📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Enerji Effektivliyi İnformasiya Sistemi Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək

2026-07-10 21:52:26

Enerji Effektivliyi İnformasiya Sistemi Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək

Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar sessiyasında müzakirəyə çıxarılan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, həmçinin fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi də Enerji Effektivliyi Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək.

Qeyd edilib ki, qanun layihəsi enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib.

"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" Nazirlər Kabinetinin 9 iyun 2026-cı il tarixli 168 nömrəli Qərarı ilə təsdiqlənib, hazırda Enerji Effektivliyi İnformasiya Sistemi üzrə texniki və institusional işlər tamamlanaraq məlumatların toplanması və sistemə daxil edilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.