Dustaq sayına görə 50-ci yerimiz
Azərbaycanda məhbusların sayının azaldılması istiqamətində yeni yanaşmalar tətbiq olunur - ekspertin şərhi
Cinayət və Ədliyyə Siyasəti üzrə Araşdırmalar İnstitutu 2025-ci il üzrə “World Prison Brief” adlı illik hesabatını və məhbusların sayına dair beynəlxalq reytinqi açıqlayıb. Azərbaycan məhbusların sayına görə dünya reytinqində 50-ci yeri tutub. “World Prison Brief”in 2025-ci il hesabatına əsasən, Azərbaycanda hər 100 min nəfərə 264 məhbus düşür.
Reytinq ölkələrdə hər 100 min nəfər əhaliyə düşən məhbusların sayına əsasən hazırlanıb. Hesablamalara cinayət işi üzrə istintaq altında olan və ya məhkəmənin hökmü ilə cəza çəkən şəxslər daxil edilib.
Mütəxəssislər belə reytinqlərin ölkələrdə penitensiar sistemin vəziyyətini və məhbusların əhali sayına nisbətini müqayisə etməyə imkan verdiyini bildirirlər. Azərbaycanda penitensiar sistemdə islahatlar çərçivəsində məhbusların sayının azaldılması istiqamətində yeni yanaşmalar tətbiq olunur. Bu yanaşmalardan biri az ictimai təhlükəliliyi və ilk dəfə yüngül cinayət törədən şəxslər üçün azadlıqdan məhrumetmə əvəzinə alternativ cəza tədbirlərinin daha geniş tətbiq edilməsidir.
Mütəxəssislərin fikrincə, probasiya nəzarəti, ictimai işlər, elektron nəzarət vasitələri, cərimə və azadlığın məhdudlaşdırılması kimi alternativ mexanizmlərin genişləndirilməsi həm penitensiar müəssisələrdə sıxlığın azalmasına, həm də məhkumların cəmiyyətə yenidən inteqrasiyasına müsbət təsir göstərir. Yeri gəlmişkən, Azərbaycanda qəbul edilən son genişmiqyaslı amnistiya 15 mindən çox şəxs barəsində tətbiq olunub. Onlardan 5.148 nəfəri müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından tam azad edilib.
Azərbaycanın hər 100 min nəfərə düşən məhbus sayına görə dünya reytinqində 50-ci yerdə qərarlaşması mütəxəssislər tərəfindən necə qiymətləndirilir? Bu göstərici ölkədə cinayətkarlığın səviyyəsini, yoxsa daha çox cinayət-hüquq siyasətini və məhkəmə təcrübəsini əks etdirir?

Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, bu cür reytinqlər ölkələrin penitensiar sistemini müqayisə etmək baxımından faydalıdır: “Məhbusların sayı cinayətlərin səviyyəsi ilə yanaşı, dövlətin cinayət-hüquq siyasətini, məhkəmələrin cəza təyin etmə təcrübəsini, həmçinin istintaq dövründə həbs-qətimkan tədbirindən istifadə intensivliyini və alternativ cəzaların tətbiqi səviyyəsini də əks etdirir. Azərbaycanın hər 100 min nəfərə 264 məhbus göstəricisi dünya üzrə ilk 50 ölkə sırasında yer almasına səbəb olub. Region ölkələri ilə müqayisədə isə mənzərə bir qədər fərqlidir. Azərbaycan bəzi ölkələrdən aşağı, bəzilərindən isə yuxarı göstəriciyə malikdir. Məsələn, Türkiyədə hər 100 min nəfərə 468, Belarusda 345, Rusiyada 300, Gürcüstanda 285 məhbus düşür. Hətta Moldovada bu göstərici 255-dir, yəni təxminən Azərbaycanla eyni səviyyədədir. Bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın vəziyyəti böhranlı deyil. Əlbəttə, hesab edirəm ki, son illər Azərbaycanda cinayət-hüquq siyasətinin humanistləşdirilməsi istiqamətində atılan addımlar müsbət qiymətləndirilməlidir. Bu istiqamətdə xeyli islahatlar həyata keçirilir və proses davam edir. Bununla yanaşı, beynəlxalq təcrübə göstərir ki, azadlıqdan məhrumetmə cəzası həqiqətən son vasitə kimi tətbiq edildikdə, həm cəmiyyətin təhlükəsizliyi qorunur, həm də penitensiar sistem daha səmərəli fəaliyyət göstərir. Hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur. Bu, həm infrastruktur baxımından, həm də ümumi yük baxımından özünü göstərir. Düşünürəm ki, bu istiqamətdə mühüm addımlar atılır. Cəza siyasətinin humanistləşdirilməsi istiqamətində atılan addımlardan biri də vaxtaşırı amnistiya aktlarının qəbul edilməsi, əfv sərəncamlarının imzalanması və eyni zamanda cinayət qanunvericiliyinə dəyişikliklərin edilməsidir”.
