📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Başqa ölkənin siyasi fəalı olmaq – bu, artıq azarkeşlik məsələsi deyil

2026-07-12 16:38:45

Başqa ölkənin siyasi fəalı olmaq – bu, artıq azarkeşlik məsələsi deyil

İranın mərhum lideri Əli Xamneyinin uzun sürən vida mərasimi və dəfn prosesi, eləcə də ABŞ-İran müharibəsinin yenidən qızışması ölkəmizin ictimai-siyasi fəalları arasındakı münasibətləri yenidən gərginləşdirib.

Yenə İrandakı dini-hərbi rejimə dəstək bildirənlər və onların mövqeyi ilə razılaşmayanlar var.

Başqa dövlətin problemlərini, daxili işlərinə dair özəllikləri ürəyinə salan, onları özünə dərd edən vətəndaşlarımızın bu qədər olması, sözsüz ki, normal hal deyil.

Çünki İran güllük-gülüstanlıq olsa da, hazırda olduğu kimi müşküllər girdabında çabalasa da, başqa ölkədir və bunun başqa qanunlar əsasında yaşayan xarici ölkənin vətəndaşlarının həyatına və rifahına təsiri yoxdur. Elədirsə, səhərdən axşama qədər İranın dərdini çəkmək, televizorunun çanaq antenini Tehrana tuşlamaq əbəsdir.

İran böyük dövlətdir, 90 milyon əhalisi, yüz minlərlə siyasətçisi, milyonlarla ictimai-siyasi fəalı var. Onlar öz problemlərini özləri həll edəcəklər və ya etməlidirlər. Bizimkilərin burada oturub İrana azarkeşlik etmələri boşuna nəfəs və enerji tükətməkdir.

Daha pisi odur ki, İrana azarkeşlik edənlər, onun xarici aqressora qalib gəlməsini istəyənlər heç də İrandakı mülki hakimiyyətin ölkədə dominant qüvvəyə çevrilməsindən yana deyillər, onlar məhz hərbi-teokratik qüvvələri dəstəkləyirlər, molla-SEPAH güruhuna qahmar çıxırlar.

Onlara qarşı olanlar məsələyə əsasən Azərbaycan dövlətinin maraqları prizmasından yanaşırlar. Düzdür, İranın yeritdiyi məzhəbçilik siyasətinin islam həmrəyliyinə zidd olduğunu, dində təfriqə yaratdığını əsas mülahizə kimi irəli sürənlər də var, amma çoxluq İranı təmsil edən yüksək rütbəli hərbçilərin, din xadimlərinin, deputatların və diplomatların ölkəmizə yönəlik qeyri-dost açıqlamalarına istinad edirlər.

Xüsusilə də İranın ərazi bütövlüyünə, suverenliyinə heç bir dəxli olmayan, ona töhlükə törətməyən, Azərbaycanın bir-birindən ayrılmış iki torpağının arasında körpü salmaq anlamına gələn Zəngəzur dəhlizi məsələsində rəsmi Tehranın olduqca qeyri-konstruktiv mövqe tutması, illərdən bəri eyni sözü deyib durması ölkəmizdə hiddətə səbəb olur.

İranı idarə edən faktiki hakimiyyət komandasının “Zəngəzur dəhlizi”ni öz “qırmızı xətti” elan etməsi kimi, ölkəmizin ictimai-siyasi fəallar kəsimi üçün də bu qırmızı xəttdir. Çünki 35 ildir ki, Naxçıvanla Zəngilan və Bakını birləşdirən quru yolun (dəmiryolun) açılması həyati məsələdir. Ancaq İran Naxçıvan şiələri üçün nəfəslik demək olan bu dəhlizin qapalı qalmasını, dolayısı ilə öz din-məzhəb qardaşlarının əziyyət çəkməsini istəyir.

Belə olanda İran və onun siyasi hakimiyyəti Azərbaycanda sevimli olmur və xalqın mühüm bir kəsimi Tehrana rəğbət bəsləyənlərə də tənqidi yanaşır.

İranpərəstlərin bu qədər çox olması isə illərlə aparılmış məqsədyönlü təbliğat-təşviqat, cəlbetmə, şirnikləndirmə işinin məticəsidir. İranın kəşfiyyat strukturları illərlə ölkəmizdə böyük pul-para hesabına əhatəli iş aparıblar: siyasi partiya yaradıblar, “qardaşlıq qrupları” formaaşdırıblar, media qurumları yaradıblar, “həlledici anda ayağa qaldırmaq üçün” mütəşəkkil dəstələr səfərbər ediblər.

Bu üzdən idi ki, bəzən İranda düymənin basılması ilə ortaya yüzlərlə, minlərlə etirazçı kütlə çıxır, hansısa bəhanə ilə Azərbaycanın hüquq-mühafizə orqanlarına müqavimət göstərirdilər. Axırda onlar dövlət quruluşuna, cəmiyyətin sekulyar dəyərlərinə təhlükə kəsb etməyə başladılar. Bu kateqoriyadan olan şəxslər artıq leqal fəaliyyətə keçmişdilər, açıq-aşkar ölkəmizdə, çoxkonfessiyalı Azzərbaycanda məzhəb şəriətinə əsaslanan teokratik rejim bərqərar etmək fikirlərini izhar edirdilər.

Bir yerdən sonra xarici ölkənin maraqlarına fanatikcəsinə qulluq edənlərə qarşı tədbirlər görüldü və yəqin ki, hələ də görülür. Bəzən bunu dindarların sıxışdırılması kimi qələmə verməyə çalışanlar olur, amma heç kəs namazını qılıb, orucunu tutan, öz mömün həyatını yaşayanlara bir söz demir. Minlərlə bu cür möminlər də var, onlar öz mənəvi, ruhani həyatlarını yaşayırlar və dini ayinləri icra edərkən İrana boylanmırlar.

Yoxsa İran İsraillə dalaşanda Təl-Əvivi, ABŞ ilə döyüşəndə Vaşinqtonu, Səudiyyə Ərəbistanı ilə intriqaya girəndə ər-Riyadı Türkiyə ilə pozuluşanda Ankaranı canfəşanlıqla pisləmək, lənətləmək dini ibadət deyil, bu, olsa-olsa, siyasi fəal olmaq və həmin dövlətin xarici siyasət kursuna ayaq uydurmağa çalışmaqdır.

Təəssüf ki, bizim iranpərəstlər özlərini Tehranda, Qumda, Məşhəddə yaşayan yerli siyasi fəallar kimi aparırlar. Bu isə yanlışdır. Onlar Azərbaycan vətəndaşıdırlar və başqa ölkənin qarşısında hüquqi, siyasi məsuliyyət daşımırlar, eyni zamanda başqa bir dövlətin icra orqanlarından əmr, göstəriş gözləməməli, almamalıdırlar.

“5-ci kolon” termini politoloji anlayışdır, ancaq bu, əndazəsini aşan insanları “xarici agent” ittihamına məruz qoya bilər.