniz, yoxsa Razi müəllim? Bildiyim qədərilə Azərbaycan Dillər Universitetində bir neçə il mühazirə də demisiniz. Ümumiyyətlə, müəllim kimi işləməyən adamlara “müəllim” deyilməsinə necə baxırsınız?
- Bilirsiniz, bu məsələ ilə bağlı bir vaxtlar mənim də fərqli düşüncələrim olub. Hamıya “müəllim” deyilməsini qəbul etməmişəm. Müəllim statusdur, ziyalılıq simvoludur. Ona görə də ucdantutma hər kəsə “müəllim” kimi xitab etmək müəllimin statusuna müəyyən qədər xələl gətirə bilər. Məncə, hər kəsə tutduğu mövqeyə görə müraciət etmək lazımdır.
Azərbaycanda tanımadığınız şəxslərə cinsindən asılı olaraq “bəy”, yaxud “xanım”, deyə müraciət olunur. Amma səmimiyyətdən “bacoğlu”, “əmioğlu”, “xalaoğlu”, deyirlər. Yəqin ki, bu da qəbul olunandır. Amma mənə elə gəlir ki, hər kəsə “bəy”, deyə müraciət olunsa, yaxşı olar. Vəzifəli şəxslərə də “müəllim”, demək qəbul ediləndir.
Başqa dillərdən “cənab” sözünü tərcümə etmişik. Bu söz də bizim dilimizə çox yaddır. Sovet dövründən “müəllim” sözü müəllimlərə və digər ziyalılara deyilib.
Mənə gəlincə, mən, ixtisasca ingilis-fransız dili müəllimiyəm. Yəni, “müəllim”, deyə müraciət edə bilərsiniz.
- Həm də hüquqşünassınız.
- Hüquqşünaslıq təhsili alsam da, bu sahədə təcrübəm olmayıb və hüquqi biliklərimin çox ciddi olduğuna inanmıram. Çünki özünə hüquqşünas demək üçün gərək bu sahədə işləyəsən, təcrübə yığasan. İndi də rəqəmsallaşma dövrüdür. İstənilən bir məsələni internetdən, süni intellektdən tapıb, öyrənmək olur.

- Razi müəllim, bu yaxınlarda uşaqpulu məsələsi ilə bağlı fikirləriniz də müzakirələrə səbəb olmuşdu. Bəlkə də fikirləriniz təhrif olunmuşdu, bilmirəm. Bəs siz həqiqətən necə düşünürsünüz, uşaqpulu hamıya verilməlidir, yoxsa heç kimə? Və yaxud sadəcə sosial kateqoriyadan olan ailələrə?
- Mən, uşaqpulu məsələsinə çox ciddi yanaşmışam. Parlamentdə dəfələrlə bu barədə danışmışam. 2020-ci ildə deputat seçiləndə seçicilərə söz vermişdim ki, bu məsələni gündəmdə saxlayacam. Dediyimi də etdim. Bu məsələni gündəmdə saxlamaq və bununla bağlı danışmaq heç də asan məsələ deyil.
Problem bilirsiniz nədədir? Media yazdığı məqalənin və ya aldığı müsahibənin daha yaxşı oxunması üçün içərisindən elə bir cümləni sərlövhəyə çıxarır ki, uşaqpulunun lehinə danışan adamı da hədəfə çevirir. Artıq üçüncü dəfədir belə bir halla rastlaşıram.
Bir dəfə yazmışdılar ki, guya mən demişəm ki, Qarabağda tikinti aparılır, minalar təmizlənir, ona görə də uşaqpulu verilməsi düzgün deyil. Anlamırlar ki, o söz mənə aid deyil. Hökumət Milli Məclisdə hesabatı zamanı deputatlara deyib ki, Qarabağda quruculuq işləri aparıldığı üçün uşaqpulıunu gündəmə gətirmək düzgün deyil. Bu fikri sərlövhəyə çıxarırlar ki, guya mənim öz şəxsi fikrimdir.
