📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Göyçə Mahalı İnşaat" MMC-dən VƏTƏNDAŞA QARŞI FIRILDAQ

2023-09-26 10:47:36

Samir Qulusoy: "Şirkət Mehdiabad qəsəbəsində 2.5 sot torpaq üzərində sahəsi 80 kvadratmert olan 1 mərtəbəli, 3 otaqlı evi 2 ay müddətinə tikib bizə təhvil verməli idi, lakin 1 ildən artıqdır ki, bizi aldadır, nə evi tikir, nə də verdiyimiz pulu qaytarır"

"Dedilər ki, Rəşad Hidayət oğlu Zeynalovu axtarışa vermişik, ölkədən çıxışına qadağa qoyulub, ancaq buna baxmayaraq, hələ də konkret nəticə əldə olunmayıb, hər dəfə bir bəhanə gətirirlər"

Bugünlərdə "Hürriyyət"ə müraciət edən Samir Tahib oğlu Qulusoy atasının "Göyçə Mahalı İnşaat" MMC tərəfindən aldadıldığını və nəticədə 10 min ABŞ dolları dəyərində maddi ziyana məruz qaldıqlarını bildirib. 

Şikayətçinin sözlərinə görə, atası Tahib Əsəd oğlu Quliyev 06.02.2022-ci il tarixdə adıçəkilən MMC ilə təmir xidmətlərinin göstərilməsi haqqında rəsmi qaydada müqavilə bağlayıb, lakin qarşı tərəf bu günədək müqavilə şərtlərinə əməl etmir, müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırır: "Atam ötən ilin fevral ayının 6-da "Göyçə Mahalı İnşaat" MMC ilə müqavilə bağlamışdı. Həmin müqavilənin şərtlərinə görə, şirkət Mehdiabad qəsəbəsində 2.5 sot torpaq üzərində sahəsi 80 kvadratmert olan 1 mərtəbəli, 3 otaqlı evi 2 ay müddətinə tikib bizə təhvil verməli idi. Bizsə bunun qarşılığında "Göyçə Mahalı İnşaat" MMC-yə ümumilikdə 34 min manat ödəməli idik. Qeyd edim ki, biz ilkin məbləğ kimi 10 min dollar (17 min manat-red.), yəni müqavilə şərtlərinə görə ödəməli olduğumuz məbləğin yarısını MMC-nin yetkili şəxsi Rəşad Hidayət oğlu Zeynalova verdik. Əlimizdə bunu təsdiq edən zəruri faktlar, video görüntülər mövcuddur. Bir məqamı da qeyd edim ki, Rəşad Zeynalov əvvəllər Fövqəladə Hallar Nazirliyində sürücü vəzifəsində çalışıb. Bildiyim qədər daha sonra Sərhəd Qoşunlarında sürücü kimi işə başlayıb. Beləliklə, pulu verdiyimiz vaxtdan 2 ay keçdikdən sonra tikintinin necə getdiyini, hansı mərhələdə olduğunu öyrənmək istədikdə məlum oldu ki, MMC-nin qeyd etdiyim evi tikib təhvil vermək niyyəti yoxdur. Bundan sonra müəyyən bəhanələr gətirərək gecikdirmələr oldu. Beləcə, qarşı tərəf əsassız bəhanələr gətirərək, 1 ildən artıqdır ki, bizi aldadır, nə evi tikir, nə də verdiyimiz pulu qaytarır".

"Göyçə Mahalı İnşaat" MMC tərəfindən aldadıldıqlarını yəqin etdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyən Samir Qulusoy qeyd edib ki, bunun da heç bir faydası olmayıb: "Artıq iki ilə yaxındır ki, üzləşdiyimiz problemin həllinə nail olmamış, MMC-nin yetkili şəxsi Rəşad Hidayət oğlu Zeynalov tərəfindən bizə vurulan ziyanın qarşılanmasını təmin edə bilməmişik. Onu da nəzərinizə çatdırım ki, "Göyçə Mahalı İnşaat" MMC tərəfindən həmin ev bizimlə yanaşı, bir neçə şəxsə satılıb. Bu gün həmin ev tikilib hazır vəziyyətdədir. Əlimizdə buna dair foto görüntülər də var. Evin üzərində isə satışa çıxarıldığına dair elan qeyd olunub. Halbuki, həmin ev bağlanmış müqaviləyə əsasən bizə təhvil verilməli idi. Ancaq bizə nə ev verilir, nə də ödədiyimiz 10 min dollar geri qaytarılır. Hazırda həmin evi Kəmalə adlı xanım satışa çıxarıb. O, bizə deyib ki, Rəşadla (Söhbət "Göyçə Mahalı İnşaat" MMC-nin yetkili şəxsi Rəşad Hidayət oğlu Zeynalovdan gedir-red.) iş görmüşəm və onun mənə borcu olduğuna görə artıq ev mənimdir. Buna görə də məsələni aydınlaşdırmaq üçün dəfələrlə Rəşadla əlaqə saxlamağa çalışsaq da, bu da mümkün deyil, əlaqə nömrələrinə zəng çatmır. İndiyədək "Borcunu qaytaracam", "Bir qədər səbrli ol, yaxşı olacaq" kimi vədələr versə də, artıq onunla əlaqə qura bilmirik. Bununla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə, həmçinin Abşeron Rayon Polis İdarəsinə müraciət etmişik. Polis orqanından verilən məlumatda deyilir ki, bu işdə bir neçə nəfər zərərçəkmiş şəxs olduğuna görə, onların hamısının şikayət ərizəsi toplanıb və Hərbi Prokurorluğa təqdim olunub. Mən bu işlə bağlı Hərbi Prokurorluqda da olmuşam və orda da ərizə yazmışam. Dedilər ki, Rəşad Hidayət oğlu Zeynalovu axtarışa vermişik, ölkədən çıxışına qadağa qoyulub. Lakin buna baxmayaraq, hələ də konkret nəticə əldə olunmayıb, hər dəfə bir bəhanə gətirirlər. Odur ki, sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan pozulmuş hüquqlarımın bərpa olunmasında, "Göyçə Mahalı İnşaat" MMC-nin yetkili şəxsi Rəşad Hidayət oğlu Zeynalov tərəfindən bizə dəymiş ziyanın ödənilməsində yardım etmələrini xahiş edirəm".

"Hürriyyət"

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.