📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZƏRBAYCANIN SÜLH GÜNDƏLİYİ VƏ... - Yeni geosiyasi konfiqurasiyada xarici siyasət prioritetləri

2026-05-21 10:12:54

AZƏRBAYCANIN SÜLH GÜNDƏLİYİ VƏ... - Yeni geosiyasi konfiqurasiyada xarici siyasət prioritetləri

Xalid NİYAZOV,

siyasi elmlər doktoru

Cənubi Qafqazda post-münaqişə mərhələsi təkcə regional deyil, həm də qlobal geosiyasi transformasiyaların təsiri altında, güc mərkəzlərinin maraqlarının kəsişdiyi mürəkkəb geosiyasi mühitdə formalaşır. Bu transformasiya fonunda hazırda region tədricən klassik münaqişə zonası statusundan çıxaraq, yeni geosiyasi rəqabət və əməkdaşlıq məkanına çevrilir. 2020-ci ildən sonra bölgədə təşəkkül tapan reallıqlar burada güc balansını dəyişdirməklə yanaşı, siyasi diskursun mahiyyətini də dəyişmişdir. Həmin transformasiyanın mərkəzində isə Azərbaycanın təşəbbüskar və gündəm formalaşdıran aktor kimi çıxış etməsi dayanır.

Eyni kontekstdə prezident İlham Əliyevin son beynəlxalq platformalarda, xüsusilə də Ermənistanda keçirilmiş Avropa Siyasi Birliyinin (European Political Community) sammitində səsləndirdiyi fikirlər təkcə cari siyasi mövqenin ifadəsi deyil, həm də Azərbaycanın strateji baxışının konseptual çərçivəsini ortaya qoyan çıxış kimi dəyərləndirilə bilər. Həmin çıxış ölkənin xarici siyasətinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu, dövlətin sülh gündəliyinin mahiyyətini və strateji istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Formalaşmaqda olan yeni reallıqda isə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan artıq yalnız proseslərin iştirakçısı deyil, eyni zamanda onların məzmununu və istiqamətini müəyyən edən aktor kimi çıxış edir, reaktiv deyil, proaktiv xarici siyasət modeli tətbiq edir. Və sözügedən çıxış yalnız ikitərəfli münasibətlər prizmasında deyil, həm də Qərb-Azərbaycan münasibətlərinin yeni mərhələsinin indikatoru kimi qiymətləndirilə bilər.

Sülh gündəliyi: deklarativ yanaşmadan sistemli strategiyaya

Azərbaycanın sülh gündəliyi 2020-ci ildən sonra sadəcə diplomatik ritorikadan çıxaraq konkret mexanizmlərə əsaslanan çoxşaxəli strategiyaya çevrilmişdir. Bu strategiyanın əsas fərqləndirici cəhəti onun yalnız siyasi razılaşmalarla məhdudlaşmaması, eyni zamanda iqtisadi, hüquqi və sosial komponentləri əhatə etməsidir.

 

 

Azərbaycanın sülh keysi üç əsas istiqamətdə təşəkkül tapır:

1.Hüquqi-institusional sülhün qurulması. Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşdırılmasını beynəlxalq hüquq prinsipləri – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında qurmağa çalışır. Bu, klassik “ədalətli sülh” (just peace) modelinə uyğun yanaşmadır. Hüquqi müstəvidə Azərbaycan sülhü beynəlxalq hüququn fundamental prinsipləri üzərində qurmaqda qərarlıdır. Belə bir yanaşma təsadüfi deyil. Çünki post-münaqişə mərhələsində hüquqi legitimlik olmadan əldə olunan razılaşmalar uzunmüddətli sabitlik yaratmaq qabiliyyətinə malik olmur. Məhz buna görə də Bakı üçün əsas prioritetlərdən biri münasibətlərin normallaşdırılmasının hüquqi təməlinin inşa edilməsidir.

2.Regional əməkdaşlıq və inteqrasiya.Kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi qarşılıqlı asılılığın artırılması, infrastruktur komponentləri sülhün dayanıqlılığını, siyasi sabitliyi təmin edən əsas mexanizmlər kimi çıxış edir.

3.Post-münaqişə etimad quruculuğu. Bu istiqamət daha mürəkkəb və uzunmüddətli xarakter daşıyır. Buraya humanitar təmaslar, reinteqrasiya modelləri və qayıdış konsepsiyaları daxildir. Sosial-psixoloji əngəllərin aradan qaldırılması, humanitar əlaqələrin bərpası və gələcəkdə birgə yaşayış modellərinin hazırlanması sülh gündəliyinin ən həssas, eyni zamanda vacib elementlərindəndir.

