📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakının “qara siyahı”sındakı Petra Bayr tövbə edəcəkmi?

2026-07-03 10:13:57

Bakının “qara siyahı”sındakı Petra Bayr tövbə edəcəkmi?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 36-cı prezidenti Petra Bayr Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Azərbaycana səfərindən əməlli-başlı “havalanıb”. Diqqət edin, xanım Ursula fon der Leyen Bakıda, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri barədə nikbin açıqlamalar verir, təmsil olunduğu qurumun bölgəmiz və ölkəmizlə əlaqədar planlarını açıqlayır, AŞPA prezidenti olan bu qadın isə haqsızlığa məruz qaldığı üçün qapısını üzlərinə çırpdığı təşkilatdan üz çevirən Azərbaycanın qarasına deyinir...

İlham Əliyevlə Leyen Bakıda görüşüb - Ayna.az

Müsahibədə Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlər, insan haqları, Assambleyanın qətnamələri və Azərbaycanın təşkilata qayıdış perspektivləri müzakirə olunub. Bu ilin yanvarında AŞPA-ya prezident seçilən kimi, Azərbaycana qarşı hücum əmri ilə hikkəsini ortaya qoyan Bayr gileylənib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasını artıq uzun müddətdir təmin etmir. Bu məhkəmənin nə qədər “ədalətli” olduğunu 2016-cı ilin Aprel döyüşlərində Talış kəndində məhv edilən işğalçı erməni mayorun ailəsinin şikayətini təmin edərək, Azərbaycanı 104 min avro cərimələyəndə gördük. Özü də Ermənistana taxıl dəhlizi açan, yanacaq satan, sülh imzalanması istiqamətində qətiyyətli addımlar atan Azərbaycanı. Üstəlik, rəsmi İrəvanın da təqdirlə yanaşdığı proseslərin fonunda Azərbaycanın cəzalandırılması əclaflıqdır! Bütün bunlardan sonra AİHM qərarlarının icrasına kim qol qoyar?! AŞPA 2014-cü ildə, Aprel döyüşlərindən iki il əvvəl Sərsəng Su Anbarı ilə bağlı qətnamə qəbul etmişdi. Əgər Ermənistan o və digər qətnamələrə əməl edib, işğalçı ordunu torpaqlarımızdan çəksəydi, heç Aprel döyüşləri də baş verməzdi, 2020-ci ilin 44 günlük müharibəsi də...Amma Ermənistanın saymazlığına sərt reaksiya vermək əvəzinə, Strasburq...Azərbaycanı cəzalandırmağa qərar verdi. Qətnamə qətnamə dalınca qəbul edilir. Yəqin bir azdan birini də qəbul edərlər, özləri demişkən, “kağız parçaları”nın yeri zibillikdir, sıralasınlar!

Ölkəsi - Avstriya 2026-cı ilin yanvarından Azərbaycanın təbii qazını idxal edir, vətəndaşı Azərbaycan qazının hesabına rahat yaşayır, üstəlik, Azərbaycan qazı alan Avropa İttifaqı ölkələrinin sayı 10-a çatıb, amma AŞPA prezidenti “Gələn həftə evə qayıtdıqdan sonra bu məsələni mütləq dərindən araşdıracağam”, deyə, nağıl danışır, “Avropa İttifaqı səviyyəsində enerji təchizatı baxımından suverenliyimizi gücləndirməliyik”, deyir. Bu qədər naşı, diletant birisi görün hansı statusdadır...Düzdür, peşmanlığını da biruzə verirb: “Azərbaycanın təşkilata qayıtmaq üçün hansı addımları atmağa hazır olduğunu bilsəydik, işimiz daha da asanlaşardı. O zaman müzakirə edə biləcəyimiz ortaq bir zəmin yaranardı”. Eyni zamanda dolayısı ilə özü etiraf edir ki, Azərbaycan faktiki olaraq AŞPA-nı cəzalandırıb. “Hansı şərtlər altında Azərbaycan AŞPA-ya qayıda bilər?”, sualına cavabında Petra Bayr deyib: “ Hesab edirəm ki, bu, mərhələli bir proses olmalıdır. İlk addım kimi yerinə yetirilməli olan bir sıra konkret tədbirlər var. Məsələn, AŞPA-nın azı 70 deputatının yer aldığı qara siyahıdan, heç olmasa, bəzi adlar çıxarılmalıdır. Mən də daxil olmaqla, həmin siyahıda olan şəxslərin – o cümlədən iki həmməruzəçidən birinin – Azərbaycana girişi qadağandır. Bu səbəbdən də, hətta dialoq və əməkdaşlıq istəsək belə, fiziki olaraq hərəkət etmək imkanımız yoxdur. Bildiyimə görə, bu problemi həll etmək üçün xeyli "səssiz diplomatiya" cəhdləri olub, amma bunların heç biri nəticə verməyib... Ona görə də Azərbaycanın ilk növbədə bir neçə aydın siqnal verməsi və ümumi dəyərlərimizə qayıtmaq niyyətini ortaya qoyması vacibdir”.

