Fazil Mustafadan Xanoğlan Əhmədovun 65 illik yubileyi münasibətilə təbrik məktubu
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa "Media və Mülki Cəmiyyət" İctimai Birliyinin təsisçisi və sədri Xanoğlan Əhmədovu 65 illik yubileyi münasibətilə təbrik edib.
Hurriyyet.info xəbər verir ki, təbrik məktubunda Xanoğlan Əhmədovun uzun illər ictimai fəaliyyət və media sahəsində səmərəli çalışdığı, qazandığı idarəçilik təcrübəsi və peşəkarlığı ilə media ictimaiyyətinin tanınan simalarından birinə çevrildiyi vurğulanıb.
Fazil Mustafa qeyd edib ki, Xanoğlan Əhmədovun təsis etdiyi "Media və Mülki Cəmiyyət" İctimai Birliyi ictimai faydalı təşəbbüslərin dəstəklənməsi, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərir. Məktubda təşkilatın həyata keçirdiyi layihələr, maarifləndirici tədbirlər və ictimai müzakirələrin cəmiyyət üçün əhəmiyyəti xüsusi qeyd olunub.
Komitə sədri Xanoğlan Əhmədovun "İlkxeber.org" informasiya portalının qurucu-baş redaktoru, müxtəlif mətbuat orqanlarında rəhbər vəzifələrdə çalışmış peşəkar jurnalist olduğunu xatırladaraq, onun obyektiv mövqeyini və gənc jurnalistlərin yetişməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Məktubda həmçinin Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Xanoğlan Əhmədovun yubiley medalı ilə təltif edilməsinin onun uzunillik səmərəli əməyinə verilən dəyərin ifadəsi olduğu bildirilib.
Sonda Fazil Mustafa Xanoğlan Əhmədova möhkəm cansağlığı, işlərində yeni uğurlar arzulayıb.
"Yeni Müsavat" Media Qrupu olaraq biz də Xanoğlan Əhmədovu təbrik edirik.
