📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“HƏRƏ DEYİR Kİ, MƏN QALİBƏM" - Saxta qalibləri Azərbyacan cəmiyyətinə kim sırıyır?

2026-06-01 11:04:25

“HƏRƏ DEYİR Kİ, MƏN QALİBƏM

Dünya olduqca maraqlı və maraqlı olduğu qədər də təhlükəli hərbi-siyasi tarix yaşayır. Beynəlxalq hüquq və BMT faktiki süquta uğrayıb, ən böyük dövlətlərin başında qeyri-adekvat, psixi durumu şübhə doğuran, bəşəriyyətin gələcəyinə görə məsuliyyət hissi daşımayan və buna qadir olmayan onurğasız “liderlər” oturub.

Bir tərəfdə açıq-aşkar işğalçılıq müharibəsi gedir, digər yanda ölkə başçısı “yatağından oğurlanır”, başqa bir tərəfdə 90 milyonluq dövlətin Ali lideri evində raket zərbəsilə qətlə yetirilir, o biri yanda dünyanın enerji arteriyası olan körfəz bağlanır və bütün dünya yığılıb onu aça bilmir və sair…

Heç bir hüququn işləmədiyi beynəlxalq aləmdə az qala hamı bir-birinə düşməndir, bir-birilə savaşır, bir-birindən təhlükə, zərbə gözləyir. Və ən maraqlısı da odur ki, bu qaynar savaşda iştirak edən bütün əsas oyunçular özlərini “qalib” elan edirlər. Bunu Azərbaycan Prezidenti də son çıxışlarının birində deyib: “Müharibələr yan-yörəmizi əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə. Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm".

Bəli. Ətrafda hamı özünü qalib elan edir. HƏMAS İsrailə, İsrail HƏMAS-a, Rusiya Ukraynaya, Ukrayna Rusiyaya, ABŞ İrana, İran ABŞ-yə, Hindistan Pakistana, Pakistan Hindistana və s. “qalib gəlir”. Tramp, Putin, Netanyahu, Xamenei – hər kəs “qalibdir”. Bəs məğlub kimdir? Məğlub isə bəşəriyyət, insanlıq, mərhəmət, mənəvi dəyərlər, haqq, ədalət, beynəlxalq düzən və hüquqdur!

 

 

Məsələ ondadır ki, müasir dünyada qalibləri döyüş meydanındakı əsgərdən daha çox sifariş yerinə yetirən siyasi texnoloqlar, politoloqlar, təbliğatçılar, media təyin edir. Hərənin öz mediası, təbliğatı, politoloqu var və bütün tərəflər asanlıqla öz “qələbəsini” elan edə və “əsaslandıra” bilir. Bu zaman bəziləri hətta real hərbi, siyasi, iqtisadi qarşıdurmadan sadəcə sağ çıxmağı, sağ qalmalarını belə “tarixi qələbə” kimi qəbul etdirməyə çalışırlar…

ABŞ İranın Ali dini liderini, onunla birgə hərbi-siyasi rəhbərliyinin böyük hissəsini, eləcə də hərbi dəniz donanmasını məhv etməsini, ölkənin nüvə potensialına ağır zərbə vurmasını, ölkənin hava məkanını faktiki olaraq nəzarətə götürməsini qələbə kimi qələmə verir. İranın həyatda qalan rəhbər şəxsləri isə ölkənin rəsmən kapitulyasiya etməməsini, hakim rejimin dəyişməməsini, 3-5 ərəb ölkəsini raket və PUA təhlükəsi altında, Hörmüz körfəzini isə dron zərbələrilə bağlı saxlamasını qələbə hesab edir və elan edir.

Eyni mənzərə Ukraynadakı müharibəyə və digər münaqişələrə də aiddir. Bütün bu “qaliblər”in hərəsinin öz həqiqəti var. Ancaq bütün bu “qələbələr” olduqca mübahisəli, yarımçıq və qüsurludur…

Ən yeni dünya tarixinin son dövrlərində yeganə mübahisəsiz, parlaq, həqiqi və tam qələbə Azərbaycanındır! 44 günlük savaşda, daha sonra 23 saatlıq hərbi əməliyyatda əldə edilən tam QƏLƏBƏ! Ölkə başçısı da yuxarıda qeyd etdiyimiz çıxışında məhz bunu nəzərdə tutur…

 

 

Ancaq narahatlıq yaradan Azərbaycanda öz qələbəmizi “unudub”, onun üzərinə kölgə salmağa çalışan, Azərbaycan əsgərinin qəhrəmanlığını “görməyib”, qələbəmizi gah şimalın, gah cənubun, gah da daha haraların ayağına yazanlar var. Lakin Azərbaycan əsgərinin qəhrəmanlığını hansısa kənar siyasi məsələlərə, qüvvələrə, beynəlxalq konyuktura və s. bağlamq xəyanətə bərabərdir. Arxasında sifarişli din məzhəbçiliyi, İran, Rusiya, ABŞ, İsrail və s. “sevdalılığı” olan bu şəxslər və qüvvələr indi də gah İranı, gah Rusiyanı, gah da digərlərini “qalib” çıxarırlar. Öz gerçək, ölməz qəhrəmanlarımız qala-qala İvanı, Conu, Süleymanini, Ben-Qviri “qəhrəman” elan edirlər. Onların “qidalandığı” mərkəzlər fərqli olsa da, məqsədləri eynidir. Real döyüşdə məğlub olanlar beyinlərdə qalib gəlməyə çalışırlar. Məqsəd hər zaman bu torpaqlara sahiblik etmək üçün hər cür çirkin siyasi oyunlar aparan, xüsusilə də imperiya siyasəti yürüdən şimalın və cənubun maraqlarını təmin etmək, onları topluma “qalib” kimi sırımaq və bununla da regionumuzun, ölkəmizin gələcək taleyini bu “qaliblərə” bağlamaqdır.

Azərbaycanda İranın olmayan “qələbəsini” bilərəkdən, yaxud bilmədən ideallaşdırmaq, romantikləşdirmək də, Rusiyanın Ukraynadakı işğalına haqq qazandırıb, Moskvanın olmayan “qələbəsini” qaçılmaz kimi təqdim etmək də Azərbaycanın maraqlarına ziddir! Faktiki olaraq, bu dövlətlər özünü qonşularına daha güclü qlobal güclərlə qarşıdurmada qalib kimi qəbul etdirir və bu, onların gələcək regional davranışını da dəyişməsinə, qonşulara qarşı yuxarıdan aşağı münasibətə, təzyiq və təhdidə hesablanır. Bölgədəki kiçik və orta ölçülü dövlətlər üçün bu, çox həssas və təhlükəli bir vəziyyət yaradır…

Odur ki, xüsusilə də bizim regionda "qələbə" anlayışına çox ehtiyatla yanaşmaq lazımdır və unutmaq lazım deyil ki, yeganə əsl, haqlı, ədalətli və sonadək sahib çıxmalı olduğumuz qələbə bizim qələbədir!