📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əlini bıçaqlayan gürcü başqa azərbaycanlı uşağı da boğubmuş – Anası danışdı

2026-07-13 19:49:57

Əlini bıçaqlayan gürcü başqa azərbaycanlı uşağı da boğubmuş – Anası danışdı

“Oğlumu reanimasiyadan çıxarıb palataya yerləşdiriblər. Hazırda vəziyyəti bir neçə gün öncəyə baxanda yaxşıdır, amma ağrıları çoxdur”.

Bunu Musavat.com-a açıqlamasında Gürcüstanda iyulun 9-da Azərbaycan dilində danışdığı üçün bıçaqlanan 15 yaşlı Əli Mehdiyevin anası Sevinc Quliyeva deyib.

O bildirib ki, övladı 4 nahiyədən bıçaqlanıb:

“Kəsiklər böyükdür. Əliyə həmin şəxs 4 bıçaq zərbəsi vurub. Hazırda oğlumun bədənində 6 kəsik var”.

Onun sözlərinə görə, oğlunu bıçaqlayan 55 yaşlı Giorgi Tsabudaşvili bundan öncə də azərbaycanlı uşaqlara xəsarətlər yetiribmiş:

“Bizim məhlədə gürcülər çoxdur, onlarla yaxşı əlaqələrimiz var. Bu şəxsi isə tanımırdım, oğlumu bıçaqlayandan sonra bildim ki, belə bir şəxs var. O, bundan öncə başqa bir azərbaycanlı uşağı vurub, digərini isə boğubmuş, uşağı əlindən çətinliklə alıblar. Onun azərbaycanlılara qarşı nifrəti var. Hazırda həbsdədir. Təsəvvür edin ki, bıçağı uşağın kürəyindən elə sancıb ki, qarnına kimi girib. Biz ümid edirik ki, o, azadlığa çıxmaz və digər azərbaycanlılar üçün də təhlükə yaratmaz”.

Qeyd edək ki, iyulun 9-da Gürcüstanda yaşayan 15 yaşlı azərbaycanlı Əli Mehdiyev Azərbaycan dilində danışdığı üçün bıçaqlanıb. Hadisə Tiflisin Vaşlicvari qəsəbəsində, saat 19 radələrində baş verib. İddiaya görə, 55 yaşlı Giorgi Tsabudaşvili Əlinin Azərbaycan dilində danışmasına etiraz edib, onu təhqir edib və daha sonra bıçaqla hücum edib.