📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Daha bir deputatdan etiraz: “Mühafizəçi dedi ki, qurbağalar kamera görəndə rahatsız olur”

2023-03-28 15:36:00

Daha bir deputatdan etiraz: “Mühafizəçi dedi ki, qurbağalar kamera görəndə rahatsız olur”

“Bakı Bulvar İdarəsinə aid olan ərazilərdə çəkiliş aparmaq istəyən jurnalistlərin hələ də xəbəri yoxdur ki, burada məxfi və dövlət sirrinə dair bir sıra məqamlar var ki, onu göstərmək olmaz. 

Hələ ötən gün bir deputat həmkarımız da gileylənmişdi ki, ona da bu ərazidə müsahibə verməyə imkan tanınmadı. Hələ Bulvar cəhənnəm, bir neçə il öncə bir video müsahibəsi üçün yeri təyin etmişdim Bakı Olimpiya Stadionunun çevrəsindəki parka. Bir də gördüm üfunət iyi gələn gölməçənin həndəvərindən mühafizəçilər tökülüb gəldi ki, bəs burada çəkiliş aparmaq olmaz. Soruşdum ki, nədən? Cavab verdilər ki, gölməçədəki qurbağalar kamera görəndə rahatsız olurlar. Arqument o qədər əsaslı idi ki, müsahibəni yarımçıq qoyub jurnalistdən üzr istəyib hadisə yerindən ayrıldım”. 

Bunu deputat Fazil Qəzənfəroğlu deyib. O bildirib ki, həmin məkana yolu düşəndə telefonla da danışmır:

“Birdən oradakı qurbağaların rahatlığını pozmuş olaram. Bakı Bulvar İdarəsinin mühafizəçilərinin görünür səmimiyyəti çatmayıb ki, burada da qurbağaların narahatlığını dilə gətirsinlər. Görünür, Bakı Bulvar İdarəsinin himayə etdiyi qurbağalar elit sayıldıqlarından özləri adlarının hallandırılmasını istəməyiblər. Sabunçu qurbağaları xalqa daha yaxın gölməçədə yaşadıqlarından onlarda utancaqlıq kompleksi çoxdan ortadan qalxıb. Bir də qurbağaların yaşamadığı xeyli gözəl və yaraşıqlı parklar var, bəlkə çəkilişlərinizi orada aparasınız?

Yaxın günlərdə bəlkə yeni qanun layihəsi verməyə zərurət yaranıb? Niyə də olmasın? Adı sadə olacaq- "Çəkiliş aparmağa və ya müsahibə verməyə icazə verilən parklar və əyləncə məkanları haqqında" Qanun.

Ona görə də, əziz jurnalistlər və siyasətçilər! Qanunsuzluğa baş vurmadan bir az səbrli olun və unutmayın ki, media azadlığı qurbağaların hüququnun pozulduğu yerdə artıq işləyə bilməz”.

Xatırladaq ki, bir neçə gün öncə deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin Bulvarda müsahibəsinə icazə verilməyib. Deputat bunun heç bir məntiqi açıqlamasının olmadığını bildirərək Bakı Bulvar İdarəsindən üzrxahlıq gözlədiyini deyib. İdarə isə deputatın iradları ilə razlaşmayıb. 

Cebhe.info