Bir dəfə də belə bir fikri başlığa qoymuşdular, “insanlara 500 manat uşaqpulu verilsə, 1000 manat istəyəcəklər”. Bu, mənim ən sonda dediyim sözdür. Ondan əvvəl demişdim ki, insanları uşaqpulu istəməyə vadar edən ehtiyac içində olmaq, dolana bilməməkdir. Uşaqpulu isə dövlətin verdiyi yardım olacaq. Bu yardımla da normal dolana bilməyəcəklər. Buna görə də insanlara rəqabətli iş yerləri yaratmaq lazımdır ki, yüksək maaş alıb, yaxşı yaşaya bilsin. Əgər insanın işi yoxdursa, ona 500 manat da kifayət etməyəcək. Mən, bu məsələni əsaslandırmağa çalışmışam.
Bu yanlışlıqdan sonra bir az da cəmiyyətdən incidim. İnsanlar bilir ki, bugünə qədər Razi Nurullayev uşaqpulu ilə bağlı mövqeyindən dəyişməyən biridir. Həmişə bu məsələni gündəmə gətirmişəm. Təəssüf ki, indi cəmiyyətdə bir uçurum yaranıb. Yaxşı da desən, pis də desən insanlar qəbul etmirlər, içərisindən mənfi nə isə axtarırlar. Təəssüflər olsun ki, vəzifəli şəxslərdən elə tələblər irəli sürürlər ki, sanki onun əlində möhürü var. Möhürü basıb, imza çəkəndə hər şey həll olunacaq.
Cəmiyyətdə çox ciddi paxıllıq var. Bu psixoloji zərbədir. Bir çox insan sosial mediada qeyri-adi, yalançı, saxtakar, emosiyalarla oyun oynayan bacarığıyla fenomen olub. Onlar bəzi anlarda insanları dövlətə və vəzifəli şəxslərə qarşı qaldıra bilirlər. Bununla bağlı dövlət səviyyəsində addım atılmalıdır.
- Deputatların maaşını da tez-tez müzakirəyə çıxarırlar. Sanki “hamı işləyir, deputatlar qazanır”, düşüncəsi var. Deputatlar heç bir iş görmürlər kimi yanaşırlar. Sizcə, bu niyə belədir?
- Ayrı-ayrı şəxslərin qazancını müzakirə etmək məsələnin həllinə kömək etmir. Əgər cəmiyyətdə doğru-düzgün müzakirə yaradıb məsələni həll etmək istəyiriksə, onda çox məntiqli, sistemli, aydın şəkildə formalaşmış fikirlər səsləndirmək lazımdır. Məsələn, əgər vətəndaşlar problemlərlə bağlı müxtəlif dövlət qurumlarına rəsmi müraciətlər etsələr, imzalar toplasalar, bir sözlə qanuni yollardan istifadə etsələr, hökumət məsələdən xəbərdar olar. Belə olduqda deputat da həmin məsələləri Parlamentdə qaldıra bilir. Amma sadəcə kimisə, kiminsə əməkhaqqını müzakirə etmək heç bir şeyi həll etmir.
Ümumiyyətlə, Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var. Hansısa imkanlı şəxsin başına bədbəxt hadisə gələndə, insanlar ona sevinirlər və qarğış etməyə başlayırlar. Mənə elə gəlir ki, ideoloji boşluqları doldurmaq lazımdır. Cəmiyyətin gözləntilərinə uyğun mövzuları vəzifəli şəxslərin, deputatların dilindən gündəmə çıxarmaq lazımdır.

- Seçildiyiniz bölgədən, İmişlidən sizə ən çox hansı problemlərlə müraciət edirlər?
- İmişli daxil bütün Azərbaycanın problemini yaxşı əməkhaqqı verilən işdə görürəm. İnsanların hər biri iş istəyir. Həmin işdən aldıqları əməkhaqqının da normal yaşamalarına bəs etməsini gözləyirlər. Bu, çox ciddi problemdir. Təəssüf ki, bu məsələdə də kifayət qədər kömək edə bilmirəm. Çünki mənim deputat kimi nə zavodum, nə də fabrikim yoxdur ki, kimlərisə işə götürüm. Bugünə qədər kimdən nə xahiş edə bilərəmsə, o xahişləri də etmişəm. Mənim qohumlarımın da demək olar ki, əksəriyyəti işsizdir. Hərdən məni qınayırlar ki, deputatsan, amma bizə iş tapa bilmirsən. Bəlkə də, haqlıdırlar, bilmirəm.
Seçicilərim içərisində ən çox sahibkarlar, iş qurmaq istəyən şəxslər yanıma gəlir. Azərbaycanda iş qurub, pul qazanmaq çox çətin prosesə çevrilib. İş yeri yaratmaqla bağlı sərbəstlik olmalıdır, librallaşma getməlidir, sahibkarlara kömək edilməlidir. Kiçik və orta sahibkarlıq inkişaf etməlidir ki, bu adamlar da başqalarına iş verə bilsinlər.
Dəfələrlə Parlamentdə də demişəm ki, qərar verməmişdən əvvəl xalqın nümayəndələri ilə görüşmək, onların problemlərini dinləmək lazımdır. Ən azından ölkənin 15-20 regionunda fermerlərlə, sahibkarlarla müzakirələr aparıb, sonra qərar çıxarmaq lazımdır. İqtisadiyyatın inkişafı üçün işin sahibləri ilə görüşlər keçirib, təkliflər almaq və onun əsasında qərarlar qəbul etmək lazımdır.
- İmişlidə bələdiyyə torpaqlarında tikilən evlər var. Orada illərdir qaz yoxdur. Təsəvvür edin, rayonun mərkəzində ev var, amma hələ də orada odun sobası yandırırlar. Bu problemi necə həll etmək olar?
- Qanunsuz, sənədsiz deyilən evlərlə bağlı istifadə olunan qanunun tətbiqini mən doğru hesab etmirəm. Heç bir vətəndaş özbaşına nə ev, nə də obyekt tikib. Ev tikmək üçün nəzərdə tutulan torpaq sahələri o qədər bahadır ki, insanlar ömür boyu çalışsalar da, onu alıb ev tikə bilməzlər. İnsanları qınaya bilmirəm ki, niyə sənədsiz ev alırlar, yaxud bələdiyyə torpağında ev tikirlər. Bizdə belə bir deyim ki, “başım üstündə damım olsun”. Bizdə kirayə yaşamaq mədəniyyəti zəifdir. Çünki kirayəyə pul verməyi də hər kəs çatdıra bilmir. Ona görə də hər kəs istəyir ki, ac qalsa da, ev tikə bilsin. Məhz bu səbəbdən də hər yerdə xaotik evlər inşa olunub. Həmişə deyirəm ki, bələdiyyə torpaqlarında infrastruktur qurulsun, münasib qiymətə satışa qoyulsun ki, vətəndaş da onu alıb, özünə ev tiksin. Vətəndaşı düzgün yönləndirmək aidiyyatı qurumların vəzifəsidir.

Vətəndaş özünə ev tikib və onu sökmək fikri də yoxdur. Haqqı deyək ki, bizim dövlətimiz də ev yıxan deyil. Daha kanalizasiya kollektorunun üzərində tikilibsə, bu başqa məsələ. Amma kiminsə evinin önündən qaz xətti keçirsə, onlara da bu təşkil edilməlidir. Yaxud normal kompensasiya verilməlidir: ya ev verilsin, ya da evinin həcmi məbləğində pul. Hər şeyin qanuni tərəfi var. Ona görə də insanları incitmək lazım deyil.
- Problemlərdən çox danışdıq, bir az da sizdən danışaq. Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz, hobbiləriniz nələrdir? Bir ara idman edərkən görüntülər paylaşırdınız, yenə də idman edirsiniz?

- Səhərlər evdə idman edirəm. Çünki bu tıxaclarla idman zalına getmək mümkün deyil. İmkan olduqca gəzirəm, yeriməyi sevirəm. Oturanda da idman edirəm ki, müəyyən qədər sağlam yaşayım, gümrah qalım. Günümün xeyli hissəsini televiziyada sənədli filmləri və kəndlə bağlı verilişləri izləməyə ayırıram. Telekanalların hər birində yayımlanan kənd verilişlərinə baxıram, mən kənd həyatını ümumilikdə çox sevirəm. Düşünürəm ki, Azərbaycandakı bütün kəndlər barədə proqram hazırlanmalı, verilişlər çəkilməlidir. Çox təəssüf olsun ki, Sovet vaxtı bunlar çəkilməyib. Bizdə arxivləşmə, sənədləşmə çox zəifdir. Qarabağ otuz il işğal altında qaldı. Bizim oralarla bağlı nə qədər materialımız var ki, keçmişə baxa bilək? Azərbaycan Televiziyasının “Az TV” müəyyən görüntüləri var, amma onlar da azdır.
Bundan əlavə günümün bir hissəsini də məlumat oxumağa sərf edirəm. Bir neçə dildə informasiyalarla tanış oluram.

- Bu informasiyalar xəbər xarakterlidir?
- Bəli, əsasən xəbər əhəmiyyətlidir. Dünyada olan prosesləri izləyirəm. Amma Dünya çempionatı başlayandan bəri futbol məni tam məşğul edir.
- Baxa bilirsiniz, hərəsi bir saatdadır?
- Təəssüf ki, saatlarımız üst-üstə düşmədiyinə görə, biz yatan vaxt orada oyun gedir. Amma mən yatmayıb baxıram. Səhərə yaxın olan oyunları izləyə bilməyəndə “İctimai televiziya”da on-on iki dəqiqəlik icmallarına baxıram. Başqa yerlərdən də izləmək istəyirəm, amma təəssüf ki, o ödənişli olduğu üçün yenə də icmala baxmalı oluram (gülümsəyir).
- Bəs musiqi dinləyirsiniz? Gənc müğənnilərdən tanıdıqlarınız, səsini sevdiyiniz kimsə var?
- Bu gün səhər “qəmzələrin oxdur” musiqisinə qulaq asmışam. Demək olar ki, xoşum gələn bütün musiqiləri dinləyirəm. Əsasən lirik mahnılara qulaq asıram.
- Hansı dillərdə?
- Azərbaycan, rus, ingilis, fransız, bəzən də alman və italyan dilində qulaq asıram. Amma alman və italyan dilində dinlədiklərim adətən opera musiqiləri olur. Demək olar ki, hər gün opera musiqiləri dinləməyə vaxt ayırıram.
- Teatrlara, tamaşalara gedirsiniz?
- Əvvəllər, haradasa, iki il əvvələ qədər ayda heç olmasa iki dəfə tamaşaya gedirdim. Xüsusən də Opera və Balet teatrında olurdum. Sonra teatr təmirə bağlandı. Bu da mənim üçün durğunluq dövrü yaratdı. Son iki ayda üç dəfə tamaşaya getmişəm. İstərdim ki, teatra daha çox vaxt ayırım.
Azərbaycanda insanları teatra getməyə sövq etmək lazımdır. Çünki ora elə bir yerdir ki, insanları həm də tərbiyə edə bilər. Kimsə “imkanım yoxdur, gedə bilmirəm”, deyir. Amma imkanı olub gedə bilməyən yüz minlərlə adam var.

- Bəs indiki kino və seriallara, aktyorlara münasibətiniz necədir? Hazırda Azərbaycan kinosunun vəziyyəti sizi qane edirmi?