Yeni qərəz, köhnə xislət

Azərbaycan dövləti sözünü deyib! Ermənilərin əlində oyuncağa dönən, Qarabağdakı separatçıların ədalətli mühakiməsinə mane olmaq istəyən, onların azadlığı üçün çalışan, Qarabağdan könüllü köçən ermənilərin geriyə qayıdışı üçün canfəşanlıq etdiyi halda, Qərbi Azərbaycandan deportasiya olunan 300 min nəfərin haqlı tələblərinə biganə qalan, 4 min əsir və itkinimizlə bağlı İrəvana sorğu belə, göndərməyən, 44 günlük müharibədən sonra 400-dən artıq Azərbaycan vətəndaşının mina qurbanı olmasına görə təcavüzkarı ittiham etməyən, əksinə, AŞPA, Avropa İttifaqı, Fransa XİN-i, Niderland, Belçika parlamentləri səviyyəsində Azərbaycana müharibə elan edənlərlə bizim əməkdaşlığımız ola bilməz! Öncə tövbə etməlidirlər! Erməni diasporunun çirkli pulları hesabına Azərbaycan əleyhinə ləyaqətsizcəsinə davrananlar, işğal vaxtı qanunsuz olaraq Qarabağa səfər edənlər, əsassız qətnamələrə səs verənlərin “qara siyahı”ya salınması onlar haqqında humanist qərardır əslində...

AŞPA prezidenti başda olmaqla, bu qurum, həmçinin Avropa Parlamenti miskin duruma düşüb. Azərbaycan Prezidenti ilə Avropa Komissiyasının rəhbərinin birgə brifinqində səsləndirilən fikirlər əslində həmin anti-Azərbaycan mərkəzlərə sərt sillədir. Prezident İlham Əliyev deyib: “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk”.

Dövlət başçımızın bu fikirlərinə reaksiyasında Avropa Komissiyasının Prezidentinin dedikləri bəzi fikirlərə diqqət edək: “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam. Bu tərəfdaşlıq Prezidentin indicə təsvir etdiyi kimi real təkana malikdir. Lakin ilk növbədə, icazə verin, bu regionda bir neçə onilliklər baxımından baş vermiş ən mühüm hadisəyə istinad edim. Sülh. İcazə verin, Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”.

Əslində AŞPA rəhbərliyini, üzvlərini və digər anti-Azərbaycan mərkəzləri rəzil vəziyyətə salan, dəli edən bu kimi mövqelərdir. Onların məram-məqsədi Azərbaycan - Avropa İttifaqı münasibətlərini korlamaq, Ermənistanla başlamış sülh prosesini pozmaq id. İndi də sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Hətta Paşinyanın istəmədiyini – separatçı caniləri Bakıdan istəyirlər, zəhləmizi tökürlər!
Beləliklə, üzr zamanı çatdı, əgər əməkdaşlıq etmək və bir daha yanlışlara yol verməmək niyyətindədirlərsə...Azərbaycan dövləti “şvabekimilər fəsiləsi”nin üzvlərini bağışlayacaqmı?..