Azərbaycanın sülh gündəliyi nəzərdən keçirdiyimiz üç əsas mərhələdən keçərək institusionallaşma, bir başqa sözlə, kamilləşmə mərhələsinə daxil olmuşdur: təşəbbüs, danışıqlar və tətbiq mexanizmlərinin formalaşdırılması. Bu kontekstdə prezident İlham Əliyevin tez-tez vurğuladığı bir fikir xüsusilə diqqət çəkir: “Biz Cənubi Qafqazda uzunmüddətli sülhün tərəfdarıyıq və hesab edirik ki, bu sülh real əsaslara söykənməlidir.” Belə bir qayət konstruktiv yanaşma göstərir ki, Azərbaycan üçün sülh yalnız siyasi razılaşma deyil, sistemli transformasiya prosesidir və həmin transformasiyanın əsas məqsədi münaqişə sonrası vəziyyəti sabit inkişaf mərhələsinə keçirməkdir.

İrəvan sammiti: siyasi jest yoxsa strateji siqnal?

Ermənistanda keçirilən və Avropa ölkələrinin liderlərinin iştirak etdiyi tədbir zahirən diplomatik platforma təsiri bağışlasa da, əslində daha dərin geosiyasi məzmun daşıyırdı. Belə bir məkan və auditoriya qarşısında Azərbaycan prezidenti İlham Əliyevin videobağlantı formatında səsləndirdiyi fikirlər bir neçə istiqamətdə şərh edilə bilər, çünki söhbət yalnız ikitərəfli münasibətlərə deyil, daha geniş geosiyasi kontekstə təsir edən siqnallardan gedir.

 

 

Əvvəla, həmin çıxış Azərbaycanın özünü regionun gələcəyini müəyyən edən əsas aktorlardan biri kimi təqdim etməsinin növbəti təsdiqi idi. Əvvəllər beynəlxalq vasitəçilərin təşəbbüsləri fonunda müşahidə olunan proseslərdən fərqli olaraq, indi Azərbaycan özü gündəmi müəyyənləşdirən tərəf kimi çıxış edir.

İkincisi, Qərbə ünvanlanan mesajlar praqmatik xarakter daşıyırdı. Burada əsas ideya ondan ibarətdir ki, regionda davamlı sülh yalnız selektiv yanaşmadan imtina və real vəziyyətin qəbul edilməsi ilə mümkündür. Bu, dolayısı ilə Qərb institutlarına ünvanlanan çağırışdır ki, onlar regiona yanaşmada normativ prinsiplərlə geosiyasi maraqlar arasında balansı daha düzgün qursunlar.

Üçüncüsü, Ermənistan üçün bu çıxış bir növ “pəncərə imkanının” hələ açıq olduğu mesajını ehtiva edirdi. Yəni, sülh prosesi hələ də real alternativ kimi mövcuddur, lakin zaman faktoru burada mühüm rol oynayır. Belə ki, prosesin yubadılması regionda yeni riskləri səbəblədirə bilər.

 

 

  • Etiraf etməliyik ki, bu gün dayanıqlı sülh üçün siyasi platformanın genişləndirilməsi zəruridir. Və İrəvansammitiregiondakı məsələlərin ikitərəfli çərçivədən çıxaraq çoxtərəfli müzakirə müstəvisinə keçməsinə şərait yaradır. Bu isə sülh prosesinin beynəlxalq legitimliyini artırır.

İlham Əliyev 04 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində ölkəsinin sülh qovluğuna toxunaraq demişdir ki, bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Bu fikir onu göstərir ki, Azərbaycan sülhü regional təhlükəsizlik arxitekturasının əsas elementi kimi təqdim edir.

Müxtəlif tədbirlər çərçivəsində diplomatik təmasların intensivliyi tərəflər arasında etimadın tədricən formalaşmasına kömək edir. Etimad isə sülh prosesinin əsas şərtlərindən biridir.

İlham Əliyevin sülh naminə fəaliyyətinin daha bir təqdiri uzaq İspaniyadan gəldi – Azərbaycanla Ermənistn arasında sülhün təşviqi və dialoqa verdiyi töhfələrə görə ölkə başçısı aprelin 26-da “Sülh və barışıq üçün Gernika mükafatı”na layiq görüldü.

