📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Binənin 30 illik su problemi niyə həll olunmur? - ŞİKAYƏT

2026-07-09 18:52:02

Binənin 30 illik su problemi niyə həll olunmur? - ŞİKAYƏT

Bir neçə ay əvvəl Musavat.com Bakının Xəzər rayonu, Binə qəsəbəsinin "Sovxoz" adlanan "İki qardaş şəhidlər" küçəsində 30 ilə yaxındır davam edən içməli su problemini ( https://musavat.com/news/30-ildir-su-uzune-hesret-paytaxt-qesebesi-tonlarla-suyu-pulla-aliriq-video_1248296.html ) işıqlandırmışdı.

Həmin vaxt sakinlər mərkəzləşdirilmiş su xəttinin olmamasından, suyu tonlarla pulla almağa məcbur qaldıqlarından, gündəlik məişət ehtiyaclarını belə çətinliklə qarşıladıqlarından şikayət edirdilər.

Araşdırmadan sonra aidiyyəti qurumlar Musavat.com-un sorğusuna cavab olaraq bildirmişdi ki, ərazidə içməli su təchizatı sisteminin qurulması ilə bağlı layihələr hazırlanıb və işlər Dövlət İnvestisiya Proqramı çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək. Sakinlərə də problemin yaxın aylarda həll olunacağı ilə bağlı ümid verilmişdi.
Aradan aylar keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib. Binə sakini Asif Məmmədov Musavat.com-a deyib ki, əksinə, vəziyyət əvvəlkindən də ağırlaşıb: "Hər şey necə vardısa, elə də qalıb. Hətta əvvəl indikindən yaxşı idi, indi vəziyyət daha da pisləşib. Yay istisində çox əziyyət çəkirik. Suyu ordan-burdan maşınla daşıyırıq."

Asif Məmmədovun sözlərinə görə, reportajdan sonra müxtəlif dövlət qurumlarına müraciət etsə də, heç bir nəticə əldə olunmayıb: "Aidiyyəti idarələrin qapısına getdim, müraciətlər etdim. Hətta məni çağırıb “Niyə belə danışırsan?” deyə sorğu-sual da etdilər. Amma heç nə dəyişmədi. Hər şey olduğu kimi qalıb".

Sakin deyir ki, hazırda da suyu maşınlarla almağa məcburdurlar. Bir ton suyun qiyməti 6-7 manatdır və yay aylarında ailənin gündəlik tələbatı üçün ən azı 1-2 ton su tələb olunur: "İsti havalarda su sərfiyyatı daha çox olur. Evdə 3-4 nəfər yaşayırıq. Çimmək, paltaryuyan maşın və digər məişət ehtiyacları üçün xeyli su lazımdır. Həyətdə əkdiyim ağaclar, güllər susuzluqdan hamısı quruyub”, - deyə o bildirib.

Musavat.com-un əvvəlki araşdırması zamanı Xəzər Rayon İcra Hakimiyyəti bildirmişdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Xəzər rayonunun yaşayış məntəqələrində içməli su təchizatı sisteminin qurulması üçün layihə sənədləri hazırlanıb və tikinti-quraşdırma işləri Dövlət İnvestisiya Proqramı çərçivəsində mərhələlərlə həyata keçiriləcək.

Qeyd edilirdi ki, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastrukturun qurulması istiqamətində layihələr icra olunur, sözügedən ərazidə də içməli su təchizatının mərhələli şəkildə təmin ediləcək.

Lakin sakinlərin dedikləri göstərir ki, verilən vədlərə baxmayaraq, Binənin bu yaşayış massivində insanlar hələ də su probleminin həllini gözləyirlər. Yayın ən isti günlərində tonlarla suyu pulla almağa məcbur qalan sakinlər aidiyyəti qurumların problemi nə vaxt həll edəcəyinə dair konkret tarix gözləyirlər.
Musavat.com mövzunu diqqətdə saxlayacaq.