Dünya maliyyə bazarında tarixi hadisə: 250 illik yubileydə Trampın...
Amerika Birləşmiş Ştatlarında milli valyutanın tarixində görünməmiş və olduqca mübahisəli bir addım atılır.
Hurriyyet.info xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent ölkənin müstəqilliyinin 250 illik yubileyi (Semiquincentennial) münasibətilə üzərində Prezident Donald Trampın təsviri olan yeni 1 dollarlıq qızıl sikkənin zərb ediləcəyini rəsmən elan edib. Nazirin özünün sosial şəbəkə hesabından paylaşdığı bu xəbər həm maliyyə, həm də siyasi dairələrdə əsl şok effekti yaradıb.
Maliyyə naziri Skott Bessent yeni buraxılacaq sikkənin dizaynını təqdim edərək bildirib ki, bu addım "Amerika dəyərlərinin gücünə və hər kəs üçün azadlığı qorumağa çalışan dövlət idealına" həsr olunub. O, öz bəyanatında qeyd edib: "ABŞ müstəqilliyinin 250 illiyinin qeyd edilməsi çərçivəsində Sikkəxana azadlığın tükənməz irsinə və vətənpərvərliyin sarsılmaz simvoluna həsr olunmuş yeni 1 dollarlıq qızıl sikkənin kəsilməsinə başlayacaq. Sikkənin üzərində prezident Donald Tramp təsvir olunacaq".
Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə, yaşayan şəxslərin portretlərinin rəsmi valyuta üzərində təsvir edilməsi qadağan olsa da, Tramp administrasiyası 2020-ci ildə qəbul edilmiş xüsusi yubiley qanununa əsaslanaraq bu qadağadan yan keçməyi bacarıb. Donald Tramp bu addımla ABŞ tarixində hələ sağ ikən rəsmi sikkə üzərində təsvir olunan ikinci prezident kimi tarixə düşəcək.