📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bu dəfə tam fərqli olacaq...” – SEPAH ABŞ-İsrail koalisiyasını hədələyir

2026-06-02 16:28:51

“Bu dəfə tam fərqli olacaq...” – SEPAH ABŞ-İsrail koalisiyasını hədələyir

İranın hərbi və operativ imkanları atəşkəs dövründə daha da artıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi sözçüsü, general Sərdar Mohebi bəyan edib.

“AzPolitika” xəbər verir ki, SEPAH rəsmisi bu barədə İranın IRIB dövlət televiziyasına müsahibəsində danışıb. General Mohebi Tehranın hərbi cəhətdən daha da gücləndiyini vurğulayıb: “Bu gün bizim silahlı qüvvələrimiz keçmişlə müqayisədə qat-qat daha yaxşı və hazır vəziyyətdədir”.

SEPAH rəsmisi qeyd edib ki, ABŞ-İsrail koalisiyasının İrana qarşı yönələn hərbi addımları rəsmi Tehran üçün bir növ kəşfiyyat fürsəti yaradıb. Onun sözlərinə görə, bu gərginlik nəticəsində İran ordusunun “düşmənin silahlı qüvvələri haqqında operativ və taktiki bilikləri” əhəmiyyətli dərəcədə genişlənib.

General qarşı tərəfi gələcək hərbi əməliyyatlarla bağlı xəbərdar edərək, növbəti mərhələnin daha dağıdıcı olacağına eyham vurub:

“Əgər düşmən yenidən döyüş meydanına qayıtsa, icra olunacaq əməliyyatların növü, döyüşlərin coğrafiyası və hətta istifadə olunacaq silahlar tamamilə fərqli olacaq. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bütün mümkün ssenarilərə tam şəkildə hazırdır”.

Xatırladaq ki, cari ilin aprelin 8-də tərəflər arasında rəsmən atəşkəs elan edilsə də, ötən müddət ərzində bu rejim bir neçə mühüm nöqtədə pozulub və tərəflər buna görə bir-birini ittiham etməyə davam edirlər. Tehrandan gələn son açıqlamalar isə bölgədə hər an yeni hərbi eskalasiyanın başlaya biləcəyindən xəbər verir.