FHN-dən çimərliyə gedənlərə növbəti XƏBƏRDARLIQ: Təbliğat niyə NƏTİCƏ vermir?
Ağdamda bədbəxt hadisə baş verib. Hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçınçay su anbarında qeydə alınıb. Ata iki azyaşlı övladı ilə birlikdə su anbarında batıb. Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə Sumqayıtda dənizdə boğulma halı baş verib. Şəhər sakini 20 yaşlı Məryəm Kamil qızı İsmayılova Sahil küçəsində yerləşən çimərlikdə boğulub. M.İsmayılovanın meyiti sudan çıxarılıb. Diqqət edildisə, boğulanların əksəriyyəti gənclərdir. Yəni bu, faktiki həm də genofonda vurulan zərbədir.
Bəs bunca maarifləndirmə və təbliğat işlərindən sonra da niyə faciəvi hallar azalmaq bilmir? İnsanların ən böyük səhvlər hansıdır?

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili Musavat.com-a bildirib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan geniş maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar nəzarətsiz, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən istifadə edirlər: “Buraya çaylar, su anbarları, suvarma kanalları və digər su hövzələri daxildir. Təəssüf ki, bu hallar sonda acı nəticələrə səbəb olur. Bildiririk ki, qeyd etdiyim su hövzələri mürəkkəb relyefə, sürətli axına, məhdud görünüşə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu səbəbdən həmin ərazilərdə çimən insanların həyatı və sağlamlığı ciddi təhlükə altına düşür. Son günlər baş vermiş bədbəxt hadisələrin qeydə alındığı ərazilərə nəzər salsaq, görərik ki, bu hadisələrin əksəriyyəti məhz çimərlik kimi nəzərdə tutulmayan su hövzələrində baş verib. Odur ki, bir daha əhaliyə müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar. Sularda təhlükəsizliyin təmin olunması məqsədilə yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə edilməlidir”.
Onun sözlərinə görə, xilasedicilərin çağırış və tələblərinə əməl olunmalıdır: “Bir statistik göstəricini də diqqətinizə çatdırmaq istərdim. Cari ildə 10 nəfər çimərlikdə olmaqla, ümumilikdə 16 nəfər suda batma təhlükəsi ilə üzləşən şəxs əməkdaşlarımız tərəfindən xilas edilib. Bu rəqəmlər bir daha göstərir ki, xilasedicilərin olduğu çimərliklərdən istifadə edilməlidir. Belə olduqda, hər hansı batma riski yaranarsa, əməkdaşlarımız dərhal müdaxilə edərək vətəndaşları xilas edə bilirlər. Lakin çimərlik kimi nəzərdə tutulmayan su hövzələrində və nəzarətsiz ərazilərdə təhlükəsizlik tədbirləri görülmədiyi üçün həmin yerlərdə baş verən boğulma halları təəssüf ki, çox vaxt ölümlə nəticələnir. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə boğulma hadisəsi barədə məlumat daxil olduqda, hadisənin harada baş verməsindən asılı olmayaraq, əməkdaşlarımız dərhal xilasetmə işlərinə cəlb olunurlar. Ancaq unutmayaq ki, belə əməliyyatlarda hər saniyə böyük əhəmiyyət daşıyır. Odur ki, bir daha vurğulayırıq: təhlükəsizliyin təmin olunması üçün yalnız xilasedicilərin xidmət göstərdiyi çimərliklərdən istifadə edilməli, onların çağırış və tələblərinə mütləq əməl olunmalıdır”.
FHN rəsmisi bildirib ki, küləkli havada, dalğalı dənizdə suya girmək, spirtli içki qəbul etdikdən sonra çimmək, suda kobud hərəkətlər etmək, üzmə sərhədlərini göstərən nişanlardan kənara çıxmaq qadağandır: “13 yaşınadək uşaqlar yalnız valideynlərinin müşayiəti ilə çimərlikdən istifadə etməli və nəzarətsiz buraxılmamalıdır. Qızmar günəş altında uzun müddət fasiləsiz qalmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Unutmayaq ki, çimərliklərdə təhlükəsiz istirahət üçün tövsiyə olunan vaxt səhər saat 09:00-dan axşam saat 20:00-dəkdir”.
A.Əlili qeyd edib ki, ən böyük səhvlər çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən istifadə etməkdir: “O, su anbarlarının hasarlanması ilə bağlı da danışıb: “Su hövzəsi hansı qurumun tabeliyindədirsə, həmin qurum müvafiq təhlükəsizlik tədbirləri görməlidir ki, vətəndaşlar həmin ərazilərdən istifadə edə bilməsinlər. Həmin ərazilər faktiki olaraq çimərlik kimi nəzərdə tutulmayıb”.