📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər təlaşda: “Azərbaycan Nüvədini geri istəyir..”

2026-07-12 14:34:34

Ermənilər təlaşda: “Azərbaycan Nüvədini geri istəyir..”

Revanşist qüvvələr Nikol Paşinyanın açıqlamalarından ciddi narahat olublar

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar seçkilərdən sonra ilk dəfə anklav və eksklav məsələsi ilə bağlı geniş açıqlama verərək, bu problemin Azərbaycanla delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu bildirib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun bəyanatları Ermənistanda yeni siyasi müzakirələrə səbəb olub və müxalifət tərəfindən gələcək ərazi güzəştlərinə hazırlıq kimi qiymətləndirilib.
Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan anklav və eksklav məsələsini gündəmdən çıxara bilməz. "Biz bu mövzudan imtina edə bilmərik. Bu problemin həllini tapmalıyıq. Həmin həllin necə olacağı isə artıq danışıqların predmetidir", – deyə Ermənistanın baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, vəziyyət "güzgü prinsipi" əsasında qiymətləndirilməlidir. O bildirib ki, Azərbaycanın nəzarətində olan Arsvaşen Ermənistanın eksklavıdır, eyni zamanda Ermənistan ərazisində yerləşən Azərbaycan anklavları da mövcuddur və onların taleyi eyni hüquqi yanaşma ilə həll edilməlidir. Baş nazir vurğulayıb ki, Arsvaşenin taleyi ilə bağlı qəbul ediləcək prinsip digər anklav və eksklavlara da şamil olunacaq.
Paşinyan həmçinin bildirib ki, əgər tərəflər faktiki nəzarət prinsipini əsas götürsələr, bu halda Ermənistan Cermuk istiqamətində və digər mübahisəli ərazilərlə bağlı hüquqi arqumentlərini zəiflətmiş olacaq. Onun fikrincə, əsas meyar 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun xəritələr olmalıdır.
Picture background

Müxalifətyönlü “Hraparak” isə yazır ki, 2024-cü ildə Tavuş istiqamətində yerləşən dörd kəndin Azərbaycana qaytarılmasından sonra delimitasiya prosesi faktiki olaraq dayanıb. İki il ərzində tərəflər yalnız sərhədin şimaldan cənuba – Gürcüstan sərhədindən başlayaraq Sünik istiqamətinə qədər delimitasiya edilməsinə dair razılığa gəliblər. Lakin anklavların nə vaxt müzakirəyə çıxarılacağı və onların taleyi ilə bağlı hansı modelin nəzərdən keçirildiyi barədə rəsmi məlumat verilməyib. Paşinyan isə bildirib ki, konkret variant formalaşdıqdan sonra hökumət bu barədə ictimaiyyətə məlumat verəcək.
Ermənistanın revanşist qüvvələri Paşinyanın açıqlamalarından ciddi narahat olublar.
Siyasi şərhçi Suren Zolyan hesab edir ki, baş nazir ictimai rəyi Azərbaycanın Tavuş bölgəsində yerləşən üç anklavının və Tiqranaşenin qaytarılmasına hazırlayır. Onun fikrincə, Paşinyan əvvəllər bu barədə dolayı mesajlar versə də, indi bunu açıq şəkildə ifadə edir. Zolyan bildirir ki, Arsvaşenlə Tavuşdakı Azərbaycan anklavlarının müqayisəsi düzgün deyil. Onun sözlərinə görə, Arsvaşenin strateji əhəmiyyəti demək olar ki, yoxdur, halbuki Azərbaycan anklavları Ermənistanın Gürcüstan və İran istiqamətində əsas avtomobil yollarına nəzarət baxımından mühüm mövqelərdə yerləşir. Politoloqun fikrincə, həmin ərazilərin qaytarılması Ermənistan üçün həm təhlükəsizlik, həm də iqtisadi baxımdan ciddi problemlər yarada bilər. O hesab edir ki, yeni yolların çəkilməsi zərurəti yaranacaq və gələcək hərbi qarşıdurma zamanı həmin kommunikasiya xətlərinin təhlükəsizliyini təmin etmək daha da çətinləşəcək.
Picture backgroundErməni ekspert hesab edir ki, yaxın aylarda hökumət ritorikasını daha da sərtləşdirəcək və anklavların qaytarılmasının mümkün müharibənin qarşısını almaq üçün zəruri addım olduğu fikrini cəmiyyətə aşılamağa çalışacaq. Zolyanın fikrincə, Paşinyan anklav məsələsini Cermuk istiqamətindəki mübahisəli ərazilərlə eyniləşdirərək gələcək kompromisləri əsaslandırmağa çalışır. Politoloq eyni zamanda istisna etmir ki, gələcəkdə Azərbaycan tərəfi vaxtilə azərbaycanlıların yaşadığı və Mehri rayonu yaxınlığında yerləşən Nüvədi kəndi ilə bağlı məsələni də gündəmə gətirə bilər. Məlumat üçün deyək ki, Nüvədi (ermənicə Nrnadzor) Ermənistanın Zəngəzur vilayətinin(Sünik) Mehri rayonunda yerləşən kənddir. Kənd Azərbaycan-İran sərhədinə yaxın ərazidə, Araz çayının hövzəsində yerləşir və tarixən azərbaycanlıların yaşadığı yaşayış məntəqələrindən biri hesab olunur. Paşinyanın son bəyanatları göstərir ki, delimitasiya prosesi yalnız sərhəd xəttinin texniki müəyyənləşdirilməsi ilə məhdudlaşmayacaq. Qarşıdakı mərhələdə anklav və eksklavların hüquqi statusu, onların gələcək taleyi və mümkün ərazi dəyişiklikləri Azərbaycan-Ermənistan danışıqlarının ən həssas mövzularından birinə çevrilə bilər. Erməni revanşistlərini də qorxudan budur.