Hesab edirik ki, həmin mükafat İlham Əliyevə yalnız keçmiş münaqişədə əldə edilmiş nəticələrə görə deyil, müharibədən sonrakı mərhələdə Cənubi Qafqazda hüquqi-siyasi normallaşma, regional əməkdaşlıq və uzunmüddətli sülh gündəliyinin təşviqi istiqamətində nümayiş etdirilən siyasi iradəyə görə verilmiş beynəlxalq simvolik qiymətləndirmə kimi əsaslandırıla bilər.

Mükafatın verilməsi həm də Avropa sülh institutlarının belə bir mesajı kimi qiymətləndirilə bilər ki, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yalnız qarşıdurma ilə deyil, dialoq və siyasi razılaşma ilə qurulmalıdır.

Prezident İlham Əliyev “Sülh və Barışıq üzrə Gernika Mükafatı” mərasiminin iştirakçılarına müraciətində mükafatın verilmə məntiqini belə açıqlamışdır: “Sülh və Barışıq üzrə Gernika Mükafatı” sadəcə keçmiş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq ictimaiyyətin ortaq rifahı və sülh naminə gələcəkdə atılacaq addımlarla bağlı ilhamverici bir təkan və məsuliyyətdir.

Təxminən 30 ildir müharibənin ağır nəticələrini yaşayan və münaqişə mühitində yaşayan Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı başa düşür. Bu gün Azərbaycan sülh mühitində necə yaşamağı öyrənir. Bizim üçün bu, yeni və fövqəladə bir hissdir, çünki müstəqilliyimizi bərpa etdikdən bəri bunu yaşamaq fürsətimiz olmayıb”.

 

Xarici siyasətdə transformasiya: Qərb-Azərbaycan münasibətləri

Azərbaycanın xarici siyasəti son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Əgər əvvəlki dövrlərdə əsas məqsəd balansın qorunması idisə, indi bu balans üzərində aktiv təsir və formalaşdırma elementləri üstünlük təşkil edir.

Bu mərhələnin əsas xüsusiyyətləri hasılardır? 

Yəqin ki, ilk növbədə maraqların daha açıq ifadəsini qeyd etmək lazım gələrdi. Çoxvektorlu diplomatiya hələ də əsas xətt olaraq qalır, lakin onun məzmunu dəyişmişdir. Azərbaycan artıq yalnız müxtəlif güc mərkəzləri arasında tarazlıq yaratmır, eyni zamanda bu mərkəzlərlə münasibətlərin gündəliyini də müəyyənləşdirir. Bu, klassik “balanslaşdırma strategiyası”nın müasir interpretasiyası olmaqla yanaşı, ölkənin geosiyasi subyektivliyinin artdığını göstərir.

 

Bu prosesdə digər mühüm rol enerji və nəqliyyat diplomatiyasına aiddir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın artan əhəmiyyəti Bakıya əlavə siyasi xallar verir, ölkənin geosiyasi çəkisini artırır, Qərb ilə Azərbaycan arasında münasibətlər daha realist və praqmatik xarakter alır. Eyni zamanda, Orta Dəhliz kimi layihələr ölkəni Şərq və Qərb arasında strateji körpüyə çevirir.

Növbəti vacib istiqamət Azərbaycanın “normativ aktor” kimi çıxış etməyə başlamasıdır. Yəni, Azərbaycan artıq yalnız maraqlarını müdafiə etmir, həm də müəyyən siyasi və hüquqi modellər təklif edir, özünü regional sabitliyin təminatçısı kimi təqdim edir. Bu, “normativ güc” (normative power) elementlərinin formalaşdığını göstərməklə qalmayıb xüsusilə sülh gündəliyi və post-münaqişə quruculuğu kontekstində özünü ifadə edir.

BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində aktivlik Azərbaycanın mövqelərinin beynəlxalq legitimliyini gücləndirir.

Müxtəlif ünsiyyət meydançalarında siyasi dialoqun selektiv deyil, sistemli xarakter alması da əhəmiyyətini vurğulaya biləcəyimiz xüsusatlardandır. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər bir-birini daha yaxşı anlamağa başlayır. Qərb üçün Azərbaycan regionda sabitlik yaradan aktor kimi qəbul olunur, Azərbaycan üçün isə Qərb mühüm iqtisadi və siyasi tərəfdaş olaraq qalır.

