📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər Bakıya gəlirlər - RƏSMİ

2026-07-22 15:12:49

Ermənilər Bakıya gəlirlər - RƏSMİ

Ermənistan güləşçiləri Bakıda keçiriləcək 17 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak edəcəklər. Belə ki, onlar iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunacaq U-17 dünya çempionatına qatılacaq.

Mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandıran Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev bildirib ki, Ermənistan komandasının iştirakı son anda təsdiqlənib.

"Əslində, onların iştirakı son anda təsdiqləndi. Ümumi bir sistem var və iştirakçı ölkələr həmin sistem vasitəsilə qeydiyyatdan keçirlər. Təbii ki, orada bütün ölkələr üçün qeydiyyat açıqdır və heç bir dövlətə məhdudiyyət qoyulmur. Ermənistan da Dünya Güləş Birliyinin tamhüquqlu üzvü kimi öz qeydiyyatını tamamlayıb", – deyə o qeyd edib.

S.Musayevin sözlərinə görə, beynəlxalq yarışlarda iştirak edən bütün ölkələr kimi Ermənistan nümayəndə heyətinin təhlükəsizliyi də dövlət tərəfindən təmin olunacaq:

"Hər bir ölkəyə təhlükəsizliklə bağlı zəmanət verilir, o cümlədən də Ermənistana. Onlar da öz hüquqlarından istifadə edərək Azərbaycanda keçirilən yarışda iştirak edəcəklər".

Federasiya rəsmisi vurğulayıb ki, Ermənistan idmançılarının Bakıya gəlişi ilk dəfə baş vermir.

"Onlar daha əvvəl də Azərbaycanda keçirilən yarışlarda iştirak ediblər. 2007-ci ildə Bakıda keçirilən böyüklər arasında dünya çempionatında, həmçinin 2015-ci ildə keçirilən I Avropa Oyunlarında erməni idmançılar yarışlara qatılıblar. Həmin yarışlar zamanı heç bir insident yaşanmayıb. Bu dəfə də təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə dövlət tərəfindən təmin ediləcək", – deyə Sərxan Musayev əlavə edib.

Qeyd edək ki, güləş üzrə U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək.