📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Əksəriyyət bayağılığa meyl edəndə, qəhrəmanı da tiktoker olur”

2026-07-04 19:11:15

“Əksəriyyət bayağılığa meyl edəndə, qəhrəmanı da tiktoker olur”

Azərbaycanda tik-tokerlər az qala fenomenə çevrilib. Minlərlə insan onlardan danışır, şəkil çəkdirir, qəhrəmana çevirir. Sosial media istifadəçilərinin böyük əksəriyyəti və media mütəxəssisləri də məhz bu fikirdə həmrəydirlər. TikTok-da izlənmə və gəlir əldə etmək üçün tez-tez bayağı, mənasız və aşağı keyfiyyətli məzmunların istehsal edilməsi ciddi narahatlıq doğurur. Bu, bizi narahat etməlidirmi? Hansısa preventiv addımlar atıla bilərmi?

Deputat Fazil Mustafa Musavat.com-a bildirib ki, bütün cəmiyyətlərdə belədir:

“Sadəcə, bizim kimi cəmiyyətlərdə cahillik səviyyəsi bir qədər yüksək olduğuna görə, yeni meydana çıxan, Tik-Tok üzərindən yüngül mesajlar verən və ya hansısa qəribə görüntülərlə diqqət çəkən insanlara daha çox reaksiya göstərilir. Nəticədə belə insanlar daha tez məşhurlaşırlar. Vaxtilə qapalı cəmiyyətlərdə insanların kumirləri əsasən idmançılar, xüsusilə futbolçular olurdu. Bu gün də futbolçular populyarlıq baxımından ilk sıralardadırlar. Amma TikTok fenomenləri indi daha qısa müddətdə məşhurlaşa bilirlər”.

Fazil Mustafanın sözlərinə görə, hər halda, cəmiyyətdə ən son yada düşənlər alimlər və düşüncə adamlarıdır: “Bu da kitab oxuyan insanların sayının az olması ilə bağlıdır. Böyük əksəriyyət bayağılığa meyl edəndə, onun qəhrəmanı da təbii ki, tiktoker və ya təsadüf nəticəsində tanınmış, nüfuz qazanmış birisi olur. Burada təəccüblü heç nə yoxdur”.

Deputat hesab edir ki, bunun qarşısını qadağalarla almağa çalışmaq düzgün yol deyil:

“Cəmiyyətdə hər kəs hansısa sahə ilə məşğul olur deyə, nəyisə qadağan etmək olmaz. Əsas məsələ təhsili gücləndirməkdir. Təhsilsiz nə demokratik cəmiyyət qurmaq, nə də ağıllı insanların ictimai rəyə təsir göstərməsi mümkündür. Bu baxımdan məqsəd cəmiyyətin bütünlüklə tiktoker olmasının qarşısını almaq deyil. Əks halda insanlar yenə də başqa bir bayağılığın içində özlərini xoşbəxt hiss edəcəklər. Biz cəmiyyətdə sağlam düşünən insanların sayını artırmalı, onların ictimai həyatda daha üstün mövqeyə gəlməsinə çalışmalıyıq”.