Dövlət işsiz vətəndaşı belə sevindirir
Proqram biznesə başlamaq üçün lazım olan ilkin aktivlərin verilməsini də nəzərdə tutur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində “Agro Best” şirkəti ilə nəhəng müqavilə bağlayıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilədə kənd təsərrüfatı heyvanlarının və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri isə 66 milyon 150 min manat müəyyənləşib. Amma alınacaq heyvanların sayı və görüləcək digər işlərlə bağlı detallar açıqlanmayıb.
Açıqlanan məlumatlara görə, Dövlət Məşğulluq Agentliyi 2021-ci ildən bəri “Agro Best”lə ümumi dəyəri 346 milyon manatdan çox olan satınalma müqavilələri bağlayıb.
Qeyd edək ki, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Azərbaycanda artıq 10 ilə yaxındır dövlət dəstəyi ilə özünüməşğulluq proqramı həyata keçirilir. Proqram işsiz və öz işini qurmaq istəyən vətəndaşlara potensialı olan sahələrdə biznesə başlamaq üçün lazım olan ilkin aktivlərin verilməsini, müəyyən müddətdə dəstəklənməsini nəzərdə tutur.
Azərbaycanda özünüməşğulluq proqramı 2020-ci ildən bəri həm də Dünya Bankının ayırdığı kredit hesabına həyata keçirilir.
2020-ci ildə Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. 100 milyon dollar dəyərində kredit hesabına ümumilikdə 22 min nəfərin özünüməşğulluğunun təmin olunmasını nəzərdə tutulurdu. Layihə ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin və həssas qruplardan olan digər şəxslərin bu proqrama cəlb edilərək onlar üçün Dünya Bankının vəsaitləri hesabına kiçik bizneslərin yaradılmasını ehtiva edir.
Açıqlanan məlumata görə, proqrama cəlb olunan şəxslərə ilk növbədə “Öz biznesini başlat və təkmilləşdir” adlı təlimlərdə kiçik biznesə başlamaq üçün müvafiq bilik və bacarıqlar öyrədilir. Sonra isə həmin şəxslərin natura formasında aktivlərlə təmin olunmaqla kiçik müəssisələrinin yaradılması və kiçik biznesə yiyələnmələri təmin olunur.
Layihənin gedişində özünüməşğulluq üçün aktivlərlə təmin olunan şəxslərin sayı 25 min nəfərə çatdırılıb.
2024-cü ildə Dünya Bankının İcraçı Direktorlar Şurası Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AMDL) genişləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirmə ayırıb. Bankın açıqlamasına görə, layihənin məqsədi məcburi köçkünlər, qadınlar, gənclər və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir: “Son üç il ərzində 5000-dən çoxu qadın olmaqla 15 000 benefisiar öz bizneslərinə başlamaq üçün alət dəstləri alıb. Benefisiarların qiymətləndirilməsinə əsasən, proqram iştirakçılarının 70 faizindən çoxu layihə tərəfindən təmin edilmiş aktivləri aldıqdan sonra azı 24 aydır bizneslərini davam etdirir”.
Qeyd olunur ki, əlavə maliyyələşdirmə Azərbaycanın Özünüməşğulluq Proqramını (SEP) istehsal və xidmət kimi yeni sektorlara genişləndirməklə iqtisadi fəaliyyətin şaxələndirilməsini və şoklara qarşı dayanıqlılığı təşviq etməklə dəstəkləməyə davam edəcək. Bundan əlavə, bu maliyyələşdirmə benefisiarlara öz bizneslərini genişləndirmək üçün vəsaitlərdən istifadə etməyə imkan verəcək təkmilləşdirilmiş nağd pul əsaslı qrant sxemini sınaqdan keçirmək imkanı yaradacaq. Proqram üçün əlavə maliyyələşdirmənin həmçinin Dövlət Məşğulluq Agentliyinin iş axtaranlar üçün xidmət və proqramlar spektrini genişləndirmək imkanlarını artıracağı bildirilirdi.
Əlavə vəsait ayrılması ilə yanaşı layihənin icra müddəti də artırılıb. Yeni mərhələ 2026-2029-cu illəri əhatə etməklə daha 30 min şəxsin kiçik biznesini qurmasına dəstək göstərilməsini hədəfləyir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”na əsasən özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlər yaradılacaq. Tədbirlərdə ilkin olaraq özünüməşğulluq proqramı çərçivəsində fərdi sahibkar və ya ailə kəndli təsərrüfatı kimi rəsmi qeydiyyata alınanların sayının artırılması, özünüməşğulluq proqramına cəlb olunmuş və rəsmi qeydiyyatdan keçərək biznesini davam etdirən şəxsləri Dünya Bankı ilə birgə həyata keçirilən Məşğulluğa Dəstək Layihəsi çərçivəsində icra olunan “Həvəsləndirmə mükafatları” müsabiqəsinə və “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” layihəsinə cəlb etməklə onlara əlavə dəstək verilməsi nəzərdə tutulur.
Yekunda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış biznes subyektlərinin məşğulluğa töhfəsinin artırılması hədəflənir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun verdiyi məlumata görə, 2025-ci ildə 16 827 vətəndaş özünüməşğulluq proqramı ilə əhatə olunub. O bildirib ki, 2017-ci ildən bəri 100 mindən çox insan bu proqramla əhatə olunub.
Bu ilin birinci yarısında isə 385 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Ötən ilin eyni dövründə bu göstərici 9,8 min nəfər idi.
Bu il dövlət büdcəsindən nəzərdə tutulan bir sıra xərc maddələri üzrə maliyyələşmə gec açılıb. Hökumət rəsmiləri bunu büdcə tarazlığı baxımından qiymətləndirmələrin aparılması zərurəti ilə izah edirlər. Təchizatçı şirkətlə müqavilənin ilin ilk yarısı başa çatanda bağlanması göstərir ki, özünüməşğulluq proqramının icrası ada gec maliyyələşdirilən xərc maddələrindən biri olub.
Qeyd edək ki, özünüməşğulluq proqramına maraq böyükdür, qoşulmaq istəyənlər çoxdur. Bu baxımdan, müraciət edib bir neçə il proqrama qoşula bilməyərək narazılıq bildirənlər də çox olur. Eyni zamanda bəzən rayonlarda proqram çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar səsləndirilir.
Bütün bunlara baxmayaraq, proqramın davam etməsi vətəndaşlar üçün bir imkan pəncərəsinin olması deməkdir. Xüsusilə Dünya Bankının dəstəyi ilə qadınlar, gənclər və digər həssas təbəqələrə fokuslanma belə şəxslər üçün mühüm fürsət yaradır.
Rəsmi məlumata əsasən, bu il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib. Bu şəxslərin 52,3 faizi qadınlardan ibarət olub.