📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dini jurnalistika və media etikası təlimləri keçirilməlidir

2026-07-16 21:01:40

Dini jurnalistika və media etikası təlimləri keçirilməlidir

Teleradio Akademiyasının bazasında dini jurnalistika və media etikası üzrə ixtisaslaşmış təlimlərin keçirilməsi təklif olunub.

Modern.az xəbər verir ki, bu təkliflə Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” adlı panel sessiyada Teleradio Akademiyasının rektoru Almaz Mahmud çıxış edib.

Onun sözlərinə görə, bu təlimlər formal xarakter daşımamalı, peşəkar jurnalistlərin iştirakı ilə praktiki bilik və bacarıqların artırılmasına xidmət etməlidir.

A.Mahmud bildirib ki, dini mövzuların işıqlandırılmasında jurnalist ilk növbədə faktlara söykənməlidir:

“Jurnalistikanın dəyişməyən prinsipi faktdır. Sənin də ədalətin ola bilər, mənim də, amma fakt faktdır. Dini mövzuda da başqa yol yoxdur, jurnalist fakta istinad etməlidir”, – deyə o qeyd edib.

Rektorun sözlərinə görə, beynəlxalq jurnalistika kodeksləri dəqiqlik, müstəqillik, qərəzsizlik, bəşərilik və məsuliyyət prinsiplərinə əsaslanır.

O həmçinin vurğulayıb ki, jurnalist hər hansı məlumatı yaymazdan əvvəl onun cəmiyyətə fayda və ya zərər verəcəyini nəzərə almalıdır:

“Elə informasiya var ki, sənə reytinq gətirə bilər, amma onu yaymamalısan. Jurnalist özünə sual verməlidir: mən bu məlumatla cəmiyyətə fayda verirəm, yoxsa zərər?”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, dini müxtəlifliyə hörmət jurnalistin əsas peşə prinsiplərindən biridir və bu istiqamətdə redaksiyalarda çalışan gənc jurnalistlər üçün etik davranış və dini savadlılıq üzrə müntəzəm təlimlər keçirilməlidir.

“ABŞ-də media nümayəndələri üçün dözümlülük və etik davranışla bağlı təlimlər keçirilir. Bizim media qurumlarında da belə təlimlərə ehtiyac var”, - deyə o qeyd edib.