Erməni müxalifətindən Rusiyaya gözlənilməz ittiham
Ermənistanda hakimiyyətə yaxınlığı ilə seçilməyən, əksinə, Baş nazir Nikol Paşinyanın ən sərt tənqidçilərindən sayılan "Hraparak" qəzeti maraqlı iddia ilə çıxış edib.
Hurriyyet.info xəbər verir ki, qəzetin yazdığına görə, parlament seçkilərində ikinci yeri tutan revanşist "Güclü Ermənistan" blokunda uğursuz nəticənin əsas səbəblərindən biri Rusiyaya yaxın qüvvə kimi təqdim olunmaları hesab edilir.
Nəşrin iddiasına görə, partiya rəhbərliyi hesab edir ki, Ermənistanda güclənən anti-Rusiya əhval-ruhiyyəsi onların elektoratına da mənfi təsir göstərib.
Qəzet yazır ki, Rusiya Prezidenti Vladimir Putinin bu il 1 apreldə Moskvada verdiyi bəyanat da "Güclü Ermənistan" blokuna ciddi zərbə vurub.
Putin həmin vaxt bu sözləri sərf edib:
"Rusiyameyilli mövqe tutan çoxlu siyasi qüvvələr var... Biz çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasətçilər seçkilər zamanı ölkədaxili siyasi proseslərdə iştirak edə bilsinlər".
"Hraparak"ın məlumatına görə, aparılan sorğular göstərib ki, Putinin bu açıqlamasından əvvəl seçicilərin cəmi 13 faizi Samvel Karapetyanı Rusiya ilə əlaqələndirirdisə, bəyanatdan sonra bu göstərici təxminən 55 faizə yüksəlib.
Qəzet iddia edir ki, məhz bu amil "Güclü Ermənistan" blokunun seçkilərdə gözlədiyi nəticəni əldə etməsinə mane olan əsas səbəblərdən biri olub.