 

“Azərbaycan modeli”: post-münaqişə sülhünün hüquqi-siyasi və sosio-iqtisadi arxitekturası

Müasir beynəlxalq münasibətlər sistemində post-münaqişə tənzimlənməsi üzrə vahid və universal model mövcud deyil. Bosniya, Kosovo, Kipr və digər presedentlər göstərir ki, hər bir münaqişə öz spesifik tarixi, demoqrafik və geosiyasi xüsusiyyətlərinə uyğun fərdi yanaşma tələb edir. Yuxarıda qeyd olunan tendensiyalar məntiqi olaraq daha geniş konseptual çərçivəyə – şərti olaraq “Azərbaycan modeli” adlandırıla biləcək yanaşmaya gətirib çıxarır. Bu model post-münaqişə sülh quruculuğuna dair sistemli və çoxsəviyyəli yanaşmanı ifadə edir.

Modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, klassik sülh konsepsiyalarının elementlərini özündə birləşdirməklə yanaşı, regionun reallıqlarına uyğun yeni mexanizmlər təklif edir. İlham Əliyevin müxtəlif platformalardakı çıxışlarında da bu modelin əsas konturları ardıcıl şəkildə müşahidə olunur.

Bu modelin əsas fərqləndirici xüsusiyyəti onun hibrid xarakter daşımasıdır: klassik beynəlxalq münasibətlər nəzəriyyələrinin müxtəlif elementləri vahid praktik mexanizm daxilində birləşdirilir.

“Azərbaycan modeli”nin mərkəzində dövlət suverenliyi anlayışı dayanır. Bu yanaşma post-münaqişə tənzimlənməsində ənənəvi “status” müzakirələrini arxa plana keçirərək, beynəlxalq hüququn fundamental prinsiplərini əsas götürür.

Bu, əslində, münaqişənin hüquqi çərçivədə “bağlanması” cəhdidir. Çünki status üzərində qurulan modellər adətən uzunmüddətli qeyri-müəyyənlik yaradır, halbuki suverenlik əsaslı yanaşma hüquqi aydınlıq təmin edir. Bu baxımdan Azərbaycan modeli “münaqişədən sonrakı hüquqi final” konsepsiyasına yaxınlaşır. Mövcud yanaşmanın mühüm nəticələrindən biri də ondan ibarətdir ki, gələcək əməkdaşlıq üçün hüquqi baza əvvəlcədən müəyyən edilir və bu, siyasi manipulyasiya imkanlarını azaldır.

Ənənəvi post-münaqişə modellərində təhlükəsizlik əsasən hərbi aspektlərlə məhdudlaşır. Azərbaycan modeli isə təhlükəsizliyi daha geniş – iqtisadi, sosial və infrastruktur komponentləri ilə birlikdə nəzərdən keçirir. Belə bir yanaşma “kompleks təhlükəsizlik” (complex security) anlayışına uyğundur. Yəni, davamlı sülh yalnız hərbi balansla deyil, eyni zamanda iqtisadi rifah və qarşılıqlı tərəfdaşlıqla təmin olunur. Bu, klassik liberal nəzəriyyənin – “ticarət sülh yaradır” tezisinin regional tətbiqi kimi qiymətləndirilə bilər.

Məsələn, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və regional ticarətin genişlənməsi, enerji layihələrinin genişləndirilməsi yalnız iqtisadi fayda yaratmır, həm də potensial münaqişə risklərini azaldır. Çünki tərəflər arasında qarşılıqlı maraqlar dərinləşdikcə qarşıdurma ehtimalı azalır, belə bir inteqrasiya sülhü daha dayanıqlı edir.

Burada diqqət çəkən məqam ondan ibarətdir ki, iqtisadi əməkdaşlıq siyasi razılaşmalardan əvvəl də başlaya bilər və əksinə, siyasi prosesləri sürətləndirə bilər. Bu isə “iqtisadi diplomatiya vasitəsilə sülhün təşviqi” modelini formalaşdırır.

Modelin ən mürəkkəb və eyni zamanda ən innovativ elementlərindən biri isə reinteqrasiya və qayıdış məsələsidir. Bu yanaşma ani və kütləvi prosesdən daha çox mərhələli və idarə olunan mexanizmlərə əsaslanır.

