📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünyada uran savaşı qızışır: Hindistanın yeni razılaşması nələri dəyişəcək?

2026-07-15 13:11:24

Dünyada uran savaşı qızışır: Hindistanın yeni razılaşması nələri dəyişəcək?


"Böyük dövlətlər arasında yeraltı zənginliklərə yiyiələnmək uğrunda rəqabət artıb. Yüksək texnologiyaların və süni intellektin inkişafı birbaşa nadir torpaq elementləri ilə bağlıdır. Böyük dövlətlər uran ehtiyatlarını da artırmağa çalışırlar".

Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki,
 son illər Mərkəzi Asiyaya maraq məhz bundan irəli gəlir:

"Avropada ən çox atom elektrik stansiyalarına malik Fransanın Afrika ölkələrindən uran əldə etmək imkanları azaldıqdan sonra diqqətini Qazaxıstana yönəldib. Amerika Birləşmiş Ştatları da Mərkəzi Asiya ölkələrindən uran nəql etmək istəyir".

Politoloqun fikrincə, Hindistanın baş naziri Narendra Modinin Avstraliyaya son səfərinin əsas tərkib hissəsi də uranla bağlı razılaşma əldə etmək idi:

"Bu iki ölkə arasında strateji tərəfdaşlıq formalaşıb. Hindistan, Avstraliya, Yaponiya və ABŞ-ı qeyri-rəsmi strateji qrup olan QUAD-ın üzvləridirlər. B ölkələr arasında strateji əməkdaşlığın səbəblərindən biri də QUAD çərçivəsində əməkdaşlıqdır.

İki ölkə arasında yeni razılaşma Dehliyə dünyanın ən böyük məlum uran ehtiyatlarına çıxış imkanı verib və bu, Hindistanın nüvə enerjisi məqsədlərini irəli aparır. Razılaşma Hindistana planlaşdırılan nüvə genişləndirilməsi üçün yanacaq təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Bununla yanaşı Hindistanın enerji zəifliklərini azaltmaq və mülki nüvə enerjisi gücləndirməyə imkan verəcək. Hindistan nüvə gücünü yaxın 20 ildə bir neçə dəfə artırmağı planlaşdırır. Ancaq bunun üçün Hindistan uranı kənardan nəql etməlidir. Hindistanın uzunmüddətli nüvə ambisiyalarını yerinə yetirmək üçün kifayət qədər yerli uran yoxdur və bu da idxaldan ciddi şəkildə asılılığa səbəb olub. Hindistanın əhalisi artdıqca, bu ölkənin elektrik enerjisinə tələbatı da artır".

Politoloq bildirib ki, Uran müqaviləsi, ABŞ-İran arasında strateji əhəmiyyətli Hörmüz boğazından daşınmaların dayandırılmasına səbəb olan kövrək atəşkəsin pozulmasından sonra qlobal neft və qaz tədarükündə qeyri-müəyyənliyin dərinləşməsi ilə əlaqədardır:

"Avstraliya keçmiş illərdə Hindistana uran satmaqdan imtina etmişdi, çünki Dehli nüvə silahlarının yayılmasının qarşısını almaq üçün nəzərdə tutulmuş Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamamışdı. İki ölkə arasında mülki nüvə əməkdaşlıq müqaviləsi 2014-cü ildə imzalanıb. Yeni Dehli Avstraliyadan alacağı uranı yalnız dinc məqsədlər üçün istifadə eədəcəyinə dair öhdəilk götürüb. İki ölkə arasındakı razılaşmaya görə, Avstraliyadan alınacaq uranın dinc məqasədlər üçün istifadəsinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarət edəcək. Agentlik mütədami monitorinqlər həyata keçirəcək.

Bu arada, Hindistandan atom elektrik stansiyaların tikintisi də davam edir. Xarici şirkətləri atom elektrik stansiyalarını tikmək və idarə etmək imkanı verilib. Hindistanda bu sahədə onilliklər boyu davam edən dövlət inhisarını ləğv olunub. Çünki, Hindistanın bu sahədə xarici texnologiyalara ehtiyacı var".