Dəlixanaya saldılar, sonra həbs etdilər - Putini “hərbi cani” adlandırmışdı...
Vladimir Putini “müharibə cinayətkarı” adlandıran Z-bloqer İlya Remeslo “Rusiya ordusu haqqında saxta məlumatlar yaymaq” (Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi)ittihamı ilə Sankt-Peterburqda saxlanılıb.
Hurriyyet.info xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.
Vəkili Sergey Badaşminin sözlərinə görə, o, məhkəməyəqədər həbs üçün Moskvaya aparılıb. Remeslonun 10 ilə qədər həbs cəzası gözləyə bilər. Artıq onun evində də axtarışlar aparılıb. Anası Tatyana bloqçunun saxlanıldığını təsdiqləyib.
Bundan əvvəl Remeslo Putinin ünvanına söylədiyi ağır ittihamlara görə, psixiatrik xəstəxanaya göndərilmişdi. Bu, 19 martda, Remeslonun gözlənilmədən bir sıra açıqlamalar dərc etməsindən bir gün sonra baş vermişdi. Həmin açıqlamalarda o, digər məqamlarla yanaşı, Putini hakimiyyəti ələ keçirməkdə günahlandırıb və onu “qanunsuz prezident” adlandırıb. Əvvəllər Rusiya hökumətini fəal şəkildə dəstəkləyən və müxalifətə qarşı çıxış edən bloqer sonradan özünün Telegram kanalında Ukraynadakı müharibə, internet, media senzurası və s. səbəblərdən Putindən narazılığını bildirib. O, həmçinin Putinin "hərbi cani və oğru" kimi məsuliyyətə cəlb edilməsinə çağırıb. Aprel ayında xəstəxanadan çıxdıqdan sonra Kseniya Sobçakla müsahibəsində Remeslo yenidən Putinin "ölkədəki bütün problemlərin əsas səbəbkarı" olduğunu bildirib.