📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elmar Baxşıyev: "Yarımfinaldakı komandaların hər biri dünya çempionu olmaq gücündədir"

2026-07-13 14:46:51

Elmar Baxşıyev:

ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatının yarımfinalına yüksələn komandaların hər biri qızıl medal qazanmaq gücündədir.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

45 yaşlı mütəxəssis bu mərhələdəki 4 kollektivdən üçünün Avropanı təmsil etdiyini xatırladıb:

"Yarımfinalda üç Avropa komandası var. Bu da onu göstərir ki, "köhnə qitə"də futbol daha da inkişaf edir. Amma 4 millinin hamısı dünya çempionu olmaq gücündədir".

E.Baxşıyevin sözlərinə görə, hansısa yığmanın finala yüksələcəyini proqnozlaşdırmaq çətindir:

"Mundialdakı son oyunlar onu göstərir ki, öncədən hansısa komandanı favorit göstərmək mümkün deyil. Məncə, daha şanslı millilər həlledici qarşılaşmaya vəsiqə qazanacaqlar. Güc nisbətləri eyni olduğu üçün burada daha çox psixoloji və şans amili rol oynayacaq".

Xatırladaq ki, yarımfinal mərhələsinin Fransa - İspaniya oyunu iyulun 14-də, İngiltərə - Argentina matçı isə 15-də keçiriləcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.