“Bu mundialda “günahkar” Messidir” – Şahin Diniyevdən MARAQLI açıqlamalar
Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını millimizin sabiq baş məşqçisi Şahin Diniyev cavablandırıb. Təcrübəli mütəxəssislə mundial barəsində söhbətləşmişik.
Müsahibəni təqdim edirik:
- Şahin müəllim, bu mundial əvvəlki dünya çempionatlarından nə ilə fərqlənir?
- Bu mundialda fərqlilik çoxdur. İlk növbədə təşkilatçılıq yüksək səviyyədədir. FİFA qüdrətli qurumdur, amma bu qədər möhtəşəm təşkilatçılıq gözləmirdim. İkincisi, hakimlik idealdır. Eyni zamanda, VAR sistemi mükəmməldir. Kimlərsə tənqid edə bilər, amma VAR sistemi saat kimi dəqiq işləyir. Yəni ani qərarlar verilir və hər biri düzgün çıxır. Təbii ki, insan səhv edə bilər, amma texnologiya inkişaf edib və meydanda baş verən məqamı müəyyən edir. Qeyd edim ki, hakimlikdə 17 punkt var. Orada yumşaq, şiddət və s. dərəcələr mövcuddur. Bundan əlavə, penaltiyə, cərimə qərarlarına görə dərəcələr dəyişir. Ona görə də futbola azarkeş gözü ilə baxmaq başqadır, hakimlərin dərəcəyə uyğun qərar verməsi isə ayrıdır. Bu baxımdan, oyunlarla bağlı söz-söhbətlərin olması başadüşüləndir, amma hakimlik bu mundialda idealdır. Məsələn, rasizmə, dodaqaltı danışmağa görə ilk dəfə qırmızı kart göstərilir. Bu da qaydalarda yenilikdir və inkişafdır. Yəni hakimlikdə və qərarlarda qaydalar getdikcə püxtələşir, müasirləşir. Bu mundialı əvvəlkilərdən fərqləndirən digər reallıq isə stadionların azarkeşlə dolmasıdır. Əvvəllər elə oyunlar var idi ki, stadion tam dolmurdu. Ən əsası isə bu mundialda komandaların gücü bərabərləşib. Bu dünya çempionatında sırf outsayder görə bilməzsiniz. Əvvəlki mundiallarda olurdu. Bu mundialda böyükhesablı məğlubiyyət də tək-tük idi. Ən nəhayət, Avropanın futbolda hamıdan daha irəlidə olduğu göründü.
- Ancaq indiyə qədər söz-söhbət gəzir ki, Messinin Argentinasını “futbol mafiyası” məqsədli şəkildə finala qədər daşıdı. Yəni mundialın imici üçün bütün sistem əlbir oldu. Hətta Misirin baş məşqçisi də oxşar fikirlər səsləndirdi. Sizcə, belə konspiroloji rəylər nə dərəcədə inandırıcıdır?
- Deməzdim. Kimlərsə belə danışa bilər. Amma bunu deyənlər Argentinanın son oyunda ikinci hissədəki performansına baxsın. Yaxud Misirlə oyunu yada salaq. Hakimlərin qərarlarında hər hansı səhv olmadı. Məsələn, məndən bir jurnalist soruşdu ki, Tuxel (İngiltərənin baş məşqçisi – E.S) səhv etdi, qoldan sonra müdafiəyə keçdi. Mən də cavab verdim ki, çempionatın belə bir komandasının səhv etdiyini deməyə ixtiyarım yoxdur. Biz onu müzakirə edə bilmərik. Bəyəm Tuxel bizdən az bilir?!
Bizim ixtiyarımız yoxdur ki, onun işində səhv axtaraq. Bu mundialda “günahkar” Messidir. Bütün oyunu o həll etdi. Argentina rəqibin qapısının həndəvərinə çatmırdı, amma Messi oyunu apardı. Odur ki, futbolda belə müzakirələr olur, ancaq həmin oyunda heç kəs İngiltərənin haqqına girmədi.
- Şahin müəllim, son sualımdır - FİFA prezidenti dünya çempionatında iştirakçı komandaların sayının yenidən artırıla biləcəyini açıqlayıb. Komanda sayı 64-ə çatdırıla bilər. Siz bu təklifin tərəfdarısınızmı və bu halda millimizin DÇ-2030-da iştirak şansı yarana bilərmi?
- Komanda sayının artırılmasının tərəfdarı deyiləm. Görünür ki, FİFA üçün bu, məsələnin biznes tərəfidir. Dünya çempionatının öz çəkisi var və onu aşağı endirmək, adiləşdirmək olmaz. Çünki ən güclülər mundiala gəlməlidir. Digər çempionatlardan fərqli olaraq, DÇ ən yüksək yarışdır. Mən bununla zəif komandaları aşağılamıram. Sadəcə, bu qədər millinin iştirakı mundialın çəkisinə uyğun olmayacaq. Azərbaycana gəlincə, dünya çempionatına düşmək şansı var, əgər ölkəmiz ev sahibliyi etsə…