📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bakıda mənzil qiymətləri fəlakətdir" - NATİQ CƏFƏRLİ

2023-11-29 11:30:45

"Ölkədə azı 2 yeni "milyonluq" şəhərə ehtiyac var ki, Bakı yaşanabilir hala gəlsin, məmləkətdə iqtisadi, demokrafiq və coğrafi şaxələnmə baş versin"

"Maşında gedərkən bir neçə gündür ki, radioda tez-tez eyni reklam eşidirəm: "Filan şirkət 3 və 4 otaqlı mənzillərə 200 min manatadək endirim elan etdi – tələsin". Sən mənzilləri neçəyə satırsan ki, bunun endirimi 200 mindir?! Sənin endiriminə, yəni, 118 min dollara Türkiyədə mənzil, Batumidə "penthouse" almaq olar, biz az da artırsan Avropada məsələn, Balkanlarda, ya da Portuqaliya, İspaniyada ev ala bilərsən". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

İqtisadçı ekspertin sözlərinə görə, Bakıda mənzil qiymətləri fəlakətdir: "Bizdə rəsmi millioner yoxdur, amma "millionerlər məhəlləsi" var, orada yaşayanların çoxu iş adamları deyil, qalstuklu müəllimlər, onların ailə üzvləridir. Yəni, ölkədə rəsmi gəlirlər aşağı, amma hər şeyin qiyməti baha, bütün iqtisadi, sosial fürsətləri Bakıya cəmləyiblər, paytaxt da yaşanılmaz şəhər olub".

Natiq Cəfərlinin fikrincə, ölkədə azı 2 yeni "milyonluq" şəhərə ehtiyac var ki, Bakı yaşanabilir hala gəlsin, məmləkətdə iqtisadi, demokrafiq və coğrafi şaxələnmə baş versin: "Bu idarəetmə sistemi, bu iqtisadi komanda ilə mümkün olmayacaq hədəflərdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az