📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Evindəki bir adyal ona milyonlar qazandırdı - FOTOLAR

2026-07-17 11:13:39

Evindəki bir adyal ona milyonlar qazandırdı - FOTOLAR

ABŞ-də bir ailənin uşaqlıq illərindən qalan sevimli yorğanından ilhamlanaraq yaratdığı ChappyWrap brendi kiçik biznesdən milyonlarla dollarlıq dövriyyəyə malik şirkətə çevrilib. Elektron ticarət modelinə keçiddən sonra sürətlə böyüyən şirkət bu gün yüz minlərlə məhsul satışı həyata keçirir.

Hurriyyet.info  xəbər verir ki, şirkətin əsası 2006-cı ildə Beth Haller LaSala tərəfindən qoyulub. O, uşaqlarının çox sevdiyi quzu naxışlı yorğanın oxşarını tapa bilmədiyi üçün keyfiyyətli alternativ hazırlamaq qərarına gəlib. Brendin adı isə ailənin köklərinin bağlı olduğu ABŞ-nin Chappaquiddick adasından götürülüb.

LaSala istədiyi keyfiyyəti ABŞ-də tapa bilmədiyi üçün istehsalı Almaniyadakı toxuculuq fabrikinə həvalə edib. Təxminən 160 ABŞ dollarına satılan pambıq qarışığından hazırlanan jakarlı yorğanlar artıq 20 ilə yaxındır ki, eyni istehsalçı tərəfindən hazırlanır.

Şirkət fəaliyyətinin ilk 12 ilində əsasən yerli yarmarkalar və kiçik tədbirlər vasitəsilə satış həyata keçirib. Lakin dönüş nöqtəsi 2018-ci ildə qurucunun qızı Kristina Livadanın ailə biznesinə tam ştat qoşulması olub.

2019-cu ildə aparılan brend yenilənməsindən sonra şirkət birbaşa istehlakçıya satış (DTC) modelinə keçərək elektron ticarət fəaliyyətini genişləndirib. Nəticədə son yeddi ildə gəlirlərini dəfələrlə artırıb, ümumi satış sayı isə 500 mini ötüb.

Şirkətin qurucusu Beth Haller LaSala 2025-ci ilin martında xərçəng xəstəliyindən vəfat edib. Hazırda ChappyWrap şirkətinə onun qızı Kristina Livada və kürəkəni Dreyk Livada rəhbərlik edir.

Yalnız onlayn satış modelindən istifadə edən şirkət 2025-ci ili 11 əməkdaşla başa vurub. Bu il isə işçi sayı 19-a çatdırılıb. Şirkət qurucusunun biznes fəlsəfəsini qoruyaraq ABŞ yorğan bazarında fəaliyyətini genişləndirməyə davam edir.