📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİQQƏT! Ətin qiyməti bahalaşır?

2026-07-08 22:17:36

DİQQƏT! Ətin qiyməti bahalaşır?

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yeni qərarına əsasən, bundan sonra ölkəyə idxal olunan diri heyvanlar yalnız xüsusi təchiz olunmuş, ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. Daşınmada istifadə edilən avtomobillər mütləq qaydada Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"ndə nəzərdə tutulan tələblərə tam cavab verməlidir.

Yeni qaydaların qüvvəyə minməsi ictimaiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bir sıra iqtisadçılar hesab edirlər ki, daşınma xərclərinin artması idxal prosesini bahalaşdıracaq və nəticədə bu əlavə xərc bazarda ətin satış qiymətinə də təsir göstərə, bahalaşmasına səbəb ola bilər.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb.

XALİD SON.png (554 KB)

İqtisadçı qeyd edib ki, yeni qərar ölkəyə idxal olunan diri heyvanların qiymətinin bahalaşmasına təsir göstərə bilər:

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin heyvan daşınması zamanı beynəlxalq standartların tətbiqinə dair planı qısamüddətli dönəmdə idxal xərclərini artıra bilər və idxal xərclərinin artması da idxal olunan heyvanların qiymətini bahalaşdıra bilər. Burada məsələ ondan ibarətdir ki, heyvanların daşınması zamanı nəqliyyat vasitələrinin ixtisaslaşmış formada olması, üstəgəl, heyvanların daşınma sayına məhdudiyyətin tətbiqi heyvan başına düşən daşıma və logistika xərclərinin artmasına gətirib çıxaracaq. Həm də eyni zamanda həmin ixtisaslaşmış nəqliyyat vasitələri adi nəqliyyat vasitələrinə nisbətən daha baha başa gələcək, çünki onların sayı da məhduddur. Üstəlik, bir maşında daşınacaq heyvan sayının az olması da hər heyvanın üzərinə düşən daşıma xərclərinin artmasına gətirib çıxaracaq. Bu da, təbii ki, idxal qiymətinə təsir göstərəcək. Satıcılar, daşıyıcılar, idxalçılar logistika xərclərinin artımını məhsulun maya dəyərinə daxil edəcəklər. Ən azından növbəti idxal prosesləri zamanı bu xərcləri nəzərə alacaqlar. Sərf edəcəksə, bu işi görməyə davam edəcəklər. Təbii ki, bu, qiyməti artıran faktordur və qısamüddətli dönəmdə idxal qiymətlərini artıra bilər. Daxili bazara nə cür təsir göstərəcək? Pərakəndə qiymətlərə nə cür təsir göstərəcək? Burada bir çox faktorlar var. Təbii ki, idxal olunan heyvanlar və heyvan əti bazarda qiymətlərə təsir göstərir. Amma burada məqam təkcə onunla əlaqədar deyil. Yerli məhsul istehsal olunan heyvan ətinin həcmi də burada əhəmiyyətlidir, rəqabətin həcmi də burada əhəmiyyətlidir. Yəni təkcə idxal xərclərinin artması qiymətlərin avtomatik artmasına səbəb olmaya da bilər. Amma ümumilikdə idxalın bahalaşması qiymətlərin bir qədər yüksəlməsinə təkan verə bilər. Çünki nəzərə alsaq ki, son illər Azərbaycanda ət bahalaşır və idxalda həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanların qiymətlərinin formalaşmasında idxal getdikcə daha çox təsirə malik olur. Eyni zamanda idxalın əhəmiyyətli artımı var. Bu baxımdan müəyyən təsirə malik ola bilər, amma əhəmiyyətli və kəskin artımdan söhbət gedə bilməz".

İqtisadçı hesab edir ki, qərarın uzunmüddətli perspektivdə müsbət nəticələri də mümkündür:

"O ki qaldı qərarın uzunmüddətli təsirinə, qərar uzunmüddətli dönəmdə baytarlıq xərclərini aşağı salaraq, heyvan itkisini aşağı salaraq, idxalçıların bu istiqamətdə sərf etdikləri xərcləri azalda bilər. Yəni logistika xərclərinin artımının eyni zamanda heyvanların daşınması zamanı ortaya çıxan itkilərin azalması və yaxud baytarlıq xərclərinə qənaət edilməsi formasında kompensasiya kimi müsbət təsirləri də ola bilər".

Məsələ ilə bağlı AQTA-dan Musavat.com-a bildirilib ki, yeni tələblərin tətbiqinə hazırlıq məqsədilə 2027-ci il yanvarın 1-dək keçid dövrü müəyyən edilib:

"Bu müddətdə ölkəyə idxal edilən heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbə üzrə yerləşdirilməsinə icazə veriləcək və daşınma zamanı maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60 baş, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş təşkil edəcək".

AQTA vurğulayıb ki, qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil. Əsas hədəf ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin minimuma endirilməsi, eləcə də heyvan rifahı sahəsində beynəlxalq standartların tətbiqinin təmin edilməsidir:

"Heyvanların idxalı zamanı istifadə olunan nəqliyyat vasitələri daşınma funksiyasını yerinə yetirmir. Bu nəqliyyat vasitələri sərhəd baytarlıq nəzarəti məntəqələrində heyvanların təhlükəsiz şəkildə boşaldılması, fərdi kliniki müayinəsi və zərurət olduqda laborator müayinələr üçün nümunələrin götürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin konstruksiyası onların effektiv yuyulması, təmizlənməsi və dezinfeksiya edilməsinə imkan verir ki, bu da yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında əsas biotəhlükəsizlik tələblərindən biridir".

Həmçinin qeyd olunub ki, qərarın dərhal deyil, 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi və bu tarixədək keçid dövrünün müəyyənləşdirilməsi sahibkarlıq subyektlərinin yeni tələblərə uyğunlaşması üçün kifayət qədər vaxtın yaradılmasına xidmət edir:

"Bundan əlavə, beynəlxalq standartlara uyğun ixtisaslaşdırılmış nəqliyyat vasitələri daha yüksək daşıma tutumuna malik olmaqla heyvanların rifah normaları gözlənilməklə daha səmərəli daşınmasına, logistika proseslərinin optimallaşdırılmasına və sərhəd baytarlıq nəzarətinin daha operativ həyata keçirilməsinə imkan yaradır. Bu baxımdan, yeni tələblərin uzunmüddətli perspektivdə həm heyvan sağlamlığının qorunmasına, həm də idxal proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək".