📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki türk dövlətinin Xəzərdə nəhəng HAZIRLIĞI

2026-07-09 10:22:11

İki türk dövlətinin Xəzərdə nəhəng HAZIRLIĞI

"Özbəkistan Xəzər dənizində Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır".

Bunu Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib. Rəsmi Daşkəndin təşəbbüsü çərçivəsində, həmçinin "Uztemiryulkarqo" ASC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında birgə müəssisənin yaradılması nəzərdə tutulur.

Bildirilir ki, bu addımlar Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyinin artırılmasına və logistika imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Azərbaycan və Özbəkistanın Xəzərdə birgə donanma yaratmaq təşəbbüsü Orta Dəhlizin inkişafına və Türk dövlətləri arasında iqtisadi inteqrasiyaya hansı töhfəni verəcək? Bu layihə Xəzər hövzəsində nəqliyyat-logistika balansına və regional əməkdaşlığa necə təsir göstərə bilər? Birgə donanmanın yaradılması Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və strateji əməkdaşlığın yeni mərhələsinin başlanğıcı sayıla bilərmi?

"Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin rəhbərliyi altında iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə tamamilə yeni, strateji müttəfiqlik mərhələsinə qədəm qoymuşdur. Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayevin Xəzər dənizində Azərbaycanla birgə donanmanın yaradılması və "Uztemiryulkarqo" ASC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) arasında birgə müəssisənin təsis edilməsi barədə verdiyi son açıqlama bu müttəfiqliyin əməli müstəvidə nə qədər dərinləşdiyini bir daha sübut edir. Bu təşəbbüs sadəcə iki ölkə arasında deyil, bütövlükdə Avrasiya məkanında nəqliyyat-logistika balansını dəyişdirəcək tarixi bir hadisədir".

images (2).jpeg (25 KB)

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib . O qeyd edib ki, Azərbaycan və Özbəkistanın Xəzər dənizində birgə donanma və "Uztemiryulkarqo" ASC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında birgə müəssisə yaratmaq təşəbbüsü Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Şərqlə Qərbi birləşdirən ən təhlükəsiz və səmərəli arteriyaya çevrilməsini sürətləndirəcək, dənizə birbaşa çıxışı olmayan Özbəkistan üçün Xəzəri qlobal bazarlara açılan əsas qapı edəcək, eyni zamanda marşrut üzrə yükdaşımaların sürətlənməsinə, bürokratik maneələrin, eləcə də logistik xərclərin minimuma endirilməsinə və vahid tarif sisteminin formalaşmasına birbaşa xidmət edəcəkdir.

Deputat qeyd edib ki, iki böyük türk dövlətinin Xəzərdə birgə donanma ilə çıxış etməsi regiondakı nəqliyyat-logistika balansını tamamilə yeniləyərək bölgədə sülhün, sabitliyin və iqtisadi rifahın qarantı rolunu oynayacaq, rəqabətədavamlı ekosistem sayəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının geostrateji mövqeyini möhkəmləndirəcək və bu tarixi layihə Türk Dövlətləri Təşkilatının "Türk Dünyası Baxışı - 2040" sənədindəki hədəflərə uyğun olaraq, TDT daxilində sadəcə siyasi-mədəni deyil, həm də dərin iqtisadi və geostrateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı olmaqla, gələcəkdə Qazaxıstan və Qırğızıstan kimi digər üzv dövlətlərin də bu prosesə qoşulmasına zəmin yaradaraq türk dünyasını qlobal ticarət yollarında sadəcə keçid məntəqəsi deyil, əsas söz sahibi və idarəedici qüvvəyə çevirəcəkdir".

K.Bayramov əlavə edib ki, Azərbaycan və Özbəkistanın bu möhtəşəm hazırlığı birmənalı olaraq regionun gələcəyinə yatırılmış ən böyük kapitaldır və regional əməkdaşlığın lokomotivi rolunda çıxış edən Azərbaycanın bu cür irimiqyaslı layihələri həm ölkəmizin qeyri-neft sektorunun inkişafına, həm də beynəlxalq logistik qovşaq kimi statusunun tam təsdiqinə misilsiz töhfələr verəcək, eyni zamanda qardaş Özbəkistanla birgə atılacaq bu tarixi imza hər iki xalqın və bütövlükdə türk dünyasının rifahına xidmət edəcəkdir".