📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya bu xidmətdən imtina edir: Azərbaycanda isə internet paketinə əlavə olunur

2026-07-13 22:23:36

Dünya bu xidmətdən imtina edir: Azərbaycanda isə internet paketinə əlavə olunur

Son illər dünyanın bir çox ölkəsində stasionar (ev) telefonlar tədricən istifadədən çıxarılır. Mobil rabitənin və internet üzərindən zəng xidmətlərinin sürətli inkişafı ənənəvi rabitəyə ehtiyacı minimuma endirib. Finlandiya, Estoniya, Niderland, Norveç və İspaniya kimi dövlətlər artıq mis kabellərə əsaslanan köhnə analoq şəbəkələrini tamamilə qapadıblar.

Azərbaycanda isə fərqli mənzərə yaranıb. Əvvəlcə stasionar telefonların aylıq abonent haqqı artırıldı, hazırda isə Aztelekom operatorlarının təqdim etdiyi internet paketlərinin əksəriyyətinə ev telefonu xidməti də daxil edilir. Bir çox abonent real olaraq ev telefonundan istifadə etməsə də, bu xidməti internet paketindən ayırmağın qeyri-mümkün olmasından gileylənir.

Bəs rəqəmsallaşma əsrində ev telefonları nə dərəcədə aktualdır və bu xidmət Azərbaycanda da tarixə qovuşa bilərmi? Ən əsası, istifadə olunmayan stasionar xidməti paketdən ayırmaq niyə çətindir və operatorları internetlə ev telefonunu birlikdə satmağa vadar edən səbəblər hansılardır?

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən ekspert Razi Abasbəyli bildirdi ki, Azərbaycanda stasionar telefonların yaxın gələcəkdə tamamilə sıradan çıxması gözlənilmir:

"Xüsusilə dövlət qurumlarında, büdcə təşkilatlarında və nazirliklərarası daxili kommunikasiyada stasionar rabitə hələ də öz əhəmiyyətini qoruyur. Digər tərəfdən, yaşlı nəslin nümayəndələri üçün bu telefonlardan istifadə daha rahatdır. Lakin rəqəmsal transformasiya fonunda ənənəvi ev telefonlarına tələbatın tədricən azalması qaçılmazdır".

Ekspert vurğuladı ki, rəqəmsallaşma stasionar telefonların tam ləğvi anlamına gəlmir:

"Avropa ölkələrində bu sahədə fərqli model tətbiq olunur. Orada stasionar rabitə ləğv edilməyib, əksinə, rəqəmsallaşdırılaraq internet paketlərinə inteqrasiya olunub. Yəni köhnə mis kabellərdən imtina edilərək fiber-optik şəbəkəyə keçid baş verib. Bu həm xidmətin maya dəyərini azaldır, həm də keyfiyyəti artırır. Bir sözlə, Avropada stasionar telefonlar saxlanılır, lakin onların istifadə prinsipi dəyişdirilir".

Ekspertin sözlərinə görə, Azərbaycanda da artıq bəzi operatorlar internet, televiziya və digər rəqəmsal xidmətləri vahid paket şəklində təqdim edirlər:

"Ölkəmizdə internet paketi ilə birlikdə rəqəmsal televiziya xidmətlərinin birgə təklif olunması təcrübəsi var və abunəçilər eyni paket çərçivəsində hər iki xidmətdən yararlana bilirlər. Avropada stasionar telefon xidməti məhz bu prinsiplə işləyir. Orada telefon xidməti internet üzərindən, yəni IP texnologiyası vasitəsilə göstərilir. İstifadəçilər vahid tariflərlə zəng edə, SMS göndərə, səs, foto və digər rəqəmsal xidmətlərdən faydalana bilirlər. Həm mənzillər, həm də dövlət müəssisələri üçün tətbiq edilən bu sistemin xidmət haqqı da yüksək olmur".

R.Abasbəyli qeyd etdi ki, Azərbaycanda internet xidmətinin stasionar telefon xəttinə məcburi şəkildə bağlanması istifadəçilərin haqlı narazılığına səbəb olur:

"Böyük internet provayderlərinin əksəriyyəti xidməti stasionar telefon xətti üzərindən təqdim edir. Hətta fiber-optik kabel çəkilsə belə, bir çox hallarda bu xidməti telefon xəttindən tam ayırmaq texniki və ya kommersiya baxımından mümkün olmur. Hesab edirəm ki, yaxın illərdə Azərbaycanda stasionar telefonların tam ləğvi real deyil. Ən real variant onların internet üzərindən işləyən rəqəmsal modelə keçirilməsidir. Bu model Avropada uğurla tətbiq olunur. Lakin belə bir keçid üçün geniş fiber-optik infrastrukturun qurulmasına və böyük investisiyalara ehtiyat var. Məhz bu səbəbdən stasionar telefonlar hələ uzun müddət aktuallığını qoruyacaq".

Məsələyə aydınlıq gətirən vəkil Səbinə Əliyeva hesab edir ki, internet xidmətinin yalnız stasionar telefonla birlikdə paket şəklində təqdim edilməsinin qanunvericiliyə uyğun olub-olmadığını qiymətləndirərkən məsələnin texniki tərəfi də nəzərə alınmalıdır:

"Bu məsələnin texniki tərəfi ilə bağlı dəqiq məlumat olmadığı üçün hüquqi qiymətləndirmə internet xidmətinin ayrıca təqdim edilməsinin texniki baxımdan mümkün olduğu ehtimalı əsasında aparılır. Əgər stasionar telefon xidməti ayrılıqda göstərilə bilirsə, internet xidmətinin də ayrıca təqdim olunmasının mümkünlüyü gündəmə gəlir".

Vəkilin sözlərinə görə, Azərbaycan qanunvericiliyi bir tərəfdən müqavilə azadlığını tanıyır, digər tərəfdən isə istehlakçıların hüquqlarını qoruyur.

"Mülki Məcəlləyə əsasən, müqavilə azadlığı prinsipi operatora hansı xidmət paketlərini təqdim edəcəyini sərbəst müəyyən etmək hüququ verir. Abonent də həmin müqaviləni bağlayıb-bağlamamaq seçimində sərbəstdir. Lakin bu azadlıq mütləq xarakter daşımır".

S.Əliyeva onu da vurğuladı ki, operatorun bazarda hökmran mövqeyindən istifadə edərək istehlakçıya istəmədiyi xidməti qəbul etdirməsi qanunvericilik baxımından mübahisəli hesab oluna bilər.

"Rəqabət Məcəlləsi hökmran mövqedən sui-istifadəni qadağan edir. Eyni zamanda, 'İstehlakçıların hüquqlarının müdafiəsi haqqında' Qanuna görə, istehlakçının xidmətləri sərbəst seçmək hüququ var və onu ehtiyac duymadığı əlavə xidmətləri almağa məcbur etmək yolverilməzdir".

Müəllif: Gülnar Süleymanova