Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı?
Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin taleyi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. “Euractiv” nəşrinin yaydığı məlumata görə, Ankara ABŞ-ın beşinci nəsil F-35 qırıcıları proqramına qayıtmaq məqsədilə S-400 sistemlərini Rusiyaya deyil, üçüncü ölkəyə satmaq variantını nəzərdən keçirə bilər.
Nəşrin istinad etdiyi rəsmi mənbənin sözlərinə görə, F-35 proqramı ilə bağlı irəliləyiş məhz belə bir razılaşmadan asılı ola bilər. Məlumatda qeyd olunur ki, mümkün alıcılar arasında Cənubi Koreya da göstərilir.

Bu fonda illərdir Azərbaycanın da potensial alıcı ola biləcəyi barədə fərziyyələr səslənir. Bunun əsas səbəbi Bakı ilə Ankara arasında yüksək səviyyəli hərbi-strateji əməkdaşlıq, müdafiə sahəsində dərin inteqrasiya və Azərbaycanın müasir hava hücumundan müdafiə imkanlarını davamlı şəkildə gücləndirməsidir.
Bununla belə, indiyədək S-400-lərin Azərbaycana veriləcəyi və ya satılacağı barədə heç bir rəsmi açıqlama mövcud deyil. Nə Türkiyə, nə Azərbaycan, nə də Rusiya bu istiqamətdə hər hansı danışıqlar aparıldığına dair məlumat yayıb.
Analitiklər hesab edirlər ki, belə bir qərar yalnız Ankara ilə Vaşinqton arasında əldə olunacaq mümkün razılaşmadan, həmçinin Moskvanın mövqeyindən asılı ola bilər. Bundan başqa, S-400-lərin üçüncü ölkəyə ötürülməsi mövcud müqavilələrin şərtləri və siyasi razılaşmalar baxımından da mürəkkəb məsələ hesab olunur.
Xatırladaq ki, ABŞ 2019-cu ildə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini qəbul etdikdən sonra Ankaranı F-35 proqramından çıxarmışdı. Vaşinqton bu addımı S-400 sistemlərinin NATO standartlarına uyğun olmaması və onların F-35 qırıcıları ilə eyni ölkədə istifadəsinin təhlükəsizlik riski yaratması ilə əsaslandırmışdı.
ABŞ administrasiyası hesab edir ki, S-400-lərlə F-35-lərin eyni mühitdə işlədilməsi Rusiyanın qırıcıların radara görünmə xüsusiyyətləri və digər texniki imkanları barədə həssas məlumat əldə etməsinə şərait yarada bilər.
Hazırda Ankara məsələ ilə bağlı rəsmi qərar açıqlamayıb. Bununla belə, S-400-lərin üçüncü ölkəyə satılması ssenarisi Türkiyə-ABŞ münasibətlərində uzun müddətdir davam edən böhranın aradan qaldırılması istiqamətində mümkün kompromis variantı kimi qiymətləndirilir.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycan S-400 zenit-raket komplekslərini almaq marağında olar: “Çünki son dövrün müharibələri göstərir ki, hava hücumundan müdafiə sistemlərinin tətbiq edilməsi məsələsi ilk öncə hər bir dövlətin müdafiəsi üçün çox vacibdir. Müasir dövrün müharibələrində quru əməliyyatlarından daha çox raket zərbələrindən istifadə edilir. Bu reallıq hava hücumundan ən güclü müdafiə sistemlərinin əldə olunmasına zərurətə çevirir. Türkiyə NATO üzvü olduğuna görə S-400 kompleksləri hələ də Türkiyə ərazisində tətbiq edilməyib. O sistemlərin tətbiq edilməsi üçün proqramlar üzərində işlər aparılır. NATO nöqtə hava hücumundan müdafiə sistemi qurub. Yəni ki, konkret strateji obyektlərin qorunması təmin olunub. Lakin Rusiyada, Azərbaycanda, İsraildə və digər bir sıra ölkələrdə mərkəzləşmiş hava hücumundan müdafiə sistemlərindən istifadə olunur. Bu o deməkdir ki, sərhəddən sərhədə əraziləri hava hücumundan müdafiə sistemləri qoruyur”.
Eksperti qeyd edib ki, ona görə də Azərbaycanın S-400 komplekslərinin Azərbaycanda uyğunlaşdırılması üçün problem yoxdur: “Bu sistemləri əgər Türkiyə satmaq istəsə Azərbaycanın onları əldə etməsi üçün güman edirəm ki, problemlər yarana bilməz. Azərbaycan S-400-ləri əldə etsə hava məkanımız daha da mükəmməl qoruna bilər. Güman edirəm ki, Türkiyə S-400-ləri satmaq istəsə Azərbaycan alıcı olaraq öz namizədliyini irəli sürəcək”.