📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu kəndə köçənlərə 85 mindən çox pul veriləcək

2026-07-13 15:44:54

Bu kəndə köçənlərə 85 mindən çox pul veriləcək

İtaliyanın Abruzzo bölgəsində yerləşən tarixi Santo Stefano di Sessanio kəndi əhali azalmasının qarşısını almaq üçün yeni sakinlərə cəlbedici təşviq proqramı təklif edir. Proqram çərçivəsində 18-40 yaş arası şəxslərə simvolik kirayə ilə yaşayış yeri və ümumilikdə 44 min avroya (təxminən 85 min manatdan çox) qədər maliyyə dəstəyi təqdim olunur. Bununla belə, bu məbləğ birdəfəlik ödənilmir və müəyyən şərtlərlə verilir.

Hurriyyet.info  xəbər verir ki, İtaliyanın Apenin dağlarında, dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən kənd Gran Sasso və Monti della Laga Milli Parkının ərazisində yerləşir. Yerli hakimiyyət gənc əhalini bölgəyə cəlb etməklə demoqrafik vəziyyəti yaxşılaşdırmağı və kənd iqtisadiyyatını canlandırmağı hədəfləyir.

Bələdiyyənin açıqladığı proqram bir neçə hissədən ibarətdir:

Üç il ərzində hər il 8 min avroya qədər (ümumilikdə 24 min avro) maliyyə dəstəyi.

Kənddə biznes qurmaq istəyənlər üçün birdəfəlik 20 min avroya qədər qrant.

Bələdiyyəyə məxsus daşınmaz əmlakın simvolik kirayə haqqı ilə istifadəyə verilməsi.

Təşviqdən yararlanmaq üçün namizədlərin 18-40 yaş arasında olması və kənddə ən azı 5 il fasiləsiz yaşamağı öhdələrinə götürməsi tələb olunur. Proqrama İtaliyanın digər bölgələrində yaşayan vətəndaşlar, Avropa İttifaqı ölkələrinin sakinləri və İtaliyada uzunmüddətli yaşayış icazəsi olan əcnəbilər müraciət edə bilərlər. Namizədlər seçilərkən onların peşə təcrübəsi və kəndin ehtiyaclarına uyğun təqdim etdikləri biznes planı əsas meyar kimi qiymətləndirilir.

Kənd rəhbərliyi turizm, mədəniyyət və idman bələdçiliyi, təmir və təmizlik xidmətləri, gündəlik tələbat mallarının satışı, qastronomiya, sənətkarlıq, yerli ərzaq istehsalı və kənd turizmi kimi sahələrdə fəaliyyət göstərmək istəyən namizədlərə üstünlük verir. Məqsəd həm yerli əhalinin ehtiyaclarını ödəmək, həm də bölgəyə gələn turistlərə xidmət göstərməkdir.

Qeyd olunur ki, bu təşviq proqramı ilk dəfə 2020-ci ildə elan edilib və həmin il müraciətlər başa çatdırılıb. Son günlərdə proqram yenidən gündəmə gəlsə də, bələdiyyə hazırda eyni şərtlərlə yeni rəsmi müraciət mərhələsinin açıldığını elan etməyib.