📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hüseynbala Mirələmov “Ruhum gözlərini yum…”, dedi - FOTOLAR

2026-07-04 18:49:00

Hüseynbala Mirələmov “Ruhum gözlərini yum…”, dedi - FOTOLAR

Yazıçı-dramaturq, texnika elmləri doktoru Hüseynbala Mirələmovun yeni qələmə aldığı “Ruhum gözlərini yum…”, “Eşqin rəngləri” və “Bəyaz buludlar üstdə” kitablarının təqdimat mərasimi keçirilib.

Hurriyyet.info xəbər verir ki, iyulun 1-də baş tutan tədbiri giriş sözü ilə akademik Nizami Cəfərov açıb.

O, Hüseynbala Mirələmovun Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq dəst-xəttinə malik müəllif olduğunu bildirib. Akademik qeyd edib ki, yazıçının yeni əsərlərində insanın mənəvi aləmi, vicdanı, sevgi hissi və həyat qarşısındakı məsuliyyəti fərqli bədii yanaşma ilə təqdim olunur.

Nizami Cəfərov vurğulayıb ki, Hüseynbala Mirələmov yaradıcılığında mənəvi dəyərlərə hər zaman xüsusi yer verib və yeni əsərlərində də bu mövzuları insanın daxili mübarizəsi, seçimləri və həyat fəlsəfəsi ilə əlaqələndirib.

Təqdimat mərasimində Anar, Çingiz Abdullayev, Sabir Rüstəmxanlı, Rəşad Məcid, millət vəkilləri Ziyad Səmədzadə və Eldar İbrahimov, eləcə də digər tanınmış elm, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Hüseynbala Mirələmovun yaradıcılığının çoxşaxəliliyi, mövzu rəngarəngliyi və vətəndaş mövqeyi yüksək qiymətləndirilib. Qeyd olunub ki, müəllifin əsərləri dünyanın 50-dən artıq ölkəsində nəşr olunaraq oxucuların marağına səbəb olub.

Mərasimdə yazıçının son kitabları ilə bağlı geniş elmi məruzə də dinlənilib. Daha sonra Kazım Həsənquliyev müəllifin əsərlərindən birindən monoloq ifa edib. Tədbir yeni nəşrlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, “Ruhum gözlərini yum…” romanı süni intellekt, texnoloji inkişaf və insanın mənəvi taleyi kimi müasir dövrün aktual mövzularını fəlsəfi müstəvidə əks etdirir. “Eşqin rəngləri” insan qəlbinin incə duyğularını, sevginin müxtəlif çalarlarını və onun mənəvi kamilləşdirici gücünü psixoloji-fəlsəfi baxımdan təqdim edir. “Bəyaz buludlar üstdə” əsərində isə həyatın mürəkkəb sınaqları və əxlaqi dəyərlər bədii-fəlsəfi müstəvidə işıqlandırılır.