Binəqədidəki dəhşətli partlayış işi Ali Məhkəməyə çıxır – İbrahimov hökmdən narazıdır
İl yarımdan artıq vaxt keçməsinə baxmayaraq, 2024-cü il yanvarın 15-də Binəqədi rayonunda yerləşən “Bakı Ağac Emalı” ASC-nin ərazisində baş vermiş, 10 nəfərin həyatına son qoyan və 23 nəfəri yaralayan partlayışın hüquqi taleyi hələ də yekunlaşmayıb. İş üzrə təqsirli bilinən müəssisənin faktiki sahibi Tağı İbrahimov və müəssisənin inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev barələrində çıxarılmış hökmə qarşı kasasiya şikayəti veriblər. Ali Məhkəmədə işə hakim Teyyub Muxtarovun sədrlik etdiyi məhkəmə kollegiyası baxacaq. İlkin baxış iclası iyulun 15-nə təyin edilib.
Azərbaycanın son illərdə ən ağır sənaye faciələrindən birinə görə hüquqi məsuliyyətin harada başlayıb, harada bitdiyi suallar bu gün də açıq qalır. 2024-cü ilin yanvar səhəri Binəqədidə fəaliyyət göstərən mebel emalatxanalarında baş verən güclü partlayış və ardınca başlayan yanğın yaddaşlara ən ağır istehsalat faciələrindən biri kimi həkk olub.
Hadisə nəticəsində 10 nəfər həyatını itirdi, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Partlayış yalnız insan itkisi ilə nəticələnmədi, müəssisənin ərazisindəki əmlaka və ətraf mühitə də ciddi ziyan vurdu.
Bu faciə təsadüf idimi, yoxsa qarşısı alınması mümkün olan səhlənkarlığın nəticəsi?
Baş Prokurorluğun apardığı istintaq nəticəsində məsuliyyət müəssisənin faktiki sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə qoyuldu. İstintaq gəldiyi qənaətə, sonradan məhkəmə hökmündə yer alan əsaslandırmaya görə onlar üzərilərinə düşən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək vəzifəsi yerinə yetirməyib və bu səhlənkarlıq ehtiyatsızlıqdan çoxsaylı insan tələfatına gətirib çıxarıb. Tağı İbrahimova bununla yanaşı, xüsusilə külli miqdarda vergidən yayınma ittihamı da irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki təqsirləndirilən şəxsə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdi. Daha sonra Bakı Apellyasiya Məhkəməsi Amnistiya Aktını tətbiq edərək onların hər birinin cəzasını 6 ay azaldıb. İndi isə müdafiə tərəfi işin Ali Məhkəmədə yenidən hüquqi qiymətləndirilməsini istəyir.
Belə faciələrdən sonra cəmiyyət adətən təkcə məhkəmə hökmünü deyil, sistemin necə işlədiyini də sorğulayır. Yanğın təhlükəsizliyi qaydalarına kim nəzarət edib? Risklər əvvəldən məlum idisə, niyə qarşısı alınmayıb? İstehsalat obyektlərində təhlükəsizlik standartlarının kağız üzərində deyil, real həyatda tətbiqi necə təmin olunur?
Bu suallar yalnız "Bakı Ağac Emalı" işi ilə bağlı deyil. Onlar Azərbaycanda sənaye təhlükəsizliyi sisteminin ümumi vəziyyəti barədə də müzakirələri yenidən gündəmə gətirir. İş üzrə əsas təqsirləndirilən şəxslərdən biri olan Tağı İbrahimov Azərbaycanın sabiq Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.