Çin və ABŞ arasında avtopilot SAVAŞI – LiDAR sistemi yoxsa kamera...
Avtomobil sənayesi artıq mühərrik və dizayn yarışından çıxaraq tamamilə yeni bir mərhələyə keçib. Hazırda dünya avtomobil nəhəngləri arasında avtonom idarəetmə və süni intellekt müharibəsi gedir.
Bu gün Çin və ABŞ arasında şiddətlənən avtopilot müharibəsi gələcəyin nəqliyyat modelini müəyyən edir. Bir tərəfdə “Tesla”, “Waymo” və “Zoox”, digər tərəfdə isə “Baidu Apollo”, “Pony.ai”, “WeRide”, “XPeng” və “Geely” dayanır. Bu iki güc mərkəzi artıq kim daha sürətli maşın istehsal edir sualına yox, kim daha təhlükəsiz və tam avtonom sistem qurur sualına cavab axtarır.
ABŞ-də xüsusilə “Tesla” fərqli yanaşma ilə seçilir. Şirkətin strategiyası əsasən kamera əsaslı (vision-only) sistem üzərindən gerçəkləşir. Bu üsulla süni intellektlə qərarvermə, LiDAR və yüksək xəritə asılılığını minimuma endirmək hədəflənir.
LiDAR – avtomobilin ətrafını görmək üçün istifadə etdiyi lazer “göz” sistemidir. “Göz” sözünü təsadüfən demirik. Çünki LiDAR insan gözü kimi ətrafı “görür”, amma bunu işıq yox, lazer şüaları ilə edir. Avtomobilə quraşdırılmış LiDAR çoxlu sayda lazer şüası göndərir. Bu şüalar ətrafdakı obyektlərə - maşına, divara, insana dəyərək geri qayıdır. Sistem şüa nə qədər vaxtda qədər geri qayıtdığını hesablayır. Bu vaxt əsasında məsafə ölçülür. Bunu saniyədə milyonlarla dəfə edir. LiDAR bütün bu məlumatlardan ətrafın 3D xəritəsini, obyektlərin formasını, onların məsafəsini yaradır.