Ə.Nuriyev hesab edir ki, son illərdə probasiya, elektron nəzarət və azadlığın məhdudlaşdırılması kimi alternativ cəzaların tətbiqi genişləndirilib: “Bu sahədə həyata keçirilən islahatlar artıq öz nəticələrini verməyə başlayıb. Probasiya xidmətinin inkişafı, elektron nəzarət vasitələrinin tətbiqi, azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların genişləndirilməsi müasir cinayət siyasətinin mühüm elementləridir və Azərbaycanda bu istiqamətdə uğurlu addımlar atılır. Eyni zamanda bu proses davamlı olmalıdır. Qanunvericiliyin yaratdığı imkanların məhkəmə təcrübəsində daha geniş tətbiqi, Probasiya Xidmətinin institusional potensialının gücləndirilməsi və cəmiyyətə reinteqrasiya proqramlarının inkişaf etdirilməsi bu islahatların effektivliyini daha da artıracaq. Beynəlxalq təcrübə göstərir ki, məqsəd sadəcə məhbus sayını azaltmaq deyil, təkrar cinayətlərin qarşısını almaq və cəmiyyət üçün daha təhlükəsiz mühit formalaşdırmaqdır. Burada xüsusilə qeyd etmək istərdim ki, məhbus sayının azaldılması təkbaşına məqsəd olmamalıdır. Əsas məqsəd cəmiyyətin daha təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir. Hesab edirəm ki, bu gün Azərbaycan vətəndaşı günün istənilən vaxtında, istər gecə, istər gündüz ölkənin istənilən bölgəsində sərbəst hərəkət edə bilirsə, bu, təhlükəsizliyin təmin olunmasının göstəricisidir. Yeri gəlmişkən, ümumiyyətlə təhlükəsizlik məsələlərində Azərbaycanın reytinqi daha yüksəkdir. Digər beynəlxalq reytinqlərdə də ölkənin təhlükəsizlik göstəriciləri yüksək qiymətləndirilir. Eyni zamanda terrorla mübarizə sahəsində də Azərbaycanın təhlükəsizlik səviyyəsi yüksək qiymətləndirilir”.
Ekspert deyib ki, istintaq dövründə həbs-qətimkan tədbirinin tətbiqi hüquqi baxımdan ən ciddi prosessual məhdudiyyətlərdən biridir: “Buna görə də onun tətbiqi hər zaman fərdi qaydada əsaslandırılmalıdır. Yəni qiymətləndirilməlidir ki, doğrudanmı həbs-qətimkan tədbirinin seçilməsi zəruridir, yoxsa yox? Son illərdə bu istiqamətdə müəyyən müsbət dəyişikliklər müşahidə olunur və alternativ qətimkan tədbirlərindən istifadə imkanları da genişlənir. Bununla belə, beynəlxalq standartlara uyğun olaraq ev dustaqlığı, girov və elektron nəzarət kimi alternativ qətimkan tədbirlərinin daha geniş tətbiqi məqsədəuyğun olardı. Hesab edirəm ki, bu istiqamətdə diqqət daha da artırılmalıdır. Bu yanaşma həm insan hüquqlarının daha etibarlı qorunmasına, həm də penitensiar sistemin yükünün azalmasına xidmət edir. Xüsusilə qeyd edilməlidir ki, penitensiar xidmətin yükünün azaldılmasına diqqət yetirilməsi çox vacib məsələdir. Məncə, Azərbaycan artıq bu istiqamətdə müəyyən islahatlar mərhələsinə daxil olub və bu proses inkişaf etdirilir. Qarşıdakı dövrdə həmin islahatların ardıcıl şəkildə davam etdirilməsi vacibdir. Prioritet istiqamətlər sırasında alternativ cəzaların tətbiqinin genişləndirilməsi, Probasiya Xidmətinin gücləndirilməsi, elektron nəzarət sistemlərinin inkişafı, penitensiar müəssisələrdə təhsil və peşə hazırlığı proqramlarının genişləndirilməsi, eləcə də azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, cinayət-hüquq siyasətində risk əsaslı yanaşmanın tətbiqi və penitensiar sistem üzrə statistik məlumatların daha geniş şəkildə ictimaiyyətə açıqlanması həm şəffaflığın, həm də ictimai etimadın güclənməsinə töhfə verə bilər. Azərbaycan son illərdə bu istiqamətdə mühüm addımlar atır. Hesab edirəm ki, beynəlxalq təcrübədən istifadə olunması və bu islahatların davam etdirilməsi ölkədə daha müasir, humanist və səmərəli cinayət ədaləti sisteminin formalaşdırılmasına xidmət edəcək”.