Dublyorlar, 800 mühafizəçi və sərt qadağalar: PUTİN NƏDƏN QORXUR?
Rusiya prezidenti Vladimir Putinin şəxsi mühafizəçilərinin sayını 800 nəfərdən çox artırması diqqət çəkib.
Bu barədə hərbi tarix üzrə ixtisaslaşmış britaniyalı tədqiqatçı Piter Keddik-Adams "The Telegraph" qəzetində dərc olunan məqaləsində yazıb.
Tarixçi bildirib ki, Putin də vaxtilə Adolf Hitler kimi qanlı hadisələr fonunda hakimiyyətə gəldiyi üçün rəqiblərindən və mümkün sui-qəsdlərdən ehtiyat edir. Onun sözlərinə görə, avtoritar rejimlərin fəaliyyətini davam etdirməsi üçün güclü təhlükəsizlik aparatı və geniş nəzarət sistemi vacibdir.
Keddik-Adams qeyd edib ki, Putinin təhlükəsizliyinə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin (FSB) ümumi heyəti təxminən 50 min nəfərdir. O bildirib ki, qurumun xüsusi seçilmiş daxili mühafizə korpusunun sayı 785 nəfərdən 812 nəfərə çatdırılıb. Tədqiqatçının ehtimalına görə, əlavə edilən 27 nəfər təcrübəli pilotsuz uçuş aparatı operatorudur.
Onun sözlərinə görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi 2025-ci ilin dekabrında Putinə sadiq general Fanil Sarvarovun öldürülməsindən sonra həyata keçirilib. Bundan sonra Putinin yaxın çevrəsinə ictimai nəqliyyatdan istifadə etmək və mobil telefon gəzdirmək qadağan edilib, rabitə siqnalları mütəmadi olaraq bloklanır, əsas əməkdaşlara isə kevlar materialından hazırlanmış çətirlər verilir.
Tarixçi həmçinin iddia edib ki, Putinin hərəkətlərini gizlətmək məqsədilə onun bir neçə oxşar kabineti var və o, müxtəlif oxşarlarını (dublyorlarını) istifadə edir. Bundan başqa, Putinə xidmət göstərən aşpazların, fotoqrafların və mühafizəçilərin evlərində belə müşahidə sistemlərinin quraşdırıldığı bildirilib.