Fləş xəbər PİRVERDİYEV “SAĞ ƏLİNİ” NİYƏ HƏBS ETDİRİB - "Qəzəbinin səbəbini anlamıram...”
Üç milyon manatdan çox mənimsəmədə ittiham olunan “Azenco” şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin məhkəməsi başlayıb.
Hurriyyet.info "Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılır.
Bugünkü hazırlıq iclasında əvvəlcə təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
Ardınca isə proses gərgin atmosferdə davam edib. Belə ki, əvvəlcə dövlət ittihamçısı Valeh Ələkbərov məhkəmə istintaqının qapalı keçirilməsini istəyib. İttihamçı bunu işdə kifayət qədər kommersiya sirri təşkil edən məlumatların olması ilə əlaqələndirib. Zərərçəkmiş qismində tanınmış “Azenco”nun nümayəndəsi bu vəsatəti dəstəkləsə də, müdafiə tərəfi etiraz edib.
Təqsirləndirilən şəxs özü və vəkili də məhkəmənin açıq keçirilməsini xahiş ediblər. Müdafiə tərəfi belə hesab edir ki, işə qapalı baxılması üçün əsaslar yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxs ittihamla razılaşmadığından istintaqın açıq aparılmasını istəyib.
Fotoda: Vüqar Əliyev

Müdafiə tərəfi iki vəsatət qaldırıb. Onlardan birincisi ibtidai istintaq zamanı həvalə qərarı qəbul edilənə kimi toplanmış sübutların iş materiallarından çıxarılması, digəri isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub.
Vəkil sonuncu vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxsin 5 azyaşlı övladı var, həmçinin bəlli yaşayış yeri olduğundan istintaqdan yayınma fikri yoxdur.
Müdafiəçinin ilk çıxışından məlum olub ki, Vüqar Əliyev “Azenco”da işə başlayandan cəmi 2 ay sonra şirkətin əsl sahibi olduğu deyilən Etibar Pirverdiyev (“Azərenerji”nin keçmiş rəhbəri-red) onu Müşahidə Şurasının sədri təyin edib. Amma sonradan Pirverdiyevin ona qarşı münasibəti dəyişib.
Vüqar Əliyev özü də bu məsələyə münasibət bildirib. O, Etibar Pirverdiyevin qərəzli münasibəti nəticəsində tutulmasına eyham vurub: “Əvvəl 1 milyondan bir az artıq mənimsəmədə ittiham olunurdum. Sonra ittiham ağırlaşdı, dedilər ki, get, zərərçəkmiş tərəflə barış. Amma hələ də Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini anlamıram. Bir ildir ki, həbsdəyəm. Xahiş edirəm, ev dustaqlığına buraxılmağıma icazə verəsiniz”.
Fotoda: Etibar Pirverdiyev

Məhkəmə tərəfləri dinlədikdən sonra ilk qərarı açıqlayıb. Qərara əsasən, prokurorun vəsatəti əsaslı, müdafiə tərəfinin vəsatətləri əsassız sayılıb. Hakim elan edib ki, cinayət işi materiallarında hüququ şəxsin kommersiya sirləri ilə bağlı çoxsaylı məlumatlar var. Belə olan halda məhkəmə araşdırması qapalı keçirilməlidir.
Tərəflərin birgə razılığı ilə cinayət işi baxışa verilib. Qapalı məhkəmə istintaqı iyulun 27-si başlayacaq.
Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Piriverdiyevə bağlı olduğu bilinir. Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. 2022-2023-cü illərdə şirkətin idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub. Sonradan isə eyni şirkətin Müşahidə Şurasının sədri işləyib.