Banqladeşin keçmiş baş naziri vətənə qayıtmaq qərarına gəlib – barəsində ölüm hökmü var
2024-cü ildə hakimiyyətin zorakı şəkildə dəyişdiyi Banqladeşdəki vəziyyət yeni bir hadisə ilə sarsıla bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hazırda Hindistana sığınan devrilmiş baş nazir Şeyx Hasina ölüm hökmü ilə üzləşdiyi vətəninə qayıdacağını açıqlayıb. Hasina bu addımı dekabrda atacağını bəyan edib. Lakin belə bir açıqlamanın özü cəmiyyətdə bu günə qədər bərqərar olan kövrək tarazlığı poza bilər. Hesab olunur ki, keçmiş liderin ümid etdiyi məhz budur.
Banqladeş üzrə Beynəlxalq Cinayət Tribunalı (2009-cu ildə ölkədə yaradılmış xüsusi qurum) keçən il Şeyx Hasinanı insanlığa qarşı cinayətlərdə, o cümlədən qətl və işgəncələrdə iştirak etməkdə günahkar bilib. O, tələbə etirazlarının vəhşicəsinə yatırılmasını əmr edib və bu, ölkə miqyasında üsyana çevrilib. İğtişaşlar zamanı 1400 nəfər öldürülüb. Nəticədə hökumət başçısı qonşu Hindistana qaçmaq məcburiyyətində qalıb, ordu isə etirazçıları dəstəkləyib.
Şeyx Hasinanın 20 il hakimiyyətdə olan Avami Liqası partiyası qadağan edilib. Üç hakim sabiq baş naziri onu qiyabi olaraq ölüm hökmünə məhkum edib. Lakin Yeni Delhi Banqladeş hökumətinin onun ekstradisiyası ilə bağlı tələblərinə cavab verməyib.
Əgər Şeyx Hasina Banqladeşə qayıtsa, o, dərhal həbs olunacaq və barəsindəki hökm icraya yönəldiləcək. Lakin 78 yaşlı Şeyx Hasina bundan qorxmadığını bildirib və “Röyters” agentliyinə deyib: "Qayıtdığım zaman həbs oluna, hətta öldürülə bilərəm. Partiyamın liderləri və fəalları amansız repressiyalara məruz qalırlar. Əgər ölüm gəlsə, istəyirəm ki, bu, valideynlərimin dəfn olunduğu və qanlarının töküldüyü doğma torpağımda olsun".
Hazırda Banqladeşdə vəziyyət gərgindir. 2026-cı ilin fevral ayında keçirilən seçkilər Tariq Rəhmanın rəhbərlik etdiyi Milliyyətçi partiyanı hakimiyyətə gətirib. O, Şeyx Hasinanın hakimiyyəti dövründə geniş yayılmış dövlət zorakılığına son qoyacağına söz verib. T.Rəhman 1996-cı ildən 2001-ci ilə qədər, daha sonra isə 2009-cu ildən 2024-cü ilə qədər ikinci dəfə hakimiyyətdə olub.