📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın rəqəmsal transformasiyasında yeni mərhələ - Deputatın MƏQALƏSİ

2026-07-04 11:11:14

Azərbaycanın rəqəmsal transformasiyasında yeni mərhələ - Deputatın MƏQALƏSİ

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanın rəqəmsal gələcəyinə, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatlara dair  məqalə ilə çıxış edib.

Hurriyyet.info -nun məlumatına görə, deputat qeyd edib ki, müasir dövrdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik dövlətlərin iqtisadi inkişafını, milli təhlükəsizliyini və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas strateji amillərə çevrilib. Dördüncü sənaye inqilabının yaratdığı yeni reallıqlar fonunda rəqəmsal transformasiya artıq yalnız texnoloji yenilənmə deyil, həm də dövlət idarəçiliyinin, iqtisadiyyatın və ictimai xidmətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən fundamental inkişaf istiqamətidir.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm prioritetlərindən biri rəqəmsal dövlət quruculuğu, innovasiya əsaslı iqtisadiyyatın formalaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və milli kibertəhlükəsizlik sisteminin gücləndirilməsidir. Son illərdə qəbul edilmiş strateji sənədlər və həyata keçirilən institusional islahatlar ölkənin bu sahədə uzunmüddətli inkişaf baxışını əks etdirir.

Cari ilin fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə rəqəmsallaşma, elektron hökumət, innovasiya və süni intellekt sahələrində prioritetlər müəyyənləşdirilib. Bu istiqamətdə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şura dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, rəqəmsal idarəetmənin institusional əsaslarının möhkəmləndirilməsinə və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsinə xidmət edir. Prezidentin tapşırığına əsasən, dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinə rəhbər müavini səviyyəsində məsul şəxslərin müəyyən edilməsi də islahatların səmərəli icrasını təmin edir.

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin rəqəmsal inkişafının əsas yol xəritəsini müəyyən edir. Fəaliyyət Planında dövlət idarəçiliyinin optimallaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi və rəqəmsal suverenliyin gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib. Sənəd İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb, rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində vahid idarəetmə modelini formalaşdırıb.

Şuranın ilk iclası və əsas hədəflər

Komitə sədri bildirib ki, 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclasda Fəaliyyət Planının icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər müzakirə olunub.

Mehriban Əliyeva qeyd edib ki, dövlət idarəçiliyində rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsi dövlət siyasətinin əsas prioritetlərindəndir və bütün qərarlar Azərbaycanın milli maraqlarına uyğun həyata keçirilməlidir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Şuranın fəaliyyətinin əsas məqsədi dövlət qurumları arasında səmərəli koordinasiyanın təmin edilməsi, rəqəmsal transformasiya prosesinin vahid yanaşma əsasında həyata keçirilməsi və qəbul edilmiş strateji hədəflərin icrasına sistemli nəzarətin təşkilidir. Onun rəhbərliyi ilə rəqəmsal inkişafın insan amilinə əsaslanması, vətəndaş məmnunluğunun artırılması və dövlət xidmətlərinin əlçatanlığının genişləndirilməsinə xidmət edən addımlar prioritet istiqamətlər kimi müəyyən edilib. Bu yanaşma rəqəmsal transformasiyanın yalnız texnoloji deyil, həm də sosial-iqtisadi inkişafın, müasir dövlət idarəçiliyinin və dayanıqlı insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm strateji proses olduğunu bir daha nümayiş etdirir.

Məqalədə qeyd olunur ki, Fəaliyyət Planının əsas istiqamətlərindən biri dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən təqdim edilməsidir. Bu məqsədlə "mygov" və "mygov Biznes" platformalarının inkişafı davam etdirilir, dövlət qurumlarının ayrı-ayrı informasiya sistemləri isə mərhələli şəkildə vahid ekosistemə inteqrasiya olunur.

Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri də proaktiv xidmətlərin genişləndirilməsidir. Hazırda yaşa görə əmək pensiyası avtomatik qaydada təyin edilir. Yaxın perspektivdə uşağın doğulmasına görə birdəfəlik müavinətin proaktiv qaydada verilməsi, şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı əvvəlcədən bildirişlərin göndərilməsi, həmçinin səfərbərlik üzrə tibbi müayinəyə çağırışların rəqəmsallaşdırılması nəzərdə tutulur.

İnnovasiya ekosisteminin inkişafı və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də əsas hədəflər sırasındadır. Bu məqsədlə vençur maliyyələşdirilməsi, kraudfandinq mexanizmləri, "mələk investorlar" institutu, "Fondlar Fondu", açıq məlumatların biznes üçün əlçatanlığının təmin edilməsi, "Rəqəmsal Səyyah" və "Rəqəmsal İstedad" vizalarının tətbiqi, eləcə də frilanserlər üçün vergi güzəştlərinin nəzərdə tutulduğu bildirilir.

Hazırda 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına dəyişiklikləri ehtiva edən qanunvericilik paketi hazırlanıb. Texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, yüksək ixtisaslı mütəxəssislər üçün vergi stimulları, vençur kapitalının təşviqi və innovasiya fəaliyyətinin dəstəklənməsi Azərbaycanın beynəlxalq texnologiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

Süni intellekt dövlət idarəçiliyinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Cari il ərzində "mygov" platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqi nəzərdə tutulur. Artıq sutkanın 24 saatı, həftənin 7 günü fəaliyyət göstərən virtual vətəndaş köməkçisinin ilkin versiyası istifadəyə verilib. Bununla yanaşı, səhiyyə, təhsil və gömrük sahələrində yeni süni intellekt həllərinin hazırlanmasına başlanılıb.

Milli hesablama gücünün formalaşdırılması məqsədilə 64 qrafik prosessorun (GPU) quraşdırılması planlaşdırılır.

Eyni zamanda, kiberdayanıqlılıq, kibergigiyena və kibertəhlükəsizlik anlayışlarının hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində işlər aparılır. Milli Kibertəhlükəsizlik Agentliyinin, onun nəzdində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC), Milli CERT-in və Rəqəmsal Tədqiqat Mərkəzinin yaradılması kibertəhlükəsizlik sahəsində vahid idarəetmə modelinin formalaşdırılmasına xidmət edir.

Təhsil sisteminin rəqəmsallaşdırılması da insan kapitalının inkişafında mühüm rol oynayır. Hazırda bütün təhsil müəssisələri təhlükəsiz internet şəbəkəsi ilə təmin olunub, məktəblərə 235 mindən çox kompüter verilib, bir kompüterə düşən şagird sayı isə 32-dən 6-ya endirilib.

900 mindən çox istifadəçini əhatə edən "Rəqəmsal məktəb" platforması təhsil prosesinin bütün iştirakçılarını vahid rəqəmsal mühitdə birləşdirir.

Siyavuş Novruzov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf siyasəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti, 2026–2028-ci illər üzrə Fəaliyyət Planının icrası və həyata keçirilən kompleks islahatlar dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, innovasiya əsaslı iqtisadiyyatın inkişafına, insan kapitalının gücləndirilməsinə və Azərbaycanın regionun aparıcı rəqəmsal texnologiyalar mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.