Burada üç əsas komponent fərqləndirilə bilər: təhlükəsizlik zəmanətləri, mülkiyyət və hüquqların bərpası, institusional inteqrasiya. Bu komponentlərin paralel şəkildə həyata keçirilməsi vacibdir. Əks halda, qayıdış prosesi yeni sosial gərginliklər yarada bilər. Azərbaycan modeli bu baxımdan “idarə olunan reinteqrasiya” konsepsiyasına daha yaxındır.

Eyni zamanda, bu yanaşma beynəlxalq təcrübədən fərqli olaraq daha çox dövlətin aktiv rolunu nəzərdə tutur. Yəni, proses yalnız beynəlxalq təşkilatların vasitəçiliyi ilə deyil, birbaşa milli institusional mexanizmlərlə həyata keçirilir.

Yuxarıda qeyd olunan proseslər “Azərbaycan modeli”nin yalnız nəzəri konsepsiya deyil, real diplomatik fəaliyyətin nəticəsi kimi formalaşır. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, siyasi dialoq iqtisadi əməkdaşlığa çevrilir, iqtisadi əməkdaşlıq təhlükəsizliyi möhkəmləndirir, təhlükəsizlik isə sülhün dayanıqlılığını təmin edir.

Bu zəncirvari yanaşma modelin effektivliyini artırır.

“Azərbaycan modeli”nin digər mühüm elementi regional liderlik iddiası ilə bağlıdır. Bu, klassik hegemonluq anlayışından fərqli olaraq daha çox məsuliyyət və təşəbbüskarlıq üzərində qurulur. Azərbaycan özünü regionda sabitliyin təminatçısı və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi təqdim edir. Bu isə ölkənin geosiyasi çəkisini artırmaqla yanaşı, onun beynəlxalq sistemdə mövqeyini də gücləndirir.

Bu kontekstdə liderlik yalnız resurslara deyil, həm də siyasi iradə və strateji baxışa əsaslanır. Məhz bu amillərin sintezi “Azərbaycan modeli”ni digər regional yanaşmalardan fərqləndirir.

Sülh və əməkdaşlığın təminatçısı

Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın sülh gündəliyi sadəcə diplomatik təşəbbüs deyil, sistemli və uzunmüddətli strateji xətt kimi formalaşmışdır. Bu xəttin uğuru onun kompleks xarakteri və real mexanizmlərə əsaslanması ilə şərtlənir.

Ermənistanda keçirilən tədbirdə səsləndirilən fikirlər və bütövlükdə son diplomatik aktivlik bu strategiyanın yalnız regional deyil, beynəlxalq səviyyədə də təqdim və təqdir olunduğunu göstərir. Azərbaycan artıq yeni geosiyasi konfiqurasiyada passiv iştirakçı deyil, aktiv formalaşdırıcı aktor kimi çıxış edir.

Bu isə o deməkdir ki, sülh gündəliyi yalnız siyasi bəyanat deyil, konkret strateji xəttdir, regionda gələcək sülh və əməkdaşlıq arxitekturası böyük ölçüdə məhz Azərbaycanın irəli sürdüyü yanaşmalar və təşəbbüslər əsasında formalaşacaqdır. Bu xəttin əsas xüsusiyyəti onun kompleksliyində – hüquqi, iqtisadi və humanitar komponentlərin sintezindədir. Məhz belə bir yanaşma Azərbaycanın regionda uzunmüddətli sabitlik və inkişaf üçün əsas aktorlardan birinə çevrildiyini göstərir.

“Azərbaycan modeli” post-münaqişə sülh quruculuğuna dair yeni yanaşma kimi qiymətləndirilə bilər. Bu model klassik nəzəriyyələrin – realizm, liberalizm və konstruktivizmin – müəyyən elementlərini özündə birləşdirərək hibrid xarakter daşıyır: realizm suverenlik və təhlükəsizlik, liberalizm iqtisadi inteqrasiya, konstruktivizm isə diskurs və legitimlik anlamına gəlir. Bu cür sintez modeli həm nəzəri, həm də praktiki baxımdan maraqlı edir. Əgər uğurla həyata keçirilərsə, o, digər post-münaqişə regionları üçün də alternativ yanaşma kimi çıxış edə bilər.

Mövcud dinamika göstərir ki, Cənubi Qafqazda gələcək sülh və əməkdaşlıq arxitekturası böyük ölçüdə məhz bu yanaşma əsasında formalaşa bilər. Azərbaycan isə həmin prosesdə passiv müşahidəçi deyil, aktiv və formalaşdırıcı aktor olaraq qalmaqdadır.