Ebola yeni bölgəyə yayıldı – Pandemiya təhlükəsi varmı?
Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə bağlı narahatedici xəbərlər gəlməkdə davam edir. Son rəsmi məlumatlara görə, ölkədə virusa yoluxma halları 1 759-a, ölənlərin sayı isə 600-ə çatıb. Bu, son illərin ən ağır Ebola epidemiyalarından biri hesab olunur. Mütəxəssisləri daha çox narahat edən məqam isə virusun indiyədək epidemiya qeydə alınmayan yeni ərazilərə yayılmasıdır. Belə ki, ölkənin ən böyük şəhərlərindən biri olan Kisanganinin yerləşdiyi Tshopo əyalətində iki şübhəli yoluxma halı aşkarlanıb. Onlardan birinin epidemiyanın başladığı Ituri əyaləti ilə əlaqəsi müəyyən edilsə də, digər xəstənin yoluxma mənbəyi hələ də məlum deyil. Bu isə virusun nəzarətdən kənar yayılma ehtimalını artırır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da vəziyyətlə bağlı yeni xəbərdarlıq edib. Təşkilat bildirib ki, Ebola epidemiyası hələ də "genişlənmə mərhələsindədir". ÜST nümayəndələrinin sözlərinə görə, insanların müxtəlif bölgələr arasında hərəkəti virusun yayılmasını sürətləndirən əsas amillərdən biridir. Son hesabat dövründə daha 51 yeni yoluxma və 20 ölüm halı qeydə alınıb. Hazırda Kisanganidə epidemioloji nəzarət və təmasda olmuş şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər gücləndirilib.
Konqo Səhiyyə Nazirliyi isə bildirib ki, yeni şübhəli halların laborator təsdiqi istiqamətində araşdırmalar davam etdirilir. Yoluxan şəxslərlə təmasda olmuş insanların müəyyən edilərək nəzarətə götürülməsi üçün xüsusi qruplar fəaliyyət göstərir.
Hazırkı epidemiya may ayında elan edilib və nadir rast gəlinən Bundibuqyo növü Ebola virusundan qaynaqlanır. Bu virusa qarşı hələlik təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil. Bununla belə, ötən həftə Konqoda yeni müalicə üsullarının sınaqlarına başlanılıb. Alimlər eksperimental preparatların xəstələrin sağ qalma şansını artıracağına ümid edirlər. Bununla yanaşı, epidemiya ilə mübarizəni çətinləşdirən digər problemlər də qalmaqdadır. Maliyyə çatışmazlığı, bəzi səhiyyə işçilərinin əməkhaqqının gecikməsi səbəbindən etiraz aksiyaları keçirməsi, eləcə də ölkənin şərqində davam edən silahlı münaqişələr xəstəliyin qarşısının alınmasını xeyli mürəkkəbləşdirir.
Bu xəstəlik yeni pandemiyaya çevrilə bilərmi? COVID-19 kimi genişmiqyaslı insan tələfatına səbəb ola bilərmi? Xəstəlikdən qorunmaq üçün hansı tədbirlər görülməlidir?
Professor, həkim-cərrah Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a deyib ki, ebola - hemoragik qızdırmaların bir növü olan, olduqca təhlükəli və ölümcül bir virus infeksiyasıdır:
“Bu infeksiya bədəndə ağır qanamalara yol açır və xəstəlik kəskin fəsadlarla müşayiət olunduğu üçün ağır gedişata malikdir. Məhz bu səbəbdən də Ebola yüksək dərəcədə təhlükəli infeksiyalar sırasına daxildir. Uzun illərdir ki, bu virusun törətdiyi lokal epidemiyalar həkimlər və alimlər tərəfindən müşahidə olunmaqdadır. Virus bədənə adətən birbaşa təmas vasitəsilə – yoluxmuş insanların və ya heyvanların bioloji mayeləri (qan, tüpürcək, bəlğəm, qusuntu və s.) ilə yoluxur. Eyni zamanda, bu mayelərin bulaşdığı əşyalarla təmas da yoluxmaya səbəb ola bilir”.
Xəstəliyin əsas simptomlarına gəldikdə, həkim bildirib ki, bura yüksək qızdırma, kəskin halsızlıq, ürəkbulanma, qusma və bəzi hallarda ciddi qanaxmalar daxildir: “Bu qanaxmalar xəstəliyin ən təhlükəli ağırlaşması sayılır və əksər hallarda ölümə yol açan əsas səbəb məhz onlardır. İlk mərhələdə güclü baş və boğaz ağrıları, əzələ zəifliyi müşahidə olunduğundan, bir çox insan bunu sadə qrip və ya soyuqdəymə ilə səhv salır. Lakin sonradan prosesə bədəndə səpkilərin yaranması, böyrək funksiyalarının pozulması kimi daha ağır əlamətlər də qoşulur. Təbiətdə Ebola virusunun əsas daşıyıcıları (rezervuarları) meyvə ilə qidalanan yarasalar və bəzi primatlardır (meymunlar). İnsanlar çox vaxt infeksiyaya elə bu heyvanlardan yoluxurlar. Günümüzdə insan fəaliyyətinin genişlənməsi, təbiətin sıxışdırılması və yabanı heyvanlarla təmasların artması virusların insan orqanizminə keçməsini sürətləndirən əsas amillərdəndir”.
Adil Qeybulla hesab edir ki, ebola virusunun qlobal bir pandemiya yaratmaq potensialı yoxdur:
“Çünki o, hava-damcı yolu ilə ötürülmür. Ümumdünya Səhiyyə Təşkilatının və aidiyyəti qurumların operativ müdaxiləsi ilə bu cür epidemiya ocaqlarını lokal rəhbərlik altında nəzarətə almaq və yayılmasının qarşısını almaq mümkündür. Lakin miqrasiya edən və ya səyahət edən yoluxmuş şəxslərin virusu fərqli ölkələrə daşıma riski hər zaman mövcuddur, sadəcə, qeyd etdiyimiz kimi, bu, genişmiqyaslı pandemiya səviyyəsinə çata bilməz”.