Azərbaycanlı biznesmenə qarşı 240 milyon dollarlıq iddia
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov və onun “Palmali International Holding” şirkəti arasında uzun illərdir davam edən məhkəmə qarşıdurması yeni mərhələyə qədəm qoyub. Musavat.com xəbər verir ki, bu barədə haqqın.az saytı yazıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbulun 10-cu Kommersiya Məhkəməsi London Dəniz Arbitrajının qərarını tanıyaraq “Palmali” şirkətinin SOCAR-a 44,7 milyon ABŞ dolları ödəməli olduğuna dair hökmün icrasına “yaşıl işıq” yandırıb. “Palmali”nin arbitraj qərarının tanınmaması ilə bağlı iddiaları isə məhkəmə tərəfindən rədd edilib.
Daha sonra iş İstanbul Regional Məhkəməsində də araşdırılıb və burada da London arbitrajının qərarının Türkiyə ərazisində tanınması üçün kifayət qədər hüquqi əsasların olduğu qənaətinə gəlinib. Bununla belə, cavabdeh tərəfin qərardan yuxarı instansiyaya şikayət vermək hüququ saxlanılır.
SOCAR ilə “Palmali” arasında mübahisə 2007–2008-ci illərdə imzalanmış neft və neft məhsullarının daşınmasına dair müqavilələrdən qaynaqlanır. Tərəflər sonradan bir-birlərini öhdəlikləri yerinə yetirməməkdə ittiham edib və 2016-cı ilin sonunda müqavilələr ləğv olunub.
2018-ci ildə SOCAR London Dəniz Arbitrajına müraciət edib. 2021-ci ildə arbitraj “Palmali”nin müqavilə öhdəliklərini pozduğunu müəyyən edərək şirkətin SOCAR-a təxminən 44,7 milyon dollar kompensasiya ödəməsinə qərar verib. “Palmali” bu qərarı icra etmədiyi üçün SOCAR Türkiyədə arbitraj hökmünün tanınması və icrası proseduruna başlayıb. Nəticədə 2023-cü ildə İstanbulun 10-cu Kommersiya Məhkəməsi Azərbaycan şirkətinin iddiasını təmin edib.
Haqqın.az yazır ki, “Palmali” SOCAR-ın Londonda qaldırdığı digər iddianı da uduzub. 2023-cü ildə başlanmış bu məhkəmə prosesi 2026-cı ilin fevralında yekunlaşıb. Söhbət “Palmali” yə məxsus 10 tanker gəmisinin müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə kompensasiya kimi SOCAR-a verilməsindən gedirdi. Şirkətin maraqlarını Böyük Britaniya və ABŞ-ın tanınmış hüquq firmaları müdafiə etsə də, arbitraj tribunalı “Palmali”nin qarşılıqlı iddialarının nə hüquqi, nə də faktiki əsasının olmadığını müəyyən edərək onların hamısını rədd edib.
Beləliklə, London arbitrajı üzrə SOCAR ümumilikdə üç ayrı iddia üzrə qalib gəlib və “Palmali”nin şirkətə ödəməli olduğu ümumi məbləğ 240 milyon ABŞ dollarına çatıb.
Mütəxəssislərin fikrincə, London arbitrajının qərarlarının Türkiyə məhkəmələri tərəfindən tanınması SOCAR üçün mühüm hüquqi üstünlük yaradır. Çünki “Palmali”nin əsas aktivlərinin bir hissəsi məhz Türkiyə yurisdiksiyasında yerləşir və qərarların icrası baxımından bu amil xüsusi əhəmiyyət daşıyır.
“Hazırda tərəflər arasında hüquqi mübarizə tam başa çatmasa da, indiyədək qəbul edilmiş məhkəmə qərarları göstərir ki, həm Londonda, həm də Türkiyədə aparılan proseslərdə üstünlük əsasən SOCAR-ın tərəfindədir” deyə, xəbərdə bildirilir.