Gərginlik artır: Bəndər-Abbas tamamilə təcrid olunub
ABŞ-nin İranın nəqliyyat infrastrukturuna endirdiyi zərbələrdən sonra ölkənin ən strateji liman terminalının yerləşdiyi, təxminən yarım milyon əhalisi olan Bəndər-Abbas şəhəri faktiki olaraq təcrid vəziyyətinə düşüb.
Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ son bir həftə ərzində İranı Hörmüz boğazına nəzarətdən imtina etməyə məcbur etmək məqsədilə təzyiqi artıraraq ölkənin cənub bölgələrinə zərbələr endirib. Bildirilir ki, hazırda əsas diqqət cənub limanlarını ölkənin digər hissələri ilə birləşdirən nəqliyyat marşrutlarına yönəlib.
Məlumata əsasən, ABŞ Silahlı Qüvvələri son günlər xüsusilə Hörmüzqan vilayətində yerləşən körpü və dəmir yolu xətlərini hədəfə alır. Bu hücumlar nəticəsində Bəndər-Abbasa gedən əsas nəqliyyat yollarının fəaliyyəti məhdudlaşıb. Məqalədə vurğulanır ki, bu addımlar hərbi və mülki obyektlərin fərqləndirilməsini tələb edən Cenevrə konvensiyalarının pozulması kimi qiymətləndirilə bilər.
Qeyd olunur ki, Bəndər-Abbas Hörmüz boğazının ən dar hissəsindən cəmi 60 kilometr məsafədə yerləşir. İranın sənaye avadanlıqları və istehlak malları idxalının 50 faizdən çoxu, həmçinin xam neft ixracının 90 faizdən artıq hissəsi bu liman vasitəsilə həyata keçirilir. "Al Jazeera"nın məlumatına görə, şəhərin strateji coğrafi mövqeyi İran rəhbərliyinə ABŞ sanksiyalarını qismən aşaraq neft ixracını davam etdirməyə imkan yaradır.
Şəhərin yaxınlığında, həmçinin Hörmüz boğazına nəzarət baxımından mühüm əhəmiyyət daşıyan İranın əsas hərbi dəniz bazası yerləşir.
Pentaqonun keçmiş rəsmisi Maykl Rubin hesab edir ki, Donald Tramp administrasiyası Bəndər-Abbasın ölkənin qalan hissəsi ilə əlaqəsinin kəsilməsinin həyati əhəmiyyət daşıyan dəniz marşrutuna nəzarətin təmin olunmasında əsas amillərdən biri olduğuna getdikcə daha çox inanır.