📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Əkin sahələrimi susuzluqdan qurudublar” - SƏDƏRƏK SAKİNİ

2023-08-15 13:50:00

“Əkin sahələrimi susuzluqdan qurudublar” - SƏDƏRƏK SAKİNİ

Afət Mustafayev: “Haqqı dediyim üçün 11 hektar yarım taxıl sahəmi yandırdılar, su vermədilər”

Sədərək rayonu, Qarağac kənd sakini Mustafayev Afət Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi iddia edir ki, rayon icra hakimiyyətinin rəhbərliyi onun torpaq sahələrinə su vermir: “Mən, Mustafayev Afət Əli oğlu, Sədərək rayon Qarağac sakini olaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. 28 ildir ki, kənd təsərrüfatı ilə məşğul olan adamam. 2 ildir mənim əkin sahələrimə icra başçısı və onun yeznəsi Natiq, eləcə də birinci müavin Əli su vermədilər, yandırdılar. Hal-hazırda işlətdiyim texnika sahiblərinə borclu düşmüşəm. İcra başçısı, şöbə müdiri olan yeznəsi Natiq, birinci müavin Əli bələdiyyə torpaqlarını özləri əkir, əhaliyə su vermirlər. Mən dəfələrlə İcra Hakimiyyətinə şikayətə getmişəm. Başçının yeznəsi Natiq deyir ki, "hara şikayət edirsən et, Muxtar Respublikanın Prokuroru məni çağırır, işimi görürəm, gəlib yenə vəzifəmdə işləyirəm". Kənd Təsərrüfatı Nazirliyinə zəng etmişəm, deyiblər ki, düzələcək. Ancaq yenə də su verməyiblər. Şikayət etdiyim üçün hektar yarım bostanımı yandırdılar. Haqqı dediyim üçün 11 hektar yarım taxıl sahəmi yandırdılar, su vermədilər. Yer kirayələyib yonca əkmişəm, ona da su vermirlər ki, satam, texnikanın pulunu verəm.

Sədərək rayonunda su nasoslarını pul verib vurdururlar, özbaşınalıqdır. Hal-hazırda pis vəziyyətdəyəm, dövlətdən köməklik istəyirəm. Əkin sahələrimi susuzluqdan qurudublar. Sədərək Rayon İcra Hakimiyyəti mənə niyə köməklik göstərmir?!

Avqustun 10-da Sədərək rayon icra başçısını cənab Prezident işdən azad etdi. Amma birinci müavin yenə bizə su vermir. Neçə illərdir ki, Sədərəkdə su problemi var, heç bir komissiya gəlmir. Hətta su üstündə dava edib həbsxanaya düşənlər də olub. Hansı başçı gəlib taxıl, yonca əkib, özləri hamısına şərik olur, biz də dövlətdən götürdüyümüz krediti ödəyə bilmirik.

Cənab Prezidentdən xahiş edirik ki, bunların “qulağını çəksin”, Sədərək rayonunda insanlara əziyyət verirlər. Bir mən deyiləm, mənim kimi əkin sahələrini suvara bilməyən yüzlərlə adam var. Bütün dövlət orqanları bilsin, Sədərək rayonunda özbaşınalıqdır”.

Jalə FAMİLQIZI,

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.