📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açılıb

2026-07-08 15:50:23

Bakıda Azərbaycan-Misir mədəni əlaqələrinə həsr olunmuş sərgi açılıb

İyulun 8-də ADA Universitetində azərbaycanlı gənc rəssamların Böyük Misir Muzeyinin nadir eksponatlarından ilhamlanaraq ərsəyə gətirdikləri əsərlərdən ibarət sərgi açılıb. Sərgi ADA Universiteti, Misirin Azərbaycandakı səfirliyi və "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Hurriyyet.info  xəbər verir ki, sərgi 9 İyul – Azərbaycanda Diplomatik Xidmət Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə təşkil olunub və mədəni diplomatiyanın xalqları və dövlətləri birləşdirən gücünü nümayiş etdirməyi hədəfləyir.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan ilə Misir arasında müxtəlif sahələrdə, xüsusilə mədəni diplomatiya istiqamətində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O bildirib ki, Misirin Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan sərginin əsas məqsədi mədəni diplomatiyanın əhəmiyyətini nümayiş etdirmək, xalqlar arasında qarşılıqlı anlaşma və əlaqələri daha da möhkəmləndirməkdir.

F. İsmayılzadə qeyd edib ki, ekspozisiyada azərbaycanlı rəssamların Misirin zəngin tarixi və mədəni irsindən ilhamlanaraq yaratdıqları əsərlər nümayiş etdirilir. Onun sözlərinə görə, bu kimi layihələr ölkələr arasında mədəni əməkdaşlığın genişlənməsinə, xalqların bir-birini daha yaxından tanımasına və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Redan sərginin açılışında iştirak etməkdən məmnunluğunu ifadə edib. Diplomat bildirib ki, bu cür təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə, mədəni irsin tanıdılmasına və Azərbaycan-Misir dostluq münasibətlərinin inkişafına xidmət edir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Misir və digər dost ölkələrlə bağlı keçirilən bu cür tədbirlər mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. O vurğulayıb ki, Azərbaycan ilə Misir arasında münasibətlər yüksək səviyyədədir və Misir beynəlxalq platformalarda hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib.

Deputat iki ölkə arasında parlamentlərarası əlaqələrin, dövlət qurumları, diplomatik nümayəndəliklər və media arasında əməkdaşlığın da uğurla inkişaf etdiyini diqqətə çatdıraraq bildirib ki, bu əlaqələr Azərbaycan-Misir dostluğunun daha da möhkəmlənməsində mühüm rol oynayır.

Milli Məclisin deputatı Asim Mollazadə çıxışında sərginin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, belə layihələr mədəni diplomatiyanın gücünü nümayiş etdirir, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, Böyük Misir Muzeyinin nadir eksponatlarından ilhamlanaraq azərbaycanlı gənc rəssamların ərsəyə gətirdiyi əsərlər həm qədim Misir irsinə ehtiramın ifadəsi, həm də Azərbaycan gənclərinin yaradıcılıq potensialının nümayişidir. Deputat qeyd edib ki, bu cür sərgilər mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Bəxşəliyev çıxışında bildirib ki, “Mədəni diplomatiya incəsənət sərgisi” layihəsinə 2010-cu ildə başlanılıb. Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətini beynəlxalq ictimaiyyətə tanıtmaq, milli incəsənəti dünya auditoriyasına təqdim etmək, eyni zamanda gənc azərbaycanlı rəssamların yaradıcılıq potensialını beynəlxalq sənət ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Onun sözlərinə görə, layihə çərçivəsində indiyədək dünyanın müxtəlif ölkələrində, beş qitədə ümumilikdə 28 sərgi təşkil olunub. Bu sərgilər incəsənətin xalqları birləşdirən və sülhə xidmət edən universal dəyər olduğunu nümayiş etdirir.

İ. Bəxşəliyev builki sərginin Misirə həsr olunmasının təsadüfi olmadığını vurğulayıb. O qeyd edib ki, Misir dünyanın ən qədim və zəngin mədəni irsə malik ölkələrindən biridir. Keçən il Böyük Misir Muzeyinin açılışının dünya ictimaiyyətində böyük maraq doğurduğunu xatırladan natiq bildirib ki, bu hadisə qədim Misir sivilizasiyasını yenidən beynəlxalq diqqət mərkəzinə gətirib. Məhz buna görə layihənin ilk buraxılışının Misirin tarixi və mədəni irsinə həsr olunması qərara alınıb.

"Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru əlavə edib ki, gələcəkdə də bu təşəbbüs davam etdiriləcək, müxtəlif ölkələrin zəngin mədəni irsini Azərbaycan ictimaiyyətinə incəsənət vasitəsilə tanıdan yeni sərgilər təşkil olunacaq.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

04.JPG

 

03.JPG