- Seriallara baxmıram. Bir neçə dəfə baxmağa cəhd etdim, amma sünilik hiss elədim. Məni o qədər də cəlb etmir. Çünki bizim müqayisə imkanımız var. Ən azından Türkiyə və Rusiya serialları ilə özümüzünkünü müqayisə edəndə sanki adama “yapışmır”. Amma düşünürəm ki, bütün ölkələrin hər biri bu mərhələdən keçib. Ona görə də kino işçilərimizi, serial çəkənləri də dəstəkləmək lazımdır ki, biz də müəyyən qədər inkişafa çataq.
Sonuncu dəfə izlədiyim serial “Instagram”da paylaşılmışdı. “Nako_abbaszade” adlı istifadəçi çəkib. Qısa, beş-on dəqiqəlik hissələrdir. İnanın ki, mən finala çatanda müsbət mənada şok yaşadım. Deməli, o serialda beş-altı personaj var. Həmin personajları, sən demə, iki-üç nəfər oynayırmış. Mən bunu bilmirdim, sonra oxuyanda bilmişəm. Bu məndə çox müsbət hal yaratdı ki, nə qədər təbii, nə qədər inandırıcı, nə qədər gülməli və təsirli iş görə bilən insanlar var imiş.
Bu cür bacarıqlı gəncləri Azərbaycanda komediya tipli seriala cəlb etmək olar. Sizi inandırım ki, bu hətta Türkiyə serialları ilə də rəqabətə girə biləcək. Hətta türklər belə, onu izləyəcək. Bəhs etdiyim serialda türk qadın obrazı da yer alırdı. Çox təbii, çox gözəl idi.

- Bacaranlar var deməli.
- Bəli. Həmin bacarıqlı gəncləri üzə çıxarmaq lazımdır.
Bilirsiniz, çox vaxt əyləncə adı altında bir qədər etik çərçivələrdən kənara çıxan komediyalar, verilişlıər çəkilir. Mən onlara baxmıram, baxa bilmirəm. Çünki qışqırmaq, bağırmaq, söyüş söymək, şit-şit zarafat eləmək doğru deyil. “Komedixana”ya baxıram. Elə məqamlar var ki, qəbul edə bilmirəm, amma ümumilikdə, dəstək olmaq lazımdır ki, inkişaf etsinlər.
Mən fikirləşirəm ki, onlara müraciət edib, nələri etsinlər, nələri etməsinlər deyə, fikirlərimi bölüşüm. Tənqid etməyə, kimisə pisləməyə, “vurmağa” nə var ki? Niyə edək? Onlar da əziyyət çəkirlər. Mənə elə gəlir ki, tənqid yerinə, şirin dillə yol göstərmək, “bunu etməsəniz yaxşıdır”, “əksinə bunu edin”, demək lazımdır.
Mən, komik rollarda çıxış edənlərə dostcasına demək istəyirəm ki, ingilis və alman yumorlarına baxsınlar. İngilis yumorları dünyada birinci yerdədir, mənim fikrimcə. Onlar insanları elə bir yumorla güldürürlər ki, burada insan həm də tərbiyələnir, düşüncəyə dalır. Onların yumorları, “qurşaqdan aşağı” deyilən bir sözdən də daha çox təsir edir adama, amma baxırsan ki, burada heç bir etik çərçivədən çıxılmır. Fikrimcə, türklərin də çox gözəl komediyaları var.
- Razi müəllim, toylarla aranız necədir, gedirsiniz? Toy demişkən, yadıma düşdü, bir ara toylarla bağlı da sizi tənqid edirdilər. Dəbdəbəli toylara münasibətiniz necədir? Bilirsiniz, indi toylar əvvəlki kimi deyil. Evlənməmişdən bir il qabaq dekor seçirsən, məkan axtarırsan, müğənni dəvət edirsən.
- Dəbdəbəli toyların əleyhinəyəm. Bununla bağlı Parlamentdə çıxış etmişəm. Dəbdəbəli toyun əleyhinə olmaq olar, amma bunula bağlı nümunə də göstərmək lazımdır.
Məsələn, dəbdəbəli yas məclisi keçirmək olmaz. Mən bunu öz valideynlərimin yasında göstərib, sübut etmişəm. İnşallah növbəti övladımın toyunda çalışacam ki, müəyyən bir fərqlilik yaradım. Bəzən nəyisə deyirsən, amma onu etməyə gücün çatmırsa, bu o demək deyil ki, sən heç nə deməməlisən. Toy elə bir şeydir ki, onunla bağlı danışmaq çətindir. Kiminsə arzudur, bir dəfə yaşamaq istəyir. Qoyun, arzusunu reallaşdırsın. Kim deyə bilər ki, toyuna niyə filan qədər pul xərcləyirsən? Rihannanı, Şakiranı, Cenifer Lopezi çağırırsan?
Bunlar dəbdəbəli deyil. Hətta Telyor Sviftin toyda oxumasını da mən dəbdəbə hesab etmirəm. Mən düşünürəm ki, insanın imkanı var, sağ olsun, çağırdı müğənnini toya, insanlar da qulaq asdılar. Bunu dəbdəbə saymıram. Hətta kiminsə toyunda ən bahalı ikranı, balıq çeşidlərini yığmağına da qarışmaq olmaz. Amma toyda bolluq olsun deyə, o qədər yemək çeşidi qoyurlar ki, onların heç 80 faizi yeyilmir. Kabab gələnə qədər hamının qarnı qoyur, kabablar masada yığılıb qalır. Nəticədə, toydakı yeməklərin altmış-yetmiş faizi atılır. Bu israfçılıqdır. Yemək az olsun, amma keyfiyyətli olsun. Yaxud insanlar istədikcə gətirib, süfrəyə düzsünlər.
İndi o qədər yemək düzürlər ki, masada telefonunu qoymağa yer tapmırsan. Bilmirsən ki, gözündən eynəyi çıxarıb hara qoyasan? Masaya qoyursan, üstünə yemək düşür. Yer tapmırsan ki, ümumiyyətlə qolunu qoyasan. Baxın, bu, ancaq göstərişdir. Mən buna qarşıyam.
- Bəs toyda çox qalırsınız?
- Nə yalan deyim, toylarda çox oturmuram. Məndən olsa, gedib pulumu yazdırıb, çıxaram.
- Niyə?
- Uşaq vaxtı qulağımdan zərbə almışam, o, bir az zəifdir. Həmin yüksək səsdən sonra bir neçə gün əziyyət çəkirəm. Toydakı səs qulağımı deşir. Hamı da mənimlə razılaşar ki, toyxanalardakı səs dəhşətli dərəcədə yüksəkdir. Çünki Azərbaycanda tikilən şadlıq evlərinin əksəriyyəti səs akustikasını nəzər almayıb, nə də onu ölçürlər. Dünyada qəbul olunmuş standartlar var. Bizdə bu strandart pozulub, səs 100%-dən də çoxdur. Başqa ölkələrdə bu cinayətdir. Mən demişdim ki, bununla bağlı standart müəyyənləşsin, şadlıq evlərinə də vaxt verilsin ki, qaydalara uyğun çalışsınlar. Allah saxlamış müğənnilər də mikrafonu az qala ağızlarının içinə salırlar. “DJ” də oradan səsi sonacan verir. Mən onları da qınamıram. Elə düşünürəm ki, kişilər yox, amma qadınlar daha çox səs olsun istəyirəm. Çünki nə vaxt bu barədə danışsam, deyirlər ki, oynayanlar daha çox səs olmasını istəyirlər. Baxın, bu tələbat da var.
Hətta restorana, kafeyə gedirsən, bayağı musiqini qoşub, səsini də axıracan açırlar. Deyirsən ki, bunun səsini alın, görürsən ki, xeyri yoxdur. Mən çalışıram ki, belə yerlərə getməyim.

- Toylarla bağlı başqa sizi nə narahat edir?
- İnsanların dekorasiyaya çəkdikləri izafi xərclər onlara çox zərər vurur. Ayrı-ayrı toy edən insanlarla danışmışam, onlar da bu fikirlə razılaşırlar, amma, təəssüflər olsun ki, bunu heç kim publik halda dilinə gətirmək istəmir. Mən də bu barədə danışanda heç kim dəstək olmayacaq. Təəssüf ki, bizdə kimisə canavarın ağzına atıb, kənardan videoya çəkirlər, ya birini döyürlər, paylaşıb, baxış yığırlar.
Mənim fikrimcə, toylara ən çox xərc çəkdirən hörmətli, gözəl xanımlarımızdır. Xanımlar hər şeyin gözəl, bahalı, istədikləri kimi olmasını istəyirlər. Kişilərə qalsa, 10 manat xərc çıxar, qadınlar onu 100 manat edirlər. Mən istəyirəm ki, bu məsələdə qənaət olunsun. Beş dəqiqə orada bir dekorasiyanın, heykəlin dayanmasına görə on min verilməməlidir. Mənə elə gəlir ki, əsas məsələ bəylə gəlinin xoşbəxtliyidir. Toya çəkiləcək xərcin yarısı cütlüklərin ehtiyaclarına ödənilsə, onlar daha xoşbəxt olar, nəinki bir aydan sonra sosial problemlər içərisində üzsünlər.
- Boşananların sayı da çoxalıb.
- Mən özümə söz vermişəm ki, boşanmalarla bağlı danışmayacam. Amma bir kəlmə deyə bilərəm. Boşanmaların əvvəllər sosial çətinliklərdən qaynaqlandığını düşünürdüm. Amma sosial çətinlik hər ailədə olub və olacaq. O, bizdə də var, Almaniyada da var, ən kasıb ölkələrdə də.
İndiki boşanmaların ən böyük səbəbi məsuliyyət daşımamaqdır. Ailə məsuliyyətdir. Həm qadınlarda. Həm də kişilərdə o məsuliyyəti daşıyanların sayı azalır. Bununla yanaşı sosial şəbəkələr də insanları boşanmağa inandırır. Onlara bunu vadar edir, inandırır.
Cəmiyyətdə ideal ailə olduğuna inanmıram. Hər bir ailədə problem olur. Kimsə bunu bəlli edir, kimsə gizlədir. Seriallarda gördüyünüz həyat kimi ailə arzulayırsınızsa, bu mümkün deyil. Kiməsə qismət olubsa, nə gözəl, amma biz serialla yaşamırıq axı. Serialdan, kinodan, sosial şəbəkədən nümunə götürüb, ailə qurmaq olmaz.
- Siz necə ailədə böyümüsünüz?
- Mən, çoxuşaqlı ailədə böyümüşəm. Əziyyətlə yaşamışıq. Amma heç vaxt ağlımıza gəlməyib ki, narazılıq edək, gedib hansısa dövlət qurumundan nə isə istəyək. Mən belə şeylər görməmişəm. Bunların hamısını sosial şəbəkələr yaratdı. Ermənistandan üç yüz min insanımız qaçqın düşdü, ermənilər torpaqlarımızı işğal etdilər, yeddi yüz min insanımızı köçkün saldılar. Beləcə, yardım təşkilatları Azərbaycana gəldi, dövlət insanlara yardım ayırdı. Bundan sonra cəmiyyətimizdə yardım alma istəyi artdı. Beləcə, ayrı-ayrı adamlar da dövlətdən yardım almaq istədi, xarici şirkətlərə müraciət etdilər. Son dövlərdəki sosial çətinliklərimiz də insanları buna vadar etdi, ona görə də onları qınamaq olmaz.
Amma biz hamının uşağı küçələrdə kimi ayaq yalın, başı açıq böyümüşük. Mən heç bilmirəm ki, tortu neçə yaşımda yemişəm. Bəlkə də ilk dəfə tort mənim dilimə on altı-on yeddi yaşımda dəyib. Amma narazılığımız olmayıb. Sonra hamımız öz ayağımız üstündə durmuşuq. Bu gün Azərbaycanda nə qədər insanları mənim uşaqlıqda yaşadığım həyatı yaşayır. Mən heç peşman deyiləm. Valideynimizin bizə verə biləcəyi həyat bu idi. Bizə məsuliyyətli olmağı öyrədiblər. Məncə, tərbiyə ailədən gəlir. Biri yaxşı yaşayır, biri pis. Heç vaxt pis yaşayan yaxşı yaşayana həsəd aparmamalıdır. Çünki bu özü də psixoloji travmadır. Bütün cəmiyyətlərdə kasıb da var, varlı da. Əsas odur ki, cəmiyyət ədalətli olsun. Vətəndaş görməlidir ki, onun dövləti ona ədalətli davranır. Birinə olar, birinə olmaz, məsələsi olmamalıdır.

- Sonuncu sualımdır. Seçiciləriniz, yaxud qohumlarınızın sizdən pul istəyib, qaytarmadıqları olub?
- Qohum-əqrabam yüzlərlə dəfə məndən borc istəyib. 1995-ci ildən bugünə qədər elə məndən borc istəyirlər. Heç o vaxt mənim qazancım da çox deyildi. Amma xarici şirkətdə işlədiyim üçün digərlərindən çox əməkhaqqı alırdım. O vaxtdan bugünə qədər saysam əllidən çox adam məndən pul alıb, qaytarmayıb. Elə adamlar olub ki, bilmişəm ki, onsuz da qaytamayacaq, amma vermişəm. Borc verib, aldığım adam yoxdur (gülümsəyir).
Seçicilərim yanıma müəyyən ehtiyacları ilə bağlı gəliblər. Demək düzgün çıxmır, amma imkanım varsa, əlimdən gələni etmişəm. Çünki ehtiyacı varsa, vermək lazımdır. Amma seçicilərimdən borc istəyən yadıma gəlmir. Onlardan da çox razıyam, mənə elə gəlir ki, onlar da məndən razı olarlar.
Bilirsiniz, bizdə pul istəyəndə and-aman edib, verəcəm deyən adamlar var, amma qaytarmırlar. Sonra da istəməyə utanırıq. Amma başqa ölkələrdə belə deyil.

- Utanmaq lazım deyil.
- Əlbəttə. Biz borc verəndə də, alanda da yazılı şəkildə bunu təsdiq etmirik. Utanırıq. Amma pulumuzu ala bilməyəndə davaya çıxıb, müharibə edirik. Bax, onda heç kim utanmır. Ona görə də, bəri başdan müqaviləylə borc vermək lazımdır ki, sonra üz-göz olmayasan.
Bizdə ailə büdcəsi, dost büdcəsi düzgün aparılmalıdır. Oturanda hər kəs öz xərcini ödəməyi də bacarmalıdır. Ötən günlərdə bizi dəvət etdilər bir restorana. Onların arasında beş ölkənin vətəndaşı var idi. Hesabı orada bir nəfər verdi. Amma mən düşünürdüm ki, qonaq çağıranlar verər hesabı. Sonra gəlib dedilər ki, hərəyə filan qədər pul düşür. Biz də “alman şot”u kimi böldük. Mən əslində bunu doğru sayıram, xoşum gəlir. Həm də kiminsə yanında minnətçi qalmırsan. Bizdə bəzi ənənələri dəyişsək cəmiyyətimiz müsbət yöndə dəyişər.