Ermənistan iqtisadiyyatı ÇÖKƏ bilər? – Azərbaycan amili..
Rusiya bazarında erməni məhsullarının yerini çox sürətlə Azərbaycan məhsulları tutur. Bunu Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri, dünən haqqında iki alıq həbs qətimkan tədbiri seçilən Qaqik Tsarukyan deyib.
O, iqtisadiyyatın "Qərbyönlü" və ya "Rusiyayönlü" kimi bölünməsini anormal adlandırıb. Tsarukyanın sözlərinə görə, Ermənistanda hələ də özünüaldatma ilə məşğul olduqları halda, iqtisadiyyat çökə bilər.
O, hesab edir ki, mövcud vəziyyət davam edərsə, erməni fermerləri yoxsulluq həddinə çata, sahibkarlar iflas edə, ölkə isə ciddi büdcə problemləri ilə üzləşə bilər. Tsarukyan bəzi iqtisadi sahələrin tamamilə sıradan çıxa biləcəyi barədə də xəbərdarlıq edib.

İqtisadçı Eyyub Kərimli Musavat.com-a şərhində bildirib ki, 2025-ci ildə Ermənistanın Rusiyaya ixracı təxminən 3 milyard dollar olub.
O, qeyd edib ki, Ermənistandan Rusiyaya bir çox sahədə istehsal olunan məhsullar ixrac olunur: “Ermənistandan Rusiyaya əsasən meyvələrdən ərik, şaftalı, gilas, tərəvəzlərdən pomidor, xiyar, kartof, o cümlədən balıq məhsulları, toxuculuq və geyim məhsulları, alkoqollu içkilər ixrac olunub.
Bir müddət öncə Rusiya Ermənistandan bir çox məhsulun idxalına məhdudiyyət tətbiq etməyə başlayıb. Ermənistanda ixrac bazarlarının artırılmasına dair göstəriş verilib. Ticarət dövriyyəsinin çox hissəsi reeksport idi. Hesab edirəm ki, hazırkı vəziyyət Ermənistanın həm reeksport imkanları, həm də daxildə istehsal olunan məhsulların ixracı ilə bağlı problemlər yaradacaq. Ermənistan yeni bazarları araşdırır. Fikrimcə, gələcəkdə bəzi məhsullar Türkiyə, Gürcüstan, həmçinin, İran bazarlarına yönəldilə bilər”.