📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İbrahim Janlıel: "AZAL ilə tərəfdaşlıq və Bakı vasitəsilə tranzitin artırılması potensialını qiymətləndiririk" - MÜSAHİBƏ

2026-07-10 19:11:29

İbrahim Janlıel:

Müasir Avrasiya logistika arxitekturası zamanla daha aydın şəkildə hava və quru marşrutlarının sinerjisinə əsaslanır. Burada Xəzər regionu Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Transkontinental tranzitin sürətlə artdığı və Orta Dəhlizin intensiv inkişaf etdiyi şəraitdə Qazaxıstan və Azərbaycan Asiya ilə Avropanın ən böyük bazarlarını birləşdirən makroregionun vahid aviasiya infrastrukturunu formalaşdırır. Marşrut şəbəkələrinin sinxronlaşdırılması, milli daşıyıcılar arasında kod-şerinq tərəfdaşlığının dərinləşdirilməsi, daşıma tutumlarının genişləndirilməsi və qlobal ekoloji çağırışlara xüsusilə də dayanıqlı aviasiya yanacağının (SAF) tətbiqi istiqamətində birgə cavab verilməsi - Mərkəzi Asiya və Qafqazın nəqliyyat ekosisteminin uzunmüddətli dayanıqlılığının əsas drayverlərinə çevrilir.

"Air Astana" şirkətlər qrupunun baş icraçı direktoru (CEO) İbrahim Janlıel "Report"a eksklüziv müsahibəsində "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə strateji tərəfdaşlıq, mülki aviasiyanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafındakı rolu və dekarbonizasiya perspektivləri barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- "Air Astana" uzun illərdir uğurla Qazaxıstan və Azərbaycan arasında hava əlaqəsini təmin edir. Son ildə iki ölkə arasındakı sərnişin axınının dinamikasını necə qiymətləndirirsiniz? Aviaşirkət uçuşların tezliyinin artırılması və ya Azərbaycana yeni istiqamətlər üzrə reyslərin açılması imkanını nəzərdən keçirirmi?

- Biz Qazaxıstan və Azərbaycan arasında hava əlaqəsinin inkişafında böyük potensial görürük. Bu, təkcə ölkələrimiz arasındakı artan iqtisadi əlaqələrlə deyil, həm də marşrut şəbəkəmizin fəal inkişafı ilə əlaqədardır.

Bu gün "Air Astana" və onun törəmə şirkəti "FlyArystan" Mərkəzi Asiya və Qafqaz istiqamətləri üzrə həftədə təxminən 100 reys həyata keçirir. Biz Çinə həftədə 51 reys, Cənubi Koreyaya - 11-dən çox reys, Tailanda - hər gün 2-dən çox reys həyata keçiririk, qış mövsümündə isə uçuş tezliyi gündə dörd reysə çata bilər. Dehliyə də biz gündə 2 dəfə uçuruq.

Bütün bunlar həm birbaşa, həm də tranzit sərnişin axını üçün əhəmiyyətli potensial yaradır. Bu il artıq "Air Astana" və "FlyArystan" marşrutlarında daşıma tutumunu artırmışıq və bu işi davam etdirmək niyyətindəyik. Təkcə cari ilin mart ayında tranzit daşımalarının həcmi 158 % artıb və biz, xüsusilə Qazaxıstan vasitəsilə Asiyada yeni istiqamətlərin açılması ilə bu göstəricinin daha da artacağını gözləyirik.

- "Air Astana" Azərbaycana yeni marşrutların açılması imkanını nəzərdən keçirirmi?

- Biz müxtəlif variantları təhlil edirik. Hazırda ən cəlbedici və perspektivli istiqamət Bakıdır. Bununla yanaşı, tələbat artdıqca və müvafiq bazar imkanları yarandıqca, biz Azərbaycandakı digər istiqamətləri də nəzərdən keçirməyə hazırıq.

- Bakı iri beynəlxalq aviasiya habı kimi fəal şəkildə inkişaf edir. Asiya, Avropa və Yaxın Şərq arasında səyahət edən sərnişinlər üçün rahat tranzit marşrutlarının yaradılması baxımından "Air Astana" ilə AZAL arasında daha sıx əməkdaşlıq potensialı görürsünüzmü?

- Əlbəttə. "Azərbaycan Hava Yolları" bizim tərəfdaşımızdır və aviaşirkətlərimiz arasında reyslərin birgə istismarı (kod-şerinq) haqqında saziş qüvvədədir.

Biz AZAL-ı etibarlı tərəfdaş kimi yüksək qiymətləndiririk və aviaşirkətin xidmət standartlarının yüksəldilməsi, eləcə də marşrut şəbəkəsinin inkişafı istiqamətində gördüyü genişmiqyaslı işi təqdir edirik. Əminik ki, istər Qazaxıstanla Azərbaycan arasındakı marşrutlarda, istərsə də tranzit daşımalarının təşkilində əməkdaşlığın daha da genişləndirilməsi potensialı olduqca böyükdür.

Azərbaycan qərb istiqamətinə uçuşlar üçün güclü hab rolunu oynayır, marşrut şəbəkəmiz isə əsasən Şərq və Cənub-Şərqi Asiyaya yönəlib. Məhz bu qarşılıqlı tamamlayıcılıq tranzit trafikinin inkişafı üçün yaxşı imkanlar yaradır. Biz AZAL ilə əməkdaşlığımızı bundan sonra da inkişaf etdirməyi, uçuşların tezliyini artırmağı və hər iki aviaşirkətin Qazaxıstan və Azərbaycanda xidmət göstərdiyi istiqamətlər şəbəkəsini genişləndirməyi nəzərdə tuturuq.

- Bu gün Azərbaycan və Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhlizin) inkişafında əsas rol oynayır. Bu layihə "Air Astana" üçün hansı imkanları açır və aviaşirkət Bakı vasitəsilə sərnişin və yük daşımalarının həcmini artırmağı planlaşdırırmı?

- Həm Qazaxıstan, həm də Azərbaycan Orta Dəhlizin inkişafında mühüm rol oynayır və biz bu layihəni gələcək artımın əsas amillərindən biri kimi dəyərləndiririk.

Bir az əvvəl qeyd etdiyim kimi, bu gün biz Çinə həftədə 51 reys həyata keçiririk, halbuki bir il əvvəl bu rəqəm 23 idi. Beləliklə, il ərzində uçuş tezliyi 120 %-dən çox artdı. Bu reyslər Mərkəzi Asiya və Qafqaz üzrə 100-dən çox həftəlik reysi özündə birləşdirən şəbəkəmizlə inteqrasiya edilib.

Biz əminik ki, Orta Dəhlizin inkişafı "Air Astana" qrupu üçün həm tranzit daşımaları, həm də marşrut şəbəkəsinin daha da genişləndirilməsi baxımından hüdudsuz imkanlar açır. Ona görə də biz bu istiqamətdə fəaliyyətimizi bundan sonra da genişləndirmək niyyətindəyik.

- Azərbaycan "yaşıl iqtisadiyyat"ın inkişafına və nəqliyyat sektorunun dekarbonizasiyasına böyük əhəmiyyət verir. "Air Astana" ekoloji təmiz aviasiya yanacağının (SAF) tətbiqi və birgə ekoloji təşəbbüslərin həyata keçirilməsi sahəsində Azərbaycanla əməkdaşlıq imkanını nəzərdən keçirirmi?

- Biz ekoloji təmiz aviasiya yanacağından istifadənin inkişafını tam dəstəkləyirik və aviaşirkət olaraq onun geniş şəkildə tətbiqində maraqlıyıq. Lakin anlamaq lazımdır ki, daşıyıcılar bu cür yanacağın istehsalçıları deyil, istehlakçılarıdır. Düşünürəm ki, bu, AZAL-a da aiddir.

Qazaxıstanda biz artıq milli neft şirkəti və onun aviasiya bölməsi ilə SAF istehsalının təşkilinə yönəlmiş birgə layihələr həyata keçiririk.

Bizim üçün həm də bu yanacağın Azərbaycan da daxil olmaqla bütün marşrut şəbəkəmiz boyu əlçatan olması zəruridir. Bu səbəbdən biz bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığa açığıq, həmçinin SAF-dən istifadəyə mərhələli keçidə sadiq olduğumuzu təsdiqləyirik.