“Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır”
“Bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq”.
Hurriyyet.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlət başçısı əlavə edib ki, bizim gündəliyimizdə, həmçinin rəqəmsal transformasiya və süni intellektin inkişafı məsələləri də yer alır:
“Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır. Biz bunu kitablarda oxumuruq, bunu real həyatda görürük”.
Gündəliyimizdəki məsələlərin sayının çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bir sözlə, biz imkanlarımızı genişləndirməliyik, müdafiəmizi gücləndirməliyik, milli maraqlarımızı müdafiə etməliyik və mümkün qədər çox ölkə ilə praktiki əməkdaşlığımızı gücləndirməliyik”.
“Cənubi Qafqaz vəziyyət kəskin şəkildə dəyişib və buna səbəb İkinci Qarabağ müharibəsi olub. Çünki bir çox yataqlar yerindən tərpəndi. Regionda baş verən digər hadisələr - Azərbaycan tərəfindən suverenliyinin tam bərpa edilməsi, Ermənistanın avropayönümlü fəaliyyəti və bununla bağlı proseslər və s. Zənnimcə, bu, artıq, ümumiyyətlə, həm təhlilçilər tərəfindən, həm də dövlət səviyyəsində vəziyyətin yenidən dəyərləndirilməsini tələb edir”, - dövlət başçısı əlavə edib.