Ərinin cəsədini parçalayan qadından məhkəmədə ŞOK SÖZLƏR
Türkiyənin Bursa şəhərində ərinin cəsədini balta ilə hissələrə ayıraraq müxtəlif zibil qutularına atmaqda ittiham olunan 69 yaşlı Ədalət Ü.-nün məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, qadın məhkəmədə verdiyi ifadə ilə diqqət çəkib.

Bursa 9-cu Ağır Cəza Məhkəməsində keçirilən prosesdə "həyat yoldaşını qəsdən öldürmə" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunan Ədalət Ü. ərini ölü vəziyyətdə tapdığını iddia edib.

Onun sözlərinə görə, həyat yoldaşının ölümündə günahlandırılacağından qorxduğu üçün cəsədi evdə balta ilə hissələrə ayırıb.
Təqsirləndirilən şəxs bildirib ki, parçalama prosesi təxminən 5-6 saat davam edib. Daha sonra cəsəd hissələrini torbalara yerləşdirərək gecə saatlarında müxtəlif zibil qutularına atıb, istifadə etdiyi baltanı və geyimlərini də məhv edib.

Ədalət Ü. məhkəmədə uzun illər həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını iddia edərək, "40-50 illik zülmün yükünü üzərimdə daşıdım" deyə bildirib.
Məhkəmədə ifadə verən oğullarından Ferhat Ü. anasının etirafından sonra hadisəni öyrəndiklərini deyib. O bildirib ki, evdən 13 yük maşını dolusu zibil çıxarılıb və anasının psixoloji vəziyyətinin normal olmadığını düşündüyü üçün ondan şikayətçi olmayıb.

Digər oğlu Murat Ü. də etirafdan sonra böyük sarsıntı keçirdiklərini bildirib.
Təqsirləndirilən şəxsin vəkili onun ruhi sağlamlığının yerində olmadığını əsas gətirərək yeni ekspertiza keçirilməsini istəyib. Məhkəmə Ədalət Ü.-nün ruhi vəziyyətinin qiymətləndirilməsi üçün müşahidə altına alınmasına qərar verib və növbəti iclası təxirə salıb.

Hadisə ötən aylarda Bursanın Osmanqazi rayonunda baş verib. Əvvəlcə həyat yoldaşının itkin düşdüyünü bildirən Ədalət Ü.-nün ziddiyyətli ifadələri polis araşdırmasına səbəb olub. Evdə aparılan ekspertiza zamanı itkin düşən şəxsə məxsus bioloji izlər aşkar edildikdən sonra qadın saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.