Bu ərazidə evlər bahalaşdı — Açıqlama
Bakıda yeni metro xətlərinin tikintisi təkcə nəqliyyat sisteminə deyil, daşınmaz əmlak bazarına da ciddi təsir göstərəcək. Yeni stansiyaların inşa olunacağı ərazilərdə mənzil qiymətlərində nəzərəçarpacaq artım müşahidə ediləcək. Bəs metro tikintisi ən çox hansı küçə və qəsəbələrdə qiymət artımına səbəb olacaq?
Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, metro tikintisi iki xətt üzrə aparılacaq:

Birinci yaşıl xətt, ikinci isə bənövşəyi xətt olacaq. Yaşıl xətt üzrə Ağ şəhərdə, 8 Noyabr prospekti istiqamətində, daha sonra NZS və Neftbaza qəsəbələrində, Nargilə dairəsi istiqamətində, həmçinin Həzi Aslanovda ikinci metro xəttinin tikintisi planlaşdırılır. Bu xətt şəhərə gediş məsafəsini qısaltmaq məqsədi daşıyır. Bənövşəyi xətt üzrə isə Cəlil Məmmədquluzadə küçəsi istiqamətində, Nizami metrostansiyasının ətrafında, Sahil və Xətai metrostansiyalarının yaxınlığında, Neftçilər Xəstəxanasının yaxınlığında və Babək prospekti istiqamətində yeni metrostansiyalar planlaşdırılır. Gələcəkdə Mehdiabad, Ziya Bünyadov prospekti, Baksol massivi və Binəqədi istiqamətində də yeni metro xəttinin çəkilməsi nəzərdə tutulur. Hazırda bu layihə proqramda yoxdur, amma gələcəkdə həyata keçirilməsi planlaşdırılır".
Ekspert deyib ki, bütün bu yeni metrostansiyalar yaxınlıqdakı küçələrdə təxminən 15-30 faiz qiymət artımına səbəb olacaq:
"Hətta indi, planlaşdırma mərhələsində belə, yeni metrostansiyaların yaxınlığında qiymətlər artıq 5-7 faiz artıb. Bu birinci mərhələdir və daha çox psixoloji təsir göstərir. İnsanlar məlumatı qəbul edir və həmin ərazilərdəki obyektlərin, eləcə də yaşayış sahələrinin qiyməti artır. İkinci mərhələ tikinti prosesidir. Bu dövrdə müəyyən məhdudiyyətlər olduğuna görə qiymətlərdə ciddi artım hiss olunmur. Amma bazar gələcək potensialı nəzərə alaraq buna hazırlaşmağa başlayır. Üçüncü mərhələ isə tikinti başa çatdıqdan sonrakı dövrdür. Yeni metrostansiyalar həmin ərazilərin əlçatanlığını artırır, infrastrukturu gücləndirir və nəticədə yaxınlıqdakı binaların və yaşayış komplekslərinin qiyməti yüksəlir. Təcrübə göstərir ki, bu artım adətən 15-30 faiz arasında olur. Qiymət artımının gözlənildiyi küçələr sırasında Xocalı prospektinin Ağ şəhərə çıxan hissəsi, Yaşıl Ada küçəsi, Mərkəzi Bulvar, Süleyman Vəzirov küçəsi və Nobel prospekti var. Babək prospektində də ciddi bahalaşma gözlənilir. Bundan başqa Məhəmməd Hadi küçəsi, Keşlə qəsəbəsi, Nəcəfqulu Rəfiyev küçəsi, Əlibəy Hüseynzadə küçəsi, NZS və Neftbaza qəsəbələri də bu siyahıya daxildir. Köhnə Günəşli, Qaraçuxur, Binəqədi, Ziya Bünyadov prospekti boyunca yerləşən ərazilər, Baksol massivi, Binəqədi şosesi, Sulutəpə və Biləcəri ətrafında da qiymətlərin artacağı gözlənilir. Ümumi qiymət artımı fonunda bu ərazilərdə bahalaşma digər yerlərlə müqayisədə daha yüksək olacaq", - deyə o qeyd edib.