📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

CHP-də zəlzələ: Özgür Özəl elan etdi - 90 deputatla bağlı sensasion iddia

2026-07-21 19:58:38

CHP-də zəlzələ: Özgür Özəl elan etdi - 90 deputatla bağlı sensasion iddia

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanan hüquqi-siyasi böhran fonunda yeni siyasi proseslərin başlandığı barədə tirajlanan iddiaların sayı durmadan artır.

Musavat.com xəbər verir ki, son olaraq türkiyəli jurnalist İsmayıl Saymaz sosial media hesabında diqqətçəkən paylaşım edib. O, iddia edib ki, CHP-nin məhkəmə yolu ilə sədrliyi əlindən alınan keçmiş başqanı Özgür Özəl və komandası "Yeni Parti" adı altında yeni siyasi təşkilatın yaradılması üçün son hazırlıqları tamamlayır. Məlumata görə, partiyanın təsis olunması ilə bağlı rəsmi ərizənin gələn həftə təqdim edilməsi planlaşdırılır. Bildirilir ki, yeni siyasi qurumun nizamnaməsi və proqramı artıq hazırdır. Proqramın "Dəyişiklik zamanıdır" şüarı ilə başlayacağı qeyd edilir. İddialara əsasən, partiyanın ideoloji xətti Türkiyə Cümhuriyyətinin qurucu fəlsəfəsinə, Mustafa Kamal Atatürkün müstəqil, müasir və suveren dövlət konsepsiyasına söykənəcək. Eyni zamanda müasir sosial-demokrat dəyərlərin, Anadolunun birgəyaşayış ənənələrinin və CHP-nin təməl prinsiplərindən hesab olunan "Altı Ox" ideologiyasının əsas istiqamətlər kimi qəbul ediləcəyi bildirilir.

İsmayıl Saymazın siyasi kulislərə istinadən yaydığı məlumata görə, yeni partiyanın əsas məqsədi Türkiyədə hakimiyyət dəyişikliyinə nail olmaq və ölkə idarəçiliyinə gəlməkdir. Proqramda "Türkiyə İttifaqı" anlayışına da xüsusi yer ayrılacağı iddia olunur.

Məlumata görə, yeni partiyanın təsisçiləri arasında millət vəkillərinin də yer alması nəzərdə tutulur. Hətta ən azı 90 CHP deputatının yeni siyasi quruma qoşulacağı ehtimal edilir.

Bundan əlavə, Ali Məhkəmənin CHP qurultayı ilə bağlı mümkün ləğvetmə qərarı verməsi ehtimalı nəzərə alınaraq, yeni partiyanın hüquqi baxımdan fəaliyyətini davam etdirəcək alternativ siyasi platforma kimi açıq saxlanılacağı bildirilir.

İddialara görə, yeni partiyanın baş qərargahı Ankaranın Mustafa Kamal məhəlləsində, əvvəllər Gələcək Partiyasının istifadə etdiyi binada yerləşəcək.

Türkiyə siyasətində gündəmi dəyişə biləcək bu iddiaların yaxın günlərdə necə inkişaf edəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, Özgür Özəl deyib ki, millət tərəfindən seçilmiş parlament üzvləri ilə ilk addımı ataraq yeni partiya qururlar və əhəmiyyətli fərqlə əsas müxalifət partiyasına çevrilirlər.

CHP kürsüsündə sonuncu dəfə çıxış edən Özgür Özəl partiyadan istefa verdiyini açıqlayıb.

CHP-dən yeni partiyanın doğulması Türkiyə müxalifətini gücləndirəcək, yoxsa daha da parçalayacaq? Özgür Özəlin belə bir addımı 2028-ci il prezident və parlament seçkiləri öncəsi siyasi balansı dəyişə bilərmi? Hakim Ədalət və İnkişaf Partiyasına qarşı yeni siyasi format uğur qazana biləcəkmi?

Politoloq Rəşad Bayramovun fikrincə, Özgür Özəl və onun siyasi komandası ilə bağlı yeni partiya təşəbbüsü barədə yayılan iddialar reallaşarsa, bu təbii ki, yalnız bir partiyanın daxilində baş verən təşkilati dəyişiklik olmayacaq: "Düşünürəm ki, bu bütövlükdə Türkiyə siyasətində müxalifətin gələcək strategiyasına təsir edə biləcək mühüm hadisəyə çevrilə bilər.

Türkiyə kimi güclü siyasi rəqabətin mövcud olduğu sistemlərdə əsas müxalifət partiyasında baş verən parçalanmalar iki istiqamətdə nəticə yarada bilər. Bir tərəfdən, yeni siyasi qurum mövcud problemlərdən narazı olan seçicilər üçün alternativ platforma yarada, daha çevik təşkilatlanma geniş kütlələrə çıxış imkanı verə bilər. Digər tərəfdən isə müxalifət elektoratının bölünməsi hakim partiya qarşısında vahid siyasi alternativ formalaşdırmaq imkanlarını zəiflədə bilər.

Özgür Özəl liderliyində yeni siyasi partiyanın əsas sualı onun CHP-dən ayrılan bir struktur, yoxsa daha geniş müxalifət yenilənməsi layihəsi kimi çıxış edib-etməyəcəyi ilə bağlıdır. Əgər yeni partiya yalnız CHP daxilindəki liderlik mübarizəsinin nəticəsi kimi qəbul edilərsə, onun təsir imkanları məhdud qala bilər. Lakin yeni təşkilat daha geniş sosial qrupları və fərqli siyasi baxışları bir araya gətirən yeni model təqdim edə bilsə, Türkiyənin müxalifət xəritəsində mühüm dəyişiklik yarada bilər.

2028-ci il prezident və parlament seçkiləri baxımından isə əsas məsələ müxalifətin səsləri necə bölüşdürəcəyi olacaq. Türkiyədə prezident seçkilərində qalib gəlmək üçün geniş ictimai koalisiya qurmaq vacibdir. Bu baxımdan müxalifət daxilində əlavə bir siyasi mərkəzin yaranması zənnimcə əlavə risklər yaradacaq. Risk isə ondan ibarətdir ki, eyni seçici bazasına müraciət edən bir neçə müxalifət namizəd səslərin parçalanmasına səbəb ola bilər. Unutmamalıyıq ki, Türkiyədə Atatürkün partiyası olaraq tanınan və sədrliyində kimin olmasından asılı olmayaraq hər seçkidə CHP adına səs verən seçicilər var və onların sayı heç də az deyil. Yəni başqa sözlə, CHP-nin öz namizədi ilə seçkilərdə iştirakı halında bu partiya elektoratı yenə də öz namizədinə səs verəcək. Hər hansı bir seçkidə Kılıçdaroğlunun Özələ və ya əksinə, Özəlin Kılıçdaroğluna güzəştə getməyəcəyini nəzərə alsaq, bu parçalanmanın daha çox hakim partiyanın işinə yarayacağını ehtimal edə bilərik.

Odur ki, hakim Ədalət və İnkişaf Partiyasına qarşı yeni siyasi formatın uğur qazanması yalnız təşkilati məsələlərdən asılı deyil. Bunun üçün seçicilərin gündəlik həyatına toxunan konkret proqramlar üzrə inandırıcı mövqe ortaya qoymaq tələb olunur. Türkiyə seçicisi isə təkcə mövcud hakimiyyətə alternativ deyil, eyni zamanda ölkəni idarə etmək qabiliyyətinə malik siyasi model axtarır. Özgür Özəlin bu gözləntiləri nə dərəcədə doğruldacağını isə zaman